Göyçayın sabiq başçısının kadrı İH-dən istefa verdi - Nazirliyə gətirilir
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin vəzifədən azad olunmasının ardınca, onun kadrları da işdən ayrılır. AzNews.az-a daxil olan məlumata görə, Göyçayın sabiq başçısına yaxınlığı ilə tanınan, uzun müddət onun mətbuat müşaviri olan Arif Yusifov icra hakimiyyətindəki postundan istefa verib. A.Yusifov faktı təsdiqləyib. Bildirib ki, vəzifəsindən öz ərizəsi ilə çıxıb və hazırda işsizdir.
Xatırladaq ki, iyunun 10-da prezident İlham Əliyevin sərəncamı ilə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı M.Ağayev kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin olunub.
Onu da bildirək ki, Mübariz Ağayev Göyçaya başçı təyin edilməmişdən əvvəl 2012-2015-ci illərdə Quba rayon İcra Hakimiyyətinə rəhbərlik edib. Quba rayonunda çalışdığı vaxtda da mətbuat üzrə müşaviri Arif Yusifov olub. Göyçaya təyinat aldıqdan sonra isə A.Yusifovu da özü ilə buraya gətirib.
Əldə etdiyimiz məlumata görə, M.Ağayev A.Yusifovu özü ilə Kənd Təsərrüfatı Nazirliyinə gətirmək fikrindədir. Məhz bu səbəbdən Arif Yusifov Göyçay rayon İcra Hakimiyyətindəki vəzifəsindən ayrılıb.
785 dəfə oxundu