“Dağlıq Qarabağın statusu öz iradəsini ifadəetmə yolu ilə müəyyən olunmalıdır” BU DA NƏ DEMƏK?
“Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ məsələsi istisnasız olaraq danışıqlar yolu ilə həll olunmalıdır”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə deyib. O bildirib ki, problem siyasi-diplomatik yolla həllini tapmalıdır: “Bir daha xatırlatmaq istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsipləri arasında Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin 2009-2013-cü illər ərzində qəbul etdikləri bəyanatları da var ki, həmin bəyanatlarda Dağlıq Qarabağın statusunun hüquqi baxımdan məcburi olan öz iradəsini ifadəetmə (referendum – APA.) əsasında müəyyənləşdirilməsi öz əksini tapıb. Biz öz tərəfimizdən vasitəçi kimi digər həmsədr ölkələrlə birlikdə tərəflərə bu məqsədi həyata keçirmək üçün bütün lazımı köməyi edəcəyimizə hazır olduğumuzu təsdiq edirik”.
M. Zaxarova onu da əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi daim Rusiya Xarici İşlər Nazirliyinin gündəliyində dayanır.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
837 dəfə oxundu