Kəmaləddin Heydərov Ağcabədidə qəbul keçirib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov martın 17-də Ağcabədi şəhərində bölgə vətəndaşlarını qəbul edib.
Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçirilən, nazirliyin müvafiq icra strukturu rəhbərlərinin də iştirak etdikləri qəbulda Ağcabədi, Beyləqan, Füzuli, Xocavənd rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılıb.
Hər bir müraciət diqqətlə dinlənilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.
Qəbulda Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və bununla əlaqədar vətəndaşlar arasında ətraflı izahat aparılıb.
Qəbula gələn vətəndaşlar nazirlə birbaşa görüş üçün yaradılmış şəraitdən razılıqlarını bildirib və bölgələrdə bu cür qəbulların təşəbbüskarı Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
933 dəfə oxundu