SOCAR 1,2 mlrd. dollar vəsait xərcləyəcək

SOCAR 1,2 mlrd. dollar vəsait xərcləyəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda və "Azərkimya" Istehsalat Birliyində yenidənqurma və modernizasiya işləri aparılır və bu işlərə 1,2 mlrd. dollar vəsait xərclənəcək.
“APA-Economics”in məlumatına görə, bu barədə bu gün keçirilən “Caspian Oil&Gas-2015” konfransında SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov bildirib.


Onun sözlərinə görə, bu layihələri müşahidə edən bir sıra şirkətlər son zamanlar layihədə investor-tərəfdaş qismində iştirak etmək istədiklərini bildiriblər: “Bu gün bu layihələrə böyük maraq var. Son zamanlar biz investor-partnyor qismində iştiraka dair bir sıra şirkətlərdən konkret təkliflər almışıq. Sözügedən təklifləri nəzərə alaraq potensial tərəfdaşlarla müvafiq danışıqlara başlanılıb. Bu danışıqların uğurla tamamlanacağı halda, layihənin növbəti mərhələləri investor-partnyor şirkəti ilə həyata keçiriləcək”. T. Qəhrəmanov bildirib ki, layihəyə sərf olunacaq vəsaitin dövlət tərəfindən ödəniləcəyini qeyd edib: “Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurma və modernizasiya işlərinin iqtisadi səmərəliliyi yüksəkdir. Neft Emalı Zavodunda aparılan işlər nəticəsində ildə 700 mln. dollar mənfəət əldə edilməsi nəzərdə tutulur”.

O qeyd edib ki, zavodda planlaşdırılan işlərin həyata keçirilməsi nəticəsində ölkədə istehsal olunan benzinin keyfiyyətinin yaxşılaşdırılması, benzinin həcminin ildə 1,3 mln. tondan 2,2 mln. tona, dizel yanacağının həcminin 2,3 mln. tondan 2,9 mln. tona, aviakerasinin istehsalı isə ildə 700 min tondan 1 mln. tona çatdırılması gözlənilir”.

SOCAR rəsmisinin sözlərinə görə, bu göstəricilər ölkənin yanacağa olan tələbatını ən azı 2020-ci illərin sonuna kimi təmin edəcək: "Neft emalı zavodunda aparılacaq işlər nəticəsində istehsal ediləcək benzinin 75%-i daxili tələbatın ödənilməsinə, 25%-i isə ixraca, dizel yanacağının 60%-i daxili tələbata, 40%-i isə ixraca yönəldiləcək".

O vurğulayıb ki, “Azərkimya” İB-da aparılan modernizasiya və yenidənqurma işləri aparıldıqdan sonra etilen və propilen istehsalı 160 min tondan 290 min tona çatdırılması gözlənilir: “Qeyd olunan layihələr mərhələli şəkildə icra olunacaq. Birinci mərhələ üzrə işlər 2018-ci ildə, ikinci mərhələ üzrə işlərin 2019-cu ildə tamamlanması planlaşdırılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 374 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...