Oliqarx “Lfik Samo” Qarabağa bir neçə maşın un göndərdi, əvəzində qiyməti qaldırdı
Ermənistanda hakim Respublika partiyasından deputat, əvvəllər biznesə qadın alt paltarları satmaqla başlayan və bu səbəbdən “Lfik Samo” ləqəbi ilə tanınan oliqarx Samvel Aleksanyan aprelin əvvəllərində gedən hərbi əməliyyatlar zamanı Qarabağa yardım adı ilə bir neçə maşın un göndərib. Ancaq əvəzini çıxmaq üçün unun qiymətini qaldırıb.
Virtualaz.org xəbər verir ki, oliqarx “Lfik Samo”nun unu bahalaşdırdığı haqda “Qraparak” qəzeti yazır. Samvel Aleksanyan Ermənistana un, şəkər tozu, bitki yağı və bəzi digər ərzaq mallarının idxalını inhisarda saxlayır. Artıq 15 ildir ki, Ermənistanda unun qiymətini “Lfik Samo”nun “Aleks Qriq” (“Aleks Group” un tərkibinə daxildir) şirkətinə məxsus Baqramyan un zavodu diktə edir.
Qəzet yazır ki, ilin əvvəlində zavod 50 kiloqramlıq kisədə unu 29.2 dollara satırdı. Lakin Rusiyadan un idxalı başlayandan sonra qiymət tədricən 22 dollara enib. Mayın 2-dən isə Samvelin zavodunda unun qiyməti 23 dollara qalxıb. Bildirilir ki, deputata məxsus “Manan qreyn” şirkəti də eyni vaxtda unu bahalaşdırıb. Ermənistanda un bazarının 80 faizi bu iki şirkətin əlindədir.
Qəzet Aleksanyanın şirkətlərinin unu niyə bahalaşdırdığını araşdırmağa çalışıb. Lakin konkret izahat ala bilməyib. “Manana qreyn” şirkətinin təmsilçisi bunu Rusiyada taxılın bahalaşması ilə izah etməyə çalışıb. Lakin araşdırmalar göstərir ki, son bir ayda Rusiyada taxıl bazarında qiymətlər artmayıb, əksinə, aşağı düşüb. Habelə dolların Ermənistan dramına münasibətdə kursu da əhəmiyyətli dərəcədə dəyişməyib. Nəticədə belə qənaət yaranır ki, “Lfik Samo” Qarabağ ermənilərinə göndərdiyi bir neçə maşın unun pulunu bütün ermənilərin belinə yükləyib və üstəlik qiyməti artırmaq fürsəti əldə edərək daha çox qazanmağa başlayıb. Bu, Qarabağ məsələsinin Ermənistanda hakimiyyətdə olan klan üçün varlanmaq mənbəyi olduğuna bir daha dəlalət edir.
843 dəfə oxundu