“Heç bir yağlı tikədən söhbət gedə bilməz” MÜSAHİBƏ

“Heç bir yağlı tikədən söhbət gedə bilməz”

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyevin Moderator.az-a müsahibəsini təqdim edirik:

-Cəmiyyətdə və təhsil ictimaiyyəti arasında belə bir qənaət vardı ki, təhsildəki çeşidli problemlər “Təhsil haqqında” Qanunun qəbul olunmamasından qaynaqlanır. Amma bu qanunun qəbul olunmasından sonra da vəziyyət yaxşılığa doğru dəyişmədi. O zaman sual yaranır, təhsilimizin inkişafını tormozlayan əngəllər hansılardır?

- Əvvəla, bu fikirlə razılaşa bilmərəm. “Təhsil haqqında” Qanunun qəbul olunmasından sonra təhsilin bütün pillələrində və səviyyələrində yaxşılığa doğru çox ciddi dəyişikliklər baş vermiş, islahatlar daha da dərinləşmiş və bu sahədə işlər bu gün də davam etməkdədir. Ən başlıcası, Azərbaycan təhsilinin müasir standartlara cavab verən mükəmməl qanunvericilik bazası yaradılmışdır. Artıq bu sferada baş verən bütün proseslər və münasibətlər yalnız qanun müstəvisində tənzimlənir. Əvvəllər siz jurnalistlərin də daim tənqid hədəfində olan və bütün cəmiyyəti narahat edən bir cox məsələlərə, xüsusilə qeyri-qanuni fəaliyyət göstərən institutlar, onların filialları ilə bağlı yaranan xoşagəlməz hadisələrə, neqativlərə, eləcə də onlarla digər, məhz qanun boşluğu ilə bağlı olan problemlərə birdəfəlik son qoyuldu. “Təhsil haqqında” Qanunun milli təhsilimizin inkişafında rolunu və yerini düzgün təsəvvür etmək üçün yalnız onu demək kifayətdir ki, bu Qanunun tətbiq edilməsi və icrasının təmin edilməsi məqsədilə 10-dan çox Prezident fərmanı və sərəncamları imzalanmış, Nazirlər Kabinetinin 80-ə qədər xüsusi qərarları hazırlanaraq qəbul edilmişdir. Bütün bunlar onu göstərir ki, “Təhsil haqqında” Qanunun qəbul edilməsi bütövlükdə təhsil sistemimizin təşkili, idarə edilməsi və tənzimlənməsini tamamilə yeni hüquqi müstəvidə həyata keçirilməsini təmin etmişdir.
Təhsilimizin inkişafını tormozlayan əngəllər barədə danışmazdan əvvəl istərdim ki, təhsilin problemləri ilə qanunvericilik qarışdırılmasın. Yalnız bir istisna ola bilər - yaranan problem qanun boşluğu səbəbindən qaynaqlanırsa. Təhsil elə bir dinamik inkişaf edən, dəyişən və yeniləşməni tələb edən sahədir ki, orada problemlərin tam həll olunmasından, ideallıqdan danışmağa dəyməz. Cəmiyyət inkişaf etdikcə yeni tələblər, çağırışlar və meyllər yaranır ki, bu da öz növbəsində tamamilə yeni vəzifələr qarşıya qoyur və müxtəlif obyektiv və subyektiv problemlər meydana çıxarır və onların həlli üçün təbii ki, yeni yollar, metodlar və vasitələr tələb olunur. Bir sözlə, bunlar təhsilin bilavasitə inkişafı ilə, onun modernləşməsi ilə bağl olan problemlərdir ki, onları perspektiv vəzifələr kimi də dəyərləndirmək olar. Sizi yəqin ki, daha çox maraqlandıran məhz, bu gün təhsilimizdə olan çatışmazlıqlar, neqativlər və onları doğuran səbəblərdir. Açıq desək, bütün bunlar barəsində Azərbaycan ictimaiyyəti lazım olduğu qədər məlumatlıdır. Ona görə də bu haqda geniş danışmağa ehiyac duymuram. Əsas olan odur ki, istər bütövlükdə təhsil sistemi üçün, istərsə də təhsilin ayrı-ayrı pillə və səviyyələri üçün xarakterik olan bu problemlərin həlli istiqamətində Təhsil Nazirliyi tərəfindən ardıcıl və məqsədyönlü işlər həyata keçirilməkdədir. Məsələn, əgər söhbət ümumi orta təhsil pilləsindən gedirsə, burada bütün səviyyələr üzrə yeni tədris kurrikulumlarının tətbiqinin tam başa çatdırılması, müəllimlərin attestasiyasının yekunlaşdırılması, məktəblərin savadlı, təcrübəli və peşəkar pedaqoji kadrlarla təminatının əsaslı surətdə yaxşılaşdırılması (xüsusilə kənd yerlərində), dərslik və dərs vəsaitlərinin keyfiyyətinin yüksəldilməsi, savadlı və müasir düşüncəli gənclərin pedaqoji təhsilə cəlb edilməsinin stimullaşdırılması, müəllimlərin sosial təminatının yaxşılaşdırılması, təhsildən yayınmaların və repititorluq fəaliyyətinin aradan qaldırılması, tam orta təhsilin təmayülləşdirilməsi, yararsız məktəb binalarının yenidən qurulması və yeni məktəb binalarının inşası və s. istqamətlərdə aparılan işləri göstərmək olar.

-Elm və təhsil komitəsində hal-hazırda hansı qanun layihələri üzərində iş aparılır?

- Bildiyiniz kimi, “Elm haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi artıq Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirədən keçmiş və yaxın günlərdə ikinci oxunuşa təqdim ediləcəkdir. Bununla yanaşı, Milli Məclisin Elm və təhsil komitəsində “Məktəbəqədər təhsil”, “Ümumi orta təhsil” və “Ali təhsil” haqqında qanun layihələrinin hazırlanması üzrə işçi qrupları yaradılmış və hazırda həmin qanun layihələri üzərində iş aparılır.

-Sovet təhsil sistemindən imtina etməyin fəsadlarını yaşayırıq, yeni təhsil sistemini də qura bilmədiyimiz ortada. Axı yaşlı və orta nəsil aldığı yüksək təhsilə və əldə etdiyi elmi uğurlara görə sovet təhsil sisteminə borcludur. Elə isə niyə biz yeni təhsil qanunvericiliyində bu sistemin yaxşı xüsusiyyətlərindən bəhrələnmədik?

- Niyə də bəhrələnməyək? Əksinə, "Təhsil haqqında" Qanunu hazırlayarkən, sovet təhsil sisteminin ən yaxşı cəhətlərinin və ənənələrinin saxlanılması üçün mümkün olan hər şeyi etmişik. Bunların əksəriyyətini təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri kimi müəyyənləşdirmişik. Lakin iyirmi birinci əsrin dünya təhsil sistemi tamamilə başqa fundamental əsaslara, prinsiplərə, çağırışlara və təcrübəyə söykənməklə inkişaf edir. Həmin təhsil sisteminin nailiyyətləri də göz qabağındadır. Bu gün inkişaf etmiş ölkələrin dünya gəlirlərində payı 80%- qədərdir, bu ölkələr çox yüksək rifaha və rəqabət qabiliyyətinə malikdirlər, iqtisadi, hərbi və siyasi güc mərkəzləridir, ən böyük kəşflər, müasir texnologiyalar və s. onlara məxsusdur ki, bütün bunların da əsasında, hər şeydən əvvəl, məhz təhsil, elm və innovasiyalar, bir sözlə, insan amili dayanır. Bu gün dünya təhsili və elmi hansı yolla gedirsə, inkişaf edirsə, biz də o yolla getməliyik, dünya təhsil məkanına inteqrasiya olunmalıyıq. Bunları nəzərə alaraq, Təhsil haqqında Qanunu hazırlayarkən biz keçmişin ən yaxşı elmi - pedaqoji ənənələrini yaşatmaq, varisliyi təmin etmək, eləcə də bu sahədə dünya ölkələrinin, xüsusilə inkişaf etmiş ölkələrin özünü tam doğrultmuş müsbət təcrübəsindən faydalanmaq və milli-mənəvi dəyərlərimizin prioritetliyini təmin etməklə, milli təhsilimizin müasir qanunvericilik bazasının yaradılmasına çalışmışıq.
Qanun qəbul olunduqdan sonra ölkədə təhsilin inkişafı sahəsində aparılan genişmiqyaslı islahatlar, yeni standartların, kurrikulumların və təhsil proqramlarının tətbiqi, yeni idarəetmə və maliyyələşdirmə sistemi, dünya və Avropa təhsil sisteminə inteqrasiya, Boloniya sisteminə qoşulma və s. əyani şəkildə göstərir ki, biz artıq müasir təhsil standartlarına cavab verən milli təhsil sistemimizi qurmuşuq və hazırda ölkədə formalaşmaqda olan yeni cəmiyyət tipinin tələblərinə uyğun olaraq, onu daha da təkmilləşdiririk.
O ki, qaldı problemlərə, bir daha qeyd etmək istərdim ki, təhsildə olan problemləri təhsil qanunvericiliyi ilə bağlamaq düzgün yanaşma deyil. Təhsil haqqında Qanun normativ-hüquqi sənəddir.

-Universitet rektorlarını çoxları haqlı olaraq "balaca padşahlar" adlandırır. Bu padşahları seçmək bu qədərmi müşkül işdir?

- Əlbəttə ki yox. İlk öncə qeyd edim ki, Təhsil haqqında Qanunda və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş müddəalar təhsil müəssisəsinin aşkarlıq, şəffaflıq və demokratiklik prinsiplər əsasında idarə edilməsini tam təmin edir və təhsil müəssisələrinin rəhbərlərinin, o cümlədən rektorların səlahiyyətlərini və məsuliyyətini dəqiqliklə müəyyənləşdirir. Eyni zamanda Qanunda nəzərdə tutulur ki, təhsil müəssisəsinin idarə оlunmasının demоkratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə təhsil müəssisəsində idarə və özünüidarə orqanları (ümumi yığıncaq, himayəçilər, elmi, elmi-metоdiki, pedaqoji, məktəb, valideynlər, təhsilalanlar, qəyyumlar şuraları və s.) yaradıla bilər. O ki, qaldı sizin dediyiniz rektorların “balaca padşahlar” adlandırılmasına, yəni bəzi universitet rektorlarının vəzifə səlahiyyətlərini aşmalarına, vəzifələrindən sui-istifadə etmələrinə, tam səmimi deyirəm ki, bu halların baş verməsinin (əgər doğrudan da varsa) onların seçilməsi və ya təyin olunması ilə elə bir bağlılığı yoxdur. Onu da əlavə edim ki, rektorlarımızın böyük əksəriyyəti Azərbaycan cəmiyyətində kifayət qədər nüfuz sahibi olan, tanınmış, qəbul olunan, təcrübəli alim və pedaqoqlardan ibarətdir.
Təhsil haqqında Qanunda təhsil müəssisələrinin rəhbərlərinin, o cümlədən rektorların seçilməsi və ya təyin olunması məsələsi mülkiyyət növündən asılı olaraq (dövlət, özəl və bələdiyyə) onların təsisçilərinin tam səlahiyyətinə aid edilmişdir. Yəni, dövlət mülkiyyətində olan ali təhsil müəssisələrinin rektorları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada seçilə də bilər, yaxud təyin oluna da bilər (özəl və bələdiyyə təhsil müəssisəsinin rəhbərləri də eyni qaydada). Hesab edirəm ki, bu yanaşma prinsipi hüquqi cəhətdən daha düzgündur.

-Təhsil naziri dəyişsə də Təhsil Nazirliyi ilə TQDK arasındakı “mehriban düşmən”çilik aradan qalxmadı. Bir-birini qəbul etməyən, bəzən hətta inkar edən bu iki qurumu birləşdirmək daha doğru olmazdımı? İnkişaf etmiş ölkələrdə bu məsələ necə çözülüb, onlardan nümunə götürmək olmazmı?


- Bu fikirlə razılaşmıram. Əksinə, deyərdim ki, burada sağlam əməkdaşlıq və rəqabət mühiti formalaşmışdır. Hər iki qurum milli təhsilimizin inkişafına xidmət edən və fərqli funksiyalara malik olan dövlət icra strukturları olduqlarına görə, onların ortaq, əlaqəli fəaliyyət sahələri də çoxdur. Belə bir şəraitdə fikir ayrılıqlarının yaranması, bəzi mübahisə, tənqid və fərqli yanaşmaların olması təbii qəbul olunmalıdır. Hesab edirəm ki, əlaqəli fəaliyyət sahələrində problemlərin üzə çıxarılması, onların həlli istiqamətində hər iki tərəfin təkliflər irəli sürməsi, təşəbbüskarlıq nümayiş etdirməsi, koordinasiya, birgə əməkdaşlıq və nəzarət etmələri ümumi işin xeyrinədir.
Bu qurumların birləşdirilməsi məsələsinə gəlincə, dünyada müxtəlif yanaşmaların mövcud olmasına baxmayaraq, bu günkü reallıqları nəzərə alaraq onların birləşdirilməsini birmənalı olaraq düzgün hesab etmirəm.

-Müəllimlərin yalnız bir qisminin şəffaflığı şübhə doğuran müsabiqələrdən keçməklə maaşlarının artırılması təhsil ictimaiyyətinin qınağına səbəb olub. Bunu çoxları ayrı-seçkiliyin yeni forması kimi qəbul edir. Bütövlükdə təhsil işçilərinin əmək haqlarının artırılması gözlənilmir deyəsən. Əslində təhsildəki rüşvətin səbəbini bunda axtarmaq doğru deyilmi?

- Təhsil haqqında Qanun layihəsini hazırlayarkən, biz müəllimlərin maaşlarının yüksəldilməsi üçün həftəlik tədris yüklərinin optimallaşdırılması məsələsini nəzərdən keçirmişdik. Nəhayət ki, bu məsələ artıq öz həllini tapıb. Ümumiyyətlə, müəllimlərin maaşlarının artırılması iki istiqamətdə - həftəlik tədris yüklərinin artırılması və müəllimlərin ciddi surətdə attestasiyadan keçirilməsi ilə müəllim heyyətinin optimal sayının müəyyən edilməsi ilə mümkündür. Eyni zamanda attestasiyanın nəticələrinə görə maaşların artırılması diferensial qaydada həyata keçirilməlidir. Təhsil Nazirliyi artıq bu istiqamətdə işlərə başlamışdır və yəqin ki, bu prosesi uğurla başa çatdıracaqdır. O ki qaldı, prosesin qeyri-şəffaf olmasına və ayrıseçkilik yaratmasına, şəxsən məndə bu barədə faktlar yoxdur, əksinə, müsabiqədən keçən müəllimlərin bu məsələ ilə bağlı yalnız müsbət fikirlərini eşitmişəm. Təhsildə mövcud olan bəzi neqativ halların təhsil işçilərinin əmək haqları ilə bağlı olması fikri ilə qismən razılaşmaq olar.

-Şagirdlər yayın istisində həm buraxılış, həm qəbul imtahanları verməklə çox böyük haqsızlıqla üzləşmirlərmi? Hər iki imtahanı birləşdirmək doğru olmazdımı?

- Qeyd edim ki, bu ənənə Azərbaycanın müstəqillik illərində deyil, bir az öncəki sualda yüksək təhsilə və elmi uğurlara görə borclu olduğumuzu qeyd etdiyiniz sovet təhsil sistemində formalaşmışdır. Təhsil haqqında Qanun layihəsi hazırlanarkən bu məsələ bizim, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əsas müzakirə mövzularından biri olmuşdur. Bir çox dünya ölkələrinin, eləcə də postsovet ölkələrinin təcrübəsi göstərir ki, həm buraxılış, həm də qəbul imtahanlarının vahid imtahanla əvəz olunması birmənalı nəticələr vermir. Bu məsələ ilə bağlı, Təhsil haqqında Qanunun müvafiq maddələrində müəyyən edilmişdir ki, məktəbəqədər təhsil istisna olmaqla hər bir təhsil pilləsi yekun qiymətləndirmənin və ya attestasiyanın nəticələrinə uyğun оlaraq məzunlara dövlət nümunəli sənədin verilməsi ilə başa çatır. Ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlər müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada nəzərə alınır. Başqa sözlə, umümi təhsil müəssisəsində toplanılan ballar. Bunlarla yanaşı, ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlхalq müsabiqələrin və yarışların qalibləri olan abituriyentlər müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

-Bir müddət öncə regional təhsil idarələrinin yaradılması, ardından bu məsələnin təxirə salınması da haqlı söz-söhbətlərə səbəb olub ki, hikkələri yerə-göyə sığmayan rayonların icra başçıları yağlı tikəni əldən verməyərək təhsil nazirinə qalib gəldilər...

- Heç bir yağlı tikədən söhbət gedə bilməz. İlk öncə qeyd edim ki, regional təhsil idarələrinin yaradılması 24 iyul 2014-cü il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə qərara alınmışdır. Sərəncamda da qeyd edildiyi kimi, regional təhsil idarələrinin yaradılması “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda irəli sürülən şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırılması, maliyyə və inzibati resursların vahid təhsil siyasətinə uyğun planlaşdırılması və s. vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Bu məsələnin sonradan təxirə düşməsini isə bir sıra obyektiv səbəblər zəruri etdi ki, bu haqda da Təhsil Nazirliyi tərəfindən mətbuatda rəsmi açıqlamalar verilmişdir. Ona görə də bunu təkrar etməyə ehtiyac duymuram.

-Milli Məclisin komitə sədri kimi maaşınız nə qədərdir? Bu məvacib ay ərzində iştirak etdiyiniz xeyir-şər məclislərini görürmü, yoxsa çatmır? ADİU-dan maaş alırsınızmı? Orda dərs deyirsinizsə təbii ki...

- Həm Milli Məclisin Elm və təhsil komitəsinin sədri, həm də Azərbaycan Dövlət İqtisad Universitetində kafedra müdiri kimi aldığım maaş tamamilə məni qane edir.

-Sizin YAP Səbail Rayon təşkilatına sədrliyiniz də rektorluqdan kənarlaşdırılmağınız kimi gözlənilməz oldu. Sirr deyilsə, kim namizədliyinizi irəli sürdü YAP Səbail Rayon şöbəsinə?

- Bildiyiniz kimi, millət vəkili kimi mənim namizədliyim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdü. YAP Səbail rayon təşkilatına da namizədliyim partiya tərəfindən irəli sürülüb.

-Bəs YAP-dakı vəzifənizdən nə qədər maaş alırsınız?

- Yeni Azərbaycan Partiyasında tutuduğum vəzifə ictimai vəzifə olduğu üçün heç bir maaş almıram.

-Sirr deyilsə, sürücünüzə maaşdan əlavə nə qədər pul verirsiniz?

- Qəribə sualdır. Nəyə görə maaşdan əlavə pul verilməlidir? Milli Məclisin sürücüsü kimi, onun aldığı maaş məncə kifayət qədərdir. Bütün sürücülər kimi, ona da müəyyən mükafatlar, vəzifə maaşına əlavələr verilir, ezamiyyə və xidməti maşının cari təmiri də daxil olmaqla bütün xərcləri ödənilir.

-Ümumiyyətlə, ətrafınız, dostlarınız, seçiciləriniz Sizi əliaçıq adam kimi tanıyırlarmı?

- Bunu onlardan soruşsaydınız daha düzgün məlumat alardınız. Ümumiyyətlə, mən dostlarıma, həmkarlarıma, eləcə də seçicilərimə qarşı çox diqqətli olduğum kimi, onlar da mənə qarşı diqqətlidirlər.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 463 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...