Mixail Qusman: “Rusiya Qarabağ münaqişəsinin ədalətli həllində maraqlıdır”
“Sevindirici və qanunauyğun haldır ki, Bakı son illər beynəlxalq forumların, siyasi və mədəni tədbirlərin, idman yarışlarının keçirildiyi məkana çevrilib”.
Bunu APA-ya açıqlamasında Astanada keçirilən XIII Avrasiya Media Forumunun moderatorlarından biri, Rusiyanın TASS agentliyinin baş direktorunun I müavini Mixail Qusman deyib.
Onun sözlərinə görə, aprelin 25-27-də Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda dünyanın hər yerindən qonaqlar iştirak edəcək: “Bakı təkcə qonaqpərvər şəhər deyil, orada həm də işgüzar mühitdə çalışmaq və anlaşmaq mümkündür. Bu, təbii ki, Azərbaycan prezidenti İlham Əliyevin xidmətidir”.
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən son toqquşmalara toxunan M. Qusman qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri nəhayət yerinə yetirilməlidir: “Bu yaxınlarda Bakıda Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin görüşü keçirilib. Mənim həm Sergey Lavrov, həm Məhəmməd Cavad Zərif, həm də Elmar Məmmədyarovla söhbət etmək imkanım olub. Lavrovun “münaqişəni həll etməyin vaxtı çatıb” tezisi xoşuma gəlib. Belə başa düşürəm ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn, beynəlxalq təşkilatların, o cümlədən BMT-nin qəbul etdiyi prinsiplər əsasında ədalətli həllində maraqlıdır”.
Qeyd edək ki, XIII Avrasiya Media Forumunda APA TV-nin xəbər müdiri Cavid İsmayıl iştirak edir.
849 dəfə oxundu