Geosiyasi maraqların getdikcə şiddətlənməsi təhlükəli həddə çatıb - Mübariz Qurbanlı

Geosiyasi maraqların getdikcə şiddətlənməsi təhlükəli həddə çatıb  -

"Geosiyasi maraqların getdikcə şiddətlənməsi təhlükəli həddə çatıb. Belə bir şəraitdə dünyada radikalizm meyilləri güclənərək dəhşətli nəticələrə səbəb olur. Bu gün bəzi müsəlman ölkələrində baş verən hadisələr, silahlı münaqişələr məhz geosiyasi maraqların toqquşmasından irəli gəlir. Bəzi qüvvələr İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışır, terrorla əlaqələndirmək istəyirlər. Bu cür hallara qarşı birgə mübarizə və bu sahədə maarifləndirmə aparmaq zəruridir".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən GUJNDEMİNFO.AZ-a verilən məlumata görə, bunu komitənin sədri Mübariz Qurbanlı bu gün Salyan rayonundakı Heydər Əliyev Mərkəzində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda keçirilən regional konfransda bildirilib.

DQİDK-nın sədri Azərbaycan Prezidentinin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını qeyd edərək, zəngin multikulturalizm ənənələrinin qorunub saxlanılması, təbliği və təşkili istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. M.Qurbanlı ümumbəşəri dəyərlərə münasibətdə zəngin təcrübəyə malik Azərbaycanda İslamın tarixi, milli-mənəvi dəyərlərimizdə yeri, bu dəyərlərin yad təsirlərdən qorunması ilə əlaqədar məsələləri diqqətə çatdırıb.

O, qeyd edib ki, ölkəmizdə mövcud dini tolerantlıq və dövlət-din münasibətləri digər ölkələr üçün nümunədir: “Bu münasibətlər uzun illərdən bəri zamanın sınağından çıxaraq bu günümüzədək çatıb, keçmişimizdən bizə yadigar qalıb və ölkəmizdə aparılan düzgün daxili və xarici siyasət nəticəsində getdikcə inkişaf etməkdədir. Bu ənənəni qoruyub saxlamaq hər kəsin, xüsusilə də din xadimlərinin, ziyalıların və gənclərin mənəvi borcudur”.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, Milli Məclisin deputatları Fəzail Ağamalı və Əliağa Hüseynov konfransda çıxış edərək, dövlət-din münasibətlərindən, ölkəmizin tolerantlıq ənənələrindən, xalqımızın bütün dinlərə və konfessiyalara dözümlü münasibətindən, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsində belə keyfiyyətlərin əhəmiyyətindən danışıblar. Konfrans başa çatdıqdan sonra komitə sədri M. Qurbanlı Salyandakı “Cümə” məscidində olub, dindarlarla görüşüb və onlara dini kitablar bağışlayıb. Regional konfrans işini iyunun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun sədrliyi ilə “Ənənəvi dini dəyərlərimiz və gənclik” mövzusunda plenar iclasla davam etdirəcək. DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov “Milli-mənəvi dəyərlərimiz və müasir gənclik”, Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov “Milli-mənəvi dəyərlərimiz və ona qarşı təhdidlər” mövzularında çıxış edəcəklər.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Salyan Rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi regional konfransda Salyan və Neftçala rayonlarından dini icmaların rəhbərləri, din xadimləri, ziyalılar və gənclər iştirak edirlər.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 267 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...