Türk dövlətləri və İran 4 günlük müharibədə özünü necə apardı?

Türk dövlətləri və İran 4 günlük müharibədə özünü necə apardı?


Elxan Şahinoğlu: “Ayrı vaxt Qırğızıstanın prezidenti türk birliyindən danışır, ancaq əmələ gələndə kənarda qaldı”
Türkiyənin 8-ci prezidenti Turqut Özal zamanında türk dövlətlərini birləşdirmək, bir çətir altına gətirmək üçün cəhdlər göstərirdi. Lakin 1993-cü il, elə aprelin 17-sində, 5 türk respublikasını əhatə edən 12 günlük Türküstan səyahətindən sonra müəmmalı şəkildə dünyasını dəyişdi.

Düzdür, üstündən illər keçəndən bəzi türk dövlətlərini bir araya gətirmək mümkün oldu, hətta Türk Ölkələrinin Parlament Assambleyası da yaradılıb. Ancaq bəzi türk dövlətləri hələ də bu quruma üzv olmağa ehtiyat edir. Fakt budur ki, Qırğızıstan prezidentini çıxmaq şərtilə, digər Orta Asiya cümhuriyyətlərinə rus qafası hakimdir. Hətta Ermənistana səfər edərkən saxta “soyqırım” abidəsi önündə baş əyən türk dövlətlərinin başçılarını da görmüşük. Türkmənistan prezidentinin Azərbaycana dəstək bəyanatı verdiyi xəbəri yayılsa da, sonradan bu, təkzib edildi.

Qarabağdakı 4 günlük müharibəyə Türkiyənin münasibəti müzakirə mövzusu ola bilməz. Ankara və Türkiyə toplumu birmənalı şəkildə Azərbaycanın yanında oldu. Qazaxıstan prezidenti Nazarbayevin Bakıya telefon zəngi oldu, İrəvandakı tədbirin ləğvinə nail oldu. Hətta ermənilər Avrasiya İttifaqının aprelin 8-də İrəvanda keçirilməsi nəzərdə tutulan sammitinin məhz Astanın təşəbbüsü ilə təxirə salınmasından qəzəbləndi, “bu, Qarabağ məsələsində Nursultan Nazarbayevin birinci manevri deyil” -dedilər. Amma Qazaxıstan kimi böyük türk dövləti bununla kifayətlənməməlidir. İranın da bu prosesdə tutduğu mövqe maraq doğurur.

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Ermənistan arasındakı döyüşlər İrandakı rejimi çətin vəziyyətdə qoydu: “Tehran bir tərəfdən hər yerdə şiə-müsəlman həmrəyliyindən danışır və məhz bu amilə görə Əsəd rejiminə dəstək verir, ancaq Dağlıq Qarabağla bağlı qəti surətdə demirlər ki, “Ermənistan Azərbaycanın işğal altındakı torpaqlarını boşaltmalıdır”. Əksinə, cəbhə bölgəsində vəziyyət gərginləşən kimi İrandakı əsas televiziya kanalları, radio və mətbuat anti-Azərbaycan ritorikasını artırdılar. Ən maraqlısı odur ki, İranın dini rejiminə qatı müxalifətdə olan şah rejiminin Amerika və Avropadakı təşkilatları da Azərbaycan əleyhinə təbliğat apardılar. “Amerikanın Səsi”nin və “BBC”nin fars dilindəki redaksiyaları cəbhə bölgəsindəki durumla bağlı xəbərlərində daha çox Ermənistanın mövqeyini əks etdirdilər. Buna baxmayaraq, cəbhə bölgəsindəki döyüşlərə reaksiya verənlər arasında İranda yaşayan fəal azərbaycanlılar oldu. Birincisi, Azərbaycan ordusunun Dağlıq Qarabağ istiqamətindəki hücumları Güney Azərbaycan şəhərlərində Bakıda olduğu kimi böyük ruh yüksəkliyi yaratdı”.

Politoloq xatırlatdı ki, İrandakı ərəb mənşəli fəallar da Qarabağ məsələsində Azərbaycana dəstək verdiklərini bildirdilər: “İrandakı azərbaycanlıların fəallaşması həm İran, həm də Ermənistan hakimiyyətini ciddi düşündürməlidir. İranı hakimiyyətini ona görə düşündürməlidir ki, güney azərbaycanlılar Qarabağa öz torpaqları kimi baxır və bu torpaqların işğalını həyata keçirən dövlətlə isti münasibətlər quran Tehranın siyasətindən narazıdırlar. Ermənistan hakimiyyəti isə ona görə narahat olmalıdır ki, İranda yaşayan azərbaycanlıların Azərbaycana dəstəyi daha da artacaq. Tehranın eləmədiyini Minsk elədi. Belarus Xarici İşlər Nazirliyinin Azərbaycanın ərazi bütövlüyün vurğulayan açıqlama yayması Azərbaycanda müsbət, Ermənistanda isə mənfi qarşılandı. Ermənistan hakimiyyəti o qədər narazı qaldı ki, Belarusun İrəvandakı səfirini XİN-ə çağırdı. Ancaq Belarusun addımı gözlənilən idi. Çünki son illər Bakı ilə Minsk arasında sıx əlaqələr qurulmuşdu. Belarus prezidenti Aleksandr Lukaşenkoya ölkəsi üçün təcili olaraq 200 milyon dollar kredit lazım olduqda bu pulu ona İlham Əliyev vermişdi”.

E.Şahinoğlu dedi ki, cəbhədəki döyüşlər zamanı Azərbaycan ən güclü dəstəyi gözlənildiyi kimi Türkiyədən gəldi: “İstanbulda Azərbaycana dəstək mitinqləri keçirildi. Türkiyənin rəsmiləri Azərbaycanı bütün hallarda dəstəkləyəcəklərini açıqladılar. Rusiya və Türkiyənin Azərbaycanın ərazi bütövlüyünə baxışlarında fərqləri döyüşlər zamanı da özünü göstərdi. Rusiyanın xarici işlər və müdafiə nazirləri Bakıya açdıqları telefon zənglərində azərbaycanlı həmkarlarına “cəbhə bölgəsindəki vəziyyətin gərginləşməsindən narahat olduqlarını” dedilər. Türkiyə prezidenti, baş naziri və müdafiə nazirləri Bakıya açdıqları telefon zənglərində isə azərbaycanlı həmkarlarına bunu dedilər: “İşğal altındakı torpaqların qaytarılması - haqlı mübarizənizdə Azərbaycanın yanındayıq”. Politoloq əlavə etdi ki, Qazaxıstanı çıxmaq şərti ilə o biri türkdilli dövlətlər susdular: “Ayrı vaxt Qırğızıstanın prezidenti türk birliyindən danışır, ancaq əmələ gələndə kənarda qaldı. Eləcə də Özbəkistan və Türkmənistandan gərəkən açıqlamalar səsləndirmədilər”. Ekspertə görə, buna baxmayaraq, 1990-cı illərdən fərqli olaraq bu dəfə beynəlxalq aləm və Qərb mediası Azərbaycanın haqlı mübarizəmizi işıqlandırdılar, Dağlıq Qarabağ ətrafındakı rayonların işğal altında olduğunu yazdilar: “Son günlərdə Qərb ölkələrinin xeyli diplomatı ilə görüşdüm, içərilərində səfir də var. Diplomatlar məni yaxşı mənada təəccübləndiriblər. Hamısının ümumi fikri bu olub: “Azərbaycanın ərazi bütövlüyünü istənilən yolla bərpa etmək hüququ var, işğal olunmuş torpaqlar azad olunmalıdır və biz əldə edilən hərbi uğurlarla bağlı cəmiyyətinizdəki ruh yüksəkliyini maraqla izləyirik”. Bu sözlərin mahiyyəti həm də ondan ibarətdir ki, Qərb işğal faktının güc yoluyla ortadan qaldırılmasına qarışmayacaq. Ancaq Qərbin qırmızı çizgisi də var, o da Rusiyadır. Qərbli diplomatlar Rusiyanın müdaxiləsindən ehtiyat edirlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
899 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...