Həbsdəki general Tağı Əhmədovla üzləşdirilməsini tələb edir

Həbsdəki general Tağı Əhmədovla üzləşdirilməsini tələb edir


Pulun harada, kimin vasitəsilə verilməsi haqda iki ziddiyyətli ifadə var. Ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, hazırda həbsdə olan general-mayor Akif Çovdarov Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovla üzləşdirilməsini tələb edir. Bu haqda “Yeni Müsavat”a istintaqa yaxın mənbədən daxil olan məlumatda deyilir ki, bir neçə gün əvvəl T.Əhmədovun oğlu Ruslan Əhmədov və qardaşı oğlu Əli Əhmədov Akif Çovdarovla üzləşdirilib. Əhmədovlar istintaqa verdikləri ifadələrində Fəxri Xiyabanın qarşısında Akif Çovdarova 3 milyon manat xərac verdiklərini bildiriblər.

Lakin zərərçəkmişlərin ayrı-ayrılıqda verdikləri ifadələr arasında kəskin ziddiyyətlər ortaya çıxıb. Hazırda ortada pulun harada, kimin vasitəsi ilə A.Çovdarova ötürülməsi haqda iki ziddiyyətli ifadənin olması iddiası var. Buna görə də A.Çovdarov verilən ifadələrlə razılaşmayıb və Tağı Əhmədovun özü ilə üzləşmə keçirilməsini istəyib.

Yada salaq ki, bir neçə gün əvvəl yayılan məlumatlarda deyilirdi ki, MTN-dəki mütəşəkkil cinayətkar qruplaşmanın ən qorxunc üzvü hesab edilən general Akif Çovdarov Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovdan təhdid və şantaj yolu ilə 3 milyon manat qoparıb. A.Çovdarov Tağı Əhmədovu Xətai Rayon Məhkəməsində hakim işləyən oğlu Rauf Əhmədovla təhdid edib, onu həbs edəcəyi ilə hədələyib, habelə digər ailə üzvlərinə qarşı repressiv addımlar atılacağı haqda xəbər göndərib.

Ümumiyyətlə, A.Çovdarov T.Əhmədovu ona görə hədəfə alıb ki, Bakı Metropoliteninin rəhbəri qazandığı pullardan MTN-in “kassası”ına haqq vermirmiş. Məlum olduğu kimi, Mahmudov-Çovdarov bandası aralarında nazirlər də olmaqla, bir çox yüksək vəzifəli məmurları onlara aylıq haqq verməyə məcbur edib. Yayılan məlumatlarda bildirilirdi ki, Akif Çovdarovun Tağı Əhmədovdan 3 milyon manat alması barədə ifadəni onun özü yox, XİN-də işləyən oğlu Ruslan Əhmədov və qardaşı oğlu Əli Əhmədov veriblər. Onlar istintaqa təqdim etdikləri yazılı ifadədə göstəriblər ki, 3 milyon manatı Fəxri Xiyabanın qarşısında Akif Çovdarova şəxsən çatdırıblar. T.Əhmədovun özü isə yayılan xəbərləri təkzib etməyə çalışırdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
875 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...