Niyam Salami: “Erməni 300 rubl göndərib demişdi ki... “
“Türk mahnısı oxuduğum üçün mənə qadağa qoyulmuşdu”
Niyam Salami son bir neçə ildə yerli şou-biznes aləmində uğur qazanan sənətçilərdən biridir. Repertuarında daha çox türk musiqisinə üstünlük verən müğənni ötən il özünü aparıcı kimi də sınamışdı. Lakin müəyyən səbəblərdən veriliş bağlandı və müğənni bir müddət efirlərdən uzaq düşdü.
Müsahibəmizə söhbətə onun yaradıcılıq yeniliklərindən başladıq:
- Sizin gəlişinizdən bir qədər öncə artıq son duetim də hazır oldu. Bu, Səidə Sultanla birgə ifa etdiyimiz “Bir şans ver”mahnısıdır. Demək olar ki, yayın keyfini çıxaran bir mahnıdır. Çoxdan arzu edirdim ki, bu mahnın hazırlayım. Bu gün hazır olduğu üçün çox yaxşıyam. Səidə Sultan ən yaxın dostlarımdan biridir. Çox az, bir-iki dostum var. Əvvəllər dostum çox olub.
- Bəs niyə sonra münasibətlər pozuldu?
- Hər kəsin həyatında belə şeylər olur. Kimisə başa düşmürsən, istəyirsən ki, sənin kimi olsun, hər şey təmiz olsun. Təmiz nəsə olmayanda ürək qırılır, geri çəkilirsən...
Yeni mahnımın seçimini Elçin Cəfərov etmişdi. İstəyirdi ki, mahnını mən tək oxuyum. Lakin gördüm yox, mahnının ab-havasını dəyişmək olar. Təqdim etdim Səidəyə, o da çox sevindi, xoşuna gəldi və birlikdə oxuduq. Hesab edirəm ki, mahnımız uğurlu alınacaq, çünki iki ürəyin ahəngi bir yerdə görünür.
- Maraqlıdır, Salami öz soyadınızdır, yoxsa...
- “Kim ağlayar” adlı ilk mahnım çıxanda atam dünyasını dəyişdi. Atamın adı Salami idi və onun adını yaşatmaq üçün Niyam Salami oldum.
- Atanız müğənni olmağınıza qarşı idi?
- Atam yox, amma ailə üzvlərimizin hamısı qarşı idi. Çünki bizim rayonda (doğulub boya-başa çatdığı Masallı rayonunu nəzərdə tutur X.G.) sistem başqa cür idi. Həm də ailədə bilirdilər ki, qabağa düşənim, yol göstərənim olmadığından çox əziyyət çəkəcəm. Evdə sonuncu, sevimli uşaq olduğum üçün istəmirdilər ki, əziyyət çəkim.
“Axı mən bayağı mahnı oxumurdum... “
- Bu sənətə gec gəlmisiz. Diqqət edəndə görürük ki, şou-biznes aləminə gəlməyinizin tarixçəsi o qədər də uzaq keçmişdə deyil.
- Yox, keçmiş olub. Əvvəllər sənətdən çox pula baxırdıq, efirlər pullu idi. İlk addımlayan insanlar görüntü, musiqi üçün pul ödəməli idi. Mən də belə bir şeyi xoşlamırdım. Necə yəni, mən mahnı alım, oranjimana pul verim, üstəlik, televiziyaya da pul verim ki, məni göstərsin?! Axı mən bayağı mahnı oxumurdum. Ona görə də belə şeylər məni üzürdü. Hamı deyirdi ki, “Niyam, axı belədir, sən efirə pul verməlisən”. Deyirdim ki, yox, mən efirə pul verməyəcəm.
- Efridən söz düşmüşkən, bir aralar televiziyada “Mənim mətbəxim” verilişində özünüzü aparıcı kimi də sınadız.
“Türk mahnısı oxuduğum üçün mənə qadağa qoyulmuşdu”
- Həmin verilişin sponsoru ilə problemlər oldu.
- Bəs indi yenə dəvətlər varmı?
- Var. Amma, sözün düzü, artıq yorulmuşam.
- Müsahibələrinizin birində qeyd etmişdiz ki, televiziya kanallarında sizə qadağalar var.
- Qadağalar olub, türk mahnısı oxuduğum üçün. Əvvəllər qadağa olub ki, türk mahnısı çox oxuyub. Amma indi maşallah, indi məndən çox türk mahnısı oxuyanlar var. Şükür ki, artıq musiqiyə bu cür embarqolar qoyulmur.
Həm mən əsl sənətimlə məşğul oldum. Başqa sahədə işləyə-işləyə öz üzərimdə, mahnılar üzərində çalışırdım.
- Başqa sahə deyərkən..?
- Restoran işi idi. Atam rəhmətə getdikdən sonra ailənin bütün yükü mənim üzərimə düşmüşdü.
- Ümumiyyətlə, musiqi savadınız varmı?
- Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirmişəm. Musiqi ilə bağlı isə Nailə Mirməmmədlidən dərs almışam. İndinin özünə qədər də ondan dərs alır, hər bir mahnımı onunla məsləhətləşirəm.
Azərbaycanda demək olar ki, orijinal insanam. Çünki mənim 4-5 sənətim var. Saç kəsirəm, dulusçuluğu bacarıram, palçıqdan qablar düzəldirəm, gözəl dizayn, dekor işlərini bilirəm, gözəl yeməklər hazırlayıram.
“Erməni 300 rubl göndərib demişdi ki... “
- Belə anladım ki, stilistlik bacarığınız da var. Bu yaxınlarda tanınmış bir neçə stilistimiz Soçiyə gedərək erməni əsilli Georgi Kotdan dərslər aldılar, bu barədə fəxrlə sosial şəbəkələrdə fotolar paylaşdılar. Bu məsələyə mövqeyiniz necədir? Məsələn, siz Kotdan dərs almaq istərdinizmi?
- Qətiyyən! Bu mənim öz fikrimdir. Axı niyə belə edirlər, bilmirəm? 7 il bundan əvvəl Rusiyanın Smolensk vilayətində, restoranların birində yarım saatlıq səhnə almışdım. Orada türk və Azərbaycan mahnılarını oxuyub səhnədən düşdüm. Bir qədər sonra ofisiant mənə yaxınlaşıb dedi ki, bəs yenə də Qafqaz mahnısı istəyirlər. Sevindim və haralı olduğu barədə soruşdum. Dedi ki, soruşaram. Sanmışdım ki, sifariş edən azərbaycanlılardan ola bilər. Ofisiant gəldi ki, sifarişi edən ermənidir, üstəlik 300 rubl da pul göndərmişdi. Dedim ki, yox, mən ona mahnı oxuya bilmərəm!. Onda restoranın müdiri gəlib dedi ki, Niyam, bura Rusiyadır, belə şeylər yoxdur və sənətçisən. Dedim ki, istəyirsiz, burdan bu dəqiqə çıxıb gedim, amma mən erməni üçün mahnı oxumayacam!. Mən belə şeylərə çox üzülürəm və kimisə tənqid edə də bilmirəm. Çünki kiminsə şəxsiyyətinə toxuna bilmərəm. Amma (hecalara ayıraraq) A-zər-bay-can-lı-yıq axı! Bəs Xocalı faciəsini, gözləri çıxarılmış körpələri... bunları kimin ayağına yazaq bəs?!
“Əvvəllər yalan danışırdım”
- Deyəsən, çox emosionalsız?
- Həm də kövrəyəm.
-Bu xüsusiyyətinizi sizə həyatda çətinlik yaratmır?
- Yaradır. Əvvəl 3-4 il bundan öncə belə deyildim. Yalandan xırda-para andlar içə, kiməsə vədlər verə bilərdim, yalan danışırdım. Amma indi qətiyyən belə şeylər etmirəm.
- Gördüyüm qədər özünüzə müəyyən biznes qura bilmisiz.
- Biznes var. Amma bunu özümə qurmamışam. Elə insanlar var ki, onlara iş lazımdır. Mən müğənniyəm, harada oxusam pulumu ala biləcəm. Amma burda elə insanlar var ki, aylarla maaş almır. Bu, məni incidir.
- Şahidi olduq ki, bir neçə sənətçimiz özlərinə biznes qursalar da, sonradan pulları “batdı”, biznesləri “çökdü”. Bəs siz, bu sahədə fərasətli olacağınıza inanırsız?
- Çünki hər şeydən öncə Allahı çağırmaq lazımdır. Məqsədin düz, təmiz olmalıdır. Hansısa məqsədi düz bir işin dalısınca gedəndə Allaha dua edərsənsə, inanmaram ki, oradan boş qayıdasan, mümkün deyil.
- Repertuarınızda yenə də türk mahnıları əksəriyyət təşkil edir?
- Var. Çünki Azərbaycanda əski türk sənət musiqisi oxuyan çox azdır. Ona da qulaq asan insanlar var və mənim nəfəsimdə dinləməyi sevirlər. Əgər dinləyicilər bunu istəyirsə mən bunu niyə etməməliyəm? Tamaşaçının zövqü ilə davranmaq lazımdır. Mən tamaşaçı üçün oxuyuram, toy biznesi üçün deyil. Heç vaxt toy biznesi üçün sənətimi qurmamışam. Əgər yaxşı sənətçiyəmsə toyda da, klubda da oxuyacam.
- Əgər dəvət gəlsə ki, idman yarışların açılışınd qonorarsız ifa etməlisiz, qəbul edərsiz?
- Qonorar hər bir sənətçiyə lazımdır. Gedib toylarda oxumaqdansa dövlət tədbirlərində iştirak edib dövlətin qonorarını, maaşını almaq şərəf olur. Dövlət tərəfindən qiymətləndirilmək çox sevindiricidir. Bu yaxınlarda “Azərbaycan bayrağı” ordeni mənə verildi. Prezidentin qolu, ordeni... çox fəxr edirəm.
“Çıxıb efirlərdə deyirdilər ki, 30 toya gedirəm”
- Son vaxtlar Vergilər Nazirliyi ilə müğənnilər arasında ciddi problemlər yaşanmaqdadır...
- Əcəb də oldu.
- Bəs sizin probleminiz olmadı?
- Dövlətin qanunu mənim qanunumdur. Çıxıb efirlərdə deyirdilər ki, 30 toya gedirəm, o birisi deyirdi ki, 35-nə gedirəm. İndi isə toylarını paylaşmırlar da. Amma mən iştirak etdiyim toyları da, ad günlərini də paylaşıram, vergilərimi də vaxtı-vaxtında ödəyirəm... Bir dəfə sadəcə nazirlikdən bildiriblər ki, sizin VÖEN yenilənməlidir, vəssalam.
“Bir dəfə nişanlı, bir dəfə də evli olmuşam”
- Artıq 40 yaşınızı haqlamısız. Evlilik barəsində düşünürsüz? Namizəd varmı?
- Mən evli olmuşam. Bir dəfə nişanlı, bir dəfə də evli olmuşam.
- Bəxtiniz gətirməyib, yoxsa... ?
- Bəxti Allah yazır. Bəxtim var ki, işləmişəm, nəyəsə nail olmuşam. Amma deyim ki... sənətçi üçün evli olmaq hər şey demək deyil. Evlilik hər şeyi tamamlamır. Evli oldum, gördüm.
- Övladınız var?
- Var idi. Problem də elə onun üstündə düşdü... Mənim də özümə məxsus qəribə xasiyyətlərim var, ola bilsin ki, bunu kimsə qəbul etməsin.
- Məsələn, hansı qəribə xasiyyətlər?
- Tez əsəbiləşirəm, hər şeyi yerində görmək istəyirəm.
- Həmkarlarınızla tez-tez qalmaqal yaşayırsız. Bu, sizin xasiyyətinizdən irəli gəlir?
- Xeyr. Onlar özləri qalmaqal yaradırlar. Ola bilməz ki, qalmaqalı mən yaradım.
“Kül olsun o mahnının başına ki... “
- Sizcə, gündəmdə qalmaq üçün bu yolu seçirlər?
- Olur. Bəzən müğənni yeni mahnısını gündəmə gətirmək üçün... Bu, dünya miqyasında da var. Amma bizdə daha bayağı, iyrənc formada olur.
Yeni mahnısı çıxanda hansısa həmkarına, onun bostanına daş ata bilər ki, mahnısı üzə çıxsın. Kül olsun o mahnının başına ki, gündəmə qalmaqal ilə gələcək.
- İndiki şou-biznesi necə təsəvvür edirsiz?
- Şou göstərən müğənnilərimiz var.
- Məsələn...?
- Ad çəkməyəcəm, çünki heç kim mənim adımı çəkmir. Ona görə ki, çox paxıl sənətçilərik. Geyimdən, stildən söz düşəndə xaricilərin adlarını çəkərlər, amma bizimkiləri çəkməzlər. Çünki bizimkilər çox bəsit düşüncəlidirlər. Bizdə ancaq toy biznesi var, çünki belə qurulub... Gələn ayın 6-da konsertim olacaq. Ramazan bayramı ilə münasibəti ilə istəyirəm ki, pərəstişkarlarımın qarşısına möhtəşəm konsertlə çıxım. Normal bir konsert üçün təşkilati dəstək olmalıdır. Bizim konsert zallarımızın ağzı açılı qalıb, onların icarə haqlarından xəbəriniz varmı? Nə dollar, nə də manat bilirlər, nə “hə”, nə “yox” bilirlər.
- Türkiyə şou-biznesinə qatılmağı düşünmüsüz?
- Heç vaxt. Türkiyə şou-biznesi məni özünə qatsın, mən niyə gedib qatılmalıyam?! Düşünürsüz ki, mənim o qədər pulum yoxdur, ona görə? Xeyr. Mən xalqım üçün ifalar etmək, layihələr həyata keçirmək istəyirəm.
1 702 dəfə oxundu