“Yığdığım otun üstündə uzanmışdı…” – “SAQQALLI” VARLIQ Ağdaşın daha bir kəndinə dadandı
Bir neçə gündür Ağdaş rayonunun Qoşaqovaq kənd sakinlərini qorxu içərisində saxlayan naməlum “saqqallı” varlıqlar rayonun daha bir kəndində görünüblər. Onlar bu gecə rayonun Pirkəkə kəndində evlərə hücum ediblər.
Kəndin icra nümayəndəsi Bəhlul Məmmədov bildirib ki, bu barədə ona gecə saat 03 radələrində kənd sakinləri məlumat veriblər:
“Bir küçənin sakinləri təlaş içərisində idi. Kəndlilərdən biri mənə dedi ki, o, həmin şəxsi görüb. Onun sözlərinə görə, həmin şəxs qara paltarlı, uzun boylu bir adam olub. Digər bir sakin isə bildirdi ki, həmin şəxs onun həyətinə girib və toyuqlarını daşlayıb. Nəticədə də 4-5 toyuq daş zərbələrindən xəsarət alıb. Toyuqları daşlanan sakinin qonşusu isə həmin şəxsin onun həyətindən keçərək qaçdığını dedi. Mən də ərazidə bir müddət dayandıqdan sonra müvafiq qurumlara məlumat verdim”.
Bəhlül Məmmədov deyir ki, sakinlər həmin adamın çox sürətli qaçdığını, küncə sıxışdırıldıqda isə yoxa çıxdığını deyirlər. Onun sözlərinə görə, naməlum şəxs və ya varlığın həyətinə girdiyi şəxsin qonşusu ötən gün axşam saatlarında Qoşaqovaqdan traktorla gələrkən texnikanın qoşqusunda Pirkəkədəki evinə ot gətirib: “Həmin traktor sürücüsü mənə göstərdi ki, o qoşquya yığdığı otun üstündə sanki kimsə yatıb. Buna görə də həmin hissədə ot yapışıb. Ehtimal edilir ki, həmin şəxs elə məhz Qoşaqovaqdan gəlib. Gecə bütün sakinlər təşviş içərisində idi. Ancaq heç kimə xəsarət yetirilməyib, oğurluq edilməyib”.
Turkustan.info bildirir ki anspress məsələ ilə bağlı kəndin sahə müvəkkili ilə də əlaqə saxlayıb. Murad adlı müvəkkilin cavabı isə belə olub: “Mətbuatın belə şeylərə inanmasını başa düşə bilmirəm. Bu yalan məlumatdır. Belə bir məxluq yoxdur. Başqa da heç nə deyə bilmərəm”.
Bir neçə gün əvvəl Ağdaş rayonunun Qoşaqovaq kəndində qəribə hadisələr baş verdiyi barədə məlumat yayılıb. Həmin vaxt açıqlama verən kənd bələdiyyəsinin sədri Xəlil Xəlilov bildirmişdi ki, sakinlərin gözünə görünən bu saqqallı şəxs təhlükəsiz olsa da, əhalini qorxu içərisində saxlayır.
“Həyətlərə girərək sanki nə isə axtarır. Əlində də alışqan işığı var. Gecə saat 02-03 radələrində gəlir”.
Bələdiyyə sədri bildirmişdi ki, gündüz vaxtı kənd camaatından kimlər onun haqqında danışsa, həmin şəxs gecə həmin adamların həyətlərinə girir və insanların gözünə görünür: “O hətta bir dəfə sakinlərdən birinin həyətinə özünün qara köynəyini qoyub. Hər axşam da kəndə qara şalvar və qara köynəkdə gəlir. Həmin adam 20-30 yaşlarındadır və boyu təxminən 1.60 sm-dir”.
1 283 dəfə oxundu