Tərtərdəki son vəziyyət barədə icra başçısından AÇIQLAMA
"Sonuncu dəfə ermənilər atəşkəs rejimini pozub dinc sakinləri atəşə tutduqdan sonra vəziyyət sabitləşib, ancaq indi mülki əhalini hədəf almasalar da, atəşkəsi pozmaqda davam edirlər”. Bu sözləri ANN.Az-a açıqlamasında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov söyləyib.Müstəqim Məmmədov aprel ayında təmas xəttində yaranan gərginlikdən sonra rayondakı son vəziyyət barədə məlumat verib:
"Dövlət rəsmiləri, eləcə də Nazirlər Kabinetinin nümayəndələri tez-tez gəlib maraqlanırlar. Onlar komissiyalara bölünüblər. Rayon sakinləri və evlərə dəyən ziyan tam dəqiqləşdirilir. Yaxın günlərdə evlərin, dağıdılmış yerlərin bərpasına başlanılacaq. Sonuncu dəfə ermənilər atəşkəs rejimini pozub dinc sakinləri atəşə tutduqdan sonra vəziyyət sabitləşib, ancaq indi mülki əhalini hədəf almasalar da, atəşkəsi pozmaqda davam edirlər".
"Bu vaxta qədər atəşkəsin pozulmasına görə Tərtəri tərk edən olmuşdu ki, indi də olsun? Tərtəri səhv salmayın, Tərtər qəhrəman rayondur” – deyə icra başçısı bildirib. Müstəqim Məmmədovun sözlərinə görə, Tərtər əhalisinin əhval ruhiyyəsi həmişəki kimi yüksək səviyyədədir: "Kəndlərə, xüsusilə təmas xəttinə yaxın kəndlərə qaz çəkilir. Hər kəs öz işindədir. Kimi pambıq əkir, barama becərir, kimisi də taxıl, yonca biçir. Bir sözlə həmişəki kimi vəziyyət yaxşıdı”.
Xatırladaq ki, aprel ayının 28-də Tərtər Rayon İcra Hakimiyyətindən Erməni silahlı qüvvələrinin artilleriya zərbələrindən ümumilikdə 59 ev, 1 mağaza, 2 təhsil müəssisəsinin zərər çəkdiyi deyilmişdi.
814 dəfə oxundu