Azərbaycan əsilli yəhudi milyarderlər Qod Nisanov və Zarah İliyev mediamızda niyə vurulur?
Dostu qova-qova düşmənə çevirmək mərəzi; varlığıyla, varidatıyla, beynəlxalq əlaqələri ilə vətən üçün iş görən adamları öz vətənində bu cür mətbu hücuma məruz qoya-qoya düşmənə çevirmək məqbul hərəkət deyil
Vaxtilə Azərbaycanda doğulmuş yəhudilərin sonradan hansı ölkələrdə olsalar belə böyüyüb boya-başa çatdıqları torpağa sədaqətli olduqları çoxlarına bəlli faktdır. Doğrudan da istər Qubada, istər Bakıda, istərsə də ölkəmizin digər yerlərində dünyaya göz açan yəhudi əsilli şəxslərin tam əksəriyyəti heç zaman bu torpağa nankorluq etməyiblər.
Mixail və Yuli Qusman qardaşları da elədir, Zarah İliyev də, Qod Nisanov da, Telman İsmayılov da. Şübhəsiz ki, tanıdığımız, tanımadığımız başqaları da var.
Ancaq son günlər onlardan ikisini - Qod Nisanov və Zarah İliyev Azərbaycan mediasında hədəf taxtası halına gətirilib. Bəzi saytlar onları fəaliyyətini yaxından izləyir, Rusiyada fəaliyyət göstərən kriminal saytlara istinadla milyarderlərin barəsində müxtəlif cür yazılar verir, onları rus mafiyası ilə, ermənilərlə işbirliyində suçlayırlar.
Bu barədə redaksiyamıza bilgi verən mənbənin sözlərinə görə, əslində Qod Nisanov və Zarah İliyev qələmə verildikləri kimi deyil, onlara mətbuatda biçilən obrazdan çox uzaqda olan şəxslərdir.
Bildirilir ki, Azərbaycanda doğulmuş yəhudi əsilli bu milyarderlərin müəssisələrində, o cümlədən Moskva şəhərində yerləşən bazarlarında minlər azərbaycanlı çalışır və ailələrinə çörəkpulu qazanırlar. Qod Nisanovun dostlar çevrəsində azərbaycanlılar üstünlük təşkil edir.
Onun Rusiyanın siyasi dairələri ilə ciddi əlaqələri var və o, bu əlaqələrdən doğulduğu ölkənin mənafeyi üçün istifadə edir.
Nisanovun bu xidməti haqqında Azərbaycanın hakim dairələri də məlumatlıdırlar və onun bu günlərdə “Vətənə xidmət” medalı təltif edilməsi səbəbsiz deyil (Yaxın günlərdə təltifin təqdimetmə mərasiminin olacağı deyilir).
Ona görə də öz varlığıyla, varidatıyla, beynəlxalq əlaqələri ilə vətən üçün iş görən adamları öz vətənində bu cür mətbu hücuma məruz qoya-qoya düşmənə çevirmək məqbul hərəkət deyil. Bunu edənlər maddi maraq güdməsələr də, ola bilər, maraqlı, sensasion xəbər dalınca qaçaraq belə materiallar yayırlar və nəticədə o adamlarla çalışan minlərlə azərbaycanlıya problem yaradırlar.
Ermənilər heç vaxt belə etmirlər. Onlar düşməni dosta çevirməyin yollarını tapmaq üçün düşündükləri halda, biz dostu düşmənə çevirməyin yolunu asanca tapırıq.
Bir şeyi unutmamalıyıq ki, əgər adları çəkilən və çəkilməyən iş adamları nə vaxtsa Azərbaycana qarşı müxalif mövqedə, düşmən səngərində olsalar, bunu hər şeydən məlumatlı dairələr hamıdan tez biləcək və lazımi tədbirlər görəcəklər.
1 461 dəfə oxundu