Baş nazirin müavini: “Dünyaya demokratiya dərsi keçməyə çalışanlar ikiüzlü siyasət yeridirlər”
Əli Həsənov BMT QAK-ın Cənubi Qafqaz üzrə regional nümayəndəsini qəbul edib
Bu gün baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Cənubi Qafqaz üzrə regional nümayəndəsi Simone Volkeni və BMT QAK-ın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Daq Siqurdsonu qəbul edib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğu, bunun bariz nümunəsi kimi Azərbaycanın BMT QAK-ın İcraiyyə Komitəsinin üzvü seçildiyi, Azərbaycan dövlətinin ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük işlər gördüyü qeyd edilib.
Bütün bunlar da istər BMT QAK-ın ali komissar, istərsə də digər rəsmiləri tərəfindən daim yüksək qiymətləndirilib və oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilib. Ə. Həsənov bir daha diqqətə çatdırıb ki, bu gün ölkəmizin həll olunmamış yeganə problemi Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemidir.
Münaqişənin həllində vasitəçilik missiyası həvalə olunmuş ATƏT-in Minsk Qrupunun heç bir irəliləyişə nail ola bilmədiyinə, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, AŞPA-nın, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdikləri qətnamələrin yerinə yetirilməməsinə toxunan baş nazirin müavini deyib ki, bu, ən böyük ədalətsizlik və beynəlxalq hüquq normalarının pozulmasıdır: “Bu, bizdə bir daha elə bir təsəvvür yaradır ki, beynəlxalq hüquq qüvvədə deyil və bu, dünyada beynəlxalq münasibətlərə təsir edən dövlətlər tərəfindən tətbiq olunur. Bütün bunlardan günahsız insanların əziyyət çəkir, qaçqın və məcburi köçkünlərin sayı durmadan artır. Bütün bunlar dünyaya demokratiya dərsi keçməyə çalışanların, insan hüquqlarının qorunmasından danışanların ikiüzlü siyasətinin nəticəsidir”.
S. Volken Azərbaycanda səfərdə olarkən iqtisadi inkişafın yeni nəticələrini görməkdən şad olduğunu söyləyib, Azərbaycanın hər gün mühüm beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilməsindən heyran qaldığını bildirib. QAK-ın Cənubi Qafqaz üzrə regional nümayəndəsi “Bakı 2015” birinci Avropa Oyunlarının da uğurla keçiriləcəyinə əminliyini ifadə edib və bu münasibətlə Azərbaycan xalqını təbrik edərək idmançılarımıza uğurlar arzulayıb.
1 387 dəfə oxundu