Ermənistanda hakimiyyət çevrilişinə çağırışların sayı artır
Erməni politiloq: "Gələcəyimiz yoxdur"...
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların sürətlənməsi qonşu ölkədə müzakirələrin əsas mövzusudur.
Erməni mətbuatında isə qarşılıqlı ittihamlar və hətta təhdidlər havada uçur. Ermənistanın aprel döyüşlərində aldığı ağır yaranın acıları nəinki səngimir hətta artmaqda davam edir. Siyasi proseslər isə orada gündəmin hər gün daha da qaynayacağını göstərir. Aprel döyüşlərindən sonra Ermənistanda həyata keçirilən siyasi həbslər, Ermənistan səmasının Rusiyaya təslim edildiyi hava hücumundan müdafiə haqqında sazişin imzalanması, prezidentlərin Sankt-Peterburq danışıqlarında Ermənistanın xeyrinə hər hansı xeyilri gəlişmənin baş verməməsi siyasi ehtirasların yenidən qızışmasına gətirib çıxara bilər.
Bu il Ermənistanda parlament seçkilərinin keçiriləcəyini diqqətdən qaçırmaq olmaz.
Diqqəti cəlb edən xüsuslardan biri də Ermənistanda bir çox yazarların, fikir adamlarının ölkə müxalifətini bütün bu olub bitənlərə və Serj Sarkisyan iqtidarına qarşı olduqca süst mövqe sərgiləməkdə və qətiyyətsizlikdə ittiham etməsidir. İctmai fikrə ciddi təsr göstərə bilən yazarların bir çoxu isə siyasi müxalifəti bütün məsələlərdə iqtidarla əlbir olmaqda günahlandırır.
Burada diqqəti əsas cəlb edən məqam erməni yazarların tez-tez ordu zabitlərinə çağırışlar etməsidir. Ermənistanda hərbi elitanın hakimiyyət dəyişikliklərində əsas rol oynadığını qeyd etsək, bu çağırışların boş təhdid olmadığını hesab etmək olar.
Lakin unutmaq lazım deyil ki, Serj Sarkisyan iqtidarı da elə məhz bu elitanın ən yuxarı təbəqəsidir.
Buna rəğmən dünən musavat.com-da gedən bur yazıda qondarma “DQR”-in keçmiş “naziri” Arman Məlikyanın məhz ordu mənsublarını üsyana çağırması da diqqətdən kənarda qalmayıb.
Bu konteksdə Ermənistanda özlərini NATO və qərbyönümlü adlandıran yazarların və saytların canfəşanlığı xüsusilə diqqəti cəlb edir.
Musavat.com Ermənistanda özlərini qərbyönümlü və Serj Sarkisyan iqtidarına qarşı qatı müxalifətdə hesab edən bəzi yazarların fikirlərindən xülasələri Azərbaycan oxucularına çatdırır.
“Ermənistanın heç bir gələcəyi yoxdur. Problem kimin hansı şərtlərdə Ermənistanı satmasındadır. Rusiyanın agentura siyasətini həyata keçirən Eduard Nalbandyanın xarici işlər naziri vəzifəsində qalması bunu göstərmirmi”... Bu sözlər erməni analitik İqor Muradyanın bir erməni saytında yazdığı “Ermənistanın gələcəyi yoxdur” məqaləsində söylənilib.
“Ermənistan NATO ilə yeni müqaviləni, daha doğrusu alyans tərəfindən hazırlanan proqramı imzalamağa hazırlaşmır. Ermənistanda ölkə üçün kardinal dəyişikliklərə səbəb olacaq bu proqram barədə heç bir diskussiya da aparılmır...Ermənistan Rusiyanın beynəlxalq arenalarda etdiyi hər şeyi təkrarlayaraq özünü Ukrayna və Gürcüstana münasibətdə ağılsız aparır. Əvəzində nə alırıq-erməni uşaqlarının başına dəyən raketləri?” - deyə, yazar davam edir.
“Rusiya ilə imzalanan Hava hücumundan müdafiə ilə bağlı saziş isə onu göstərir ki, erməni cəmiyyəti ölkə siyasəti və müdafiəsi barədə məlumatlandırılmır, heç kimin bunu tələb etməyə həvəsi də yoxdur”. “Ermənistanın gələcəyi olduğunu kim deyə bilər? Deyən qoy söyləsin. Ermənistanda adı kağız üstündə olan atlantik (Qərb-NATO-red.) yönümlü qruplar da susub yerlərində oturublar. Niyə? Çünki həmişə Rusiyanın nəzarətində olublar. Ermənistanın hətta Türkiyəyə də deyil, Azərbaycana satılmasından sonra erməni xalqı adlanan məskunlaşma əhalisi siyasi rəhbərlik nə edir ona qulaq asmaqda davam edir. Yəni, NATO və Avopa Birliyi ilə əməkdaşlıqdan imtina edib Rusiya ilə dostluğa davam etmək lazmıdır”.
“Ermənistanda bu barədə elə ancaq danışacaqlar. Daha ölkənin Rusiyadan asılı vəziyyətdə beynəlxalq izolyasiyada qalmasından və suverenliyini itirməsindən söhbət açan yoxdur”. “Çox keçmədən Gürcüstan hərbi-texniki inkişafın bütün parametrləri üzrə Ermənistanı keçəcək. Azərbaycan isə şübhəsiz Ermənistanı daha böyük üstünlüklə qabaqlayacaq”.
“Ermənistana ölkənin müdafiəsinə və taleyinə cavab verəcək hərbi-siyasi rəhbərliyi formalaşdırmağa imkan vermədilər. Bunun baş verməyəcəyi də məlumdur. Ölkənin müdafiə təhlükəsizliyinə məsuliyyət daşıyan hərbi dairələr isə siyasi qərarların qəbul edilməsindən və siyasi fəaliyyətdən kənarlaşdırılıb.
Ermənistanın intelektual cəhətdən ən hazırlıqlı dairələri isə siyasi müzakirələrə ümumiyyətlə ögey yanaşırlar.
Diasporadan isə ümumiyyətlə səs-səmir çıxımır. Bu ölkənin gələcəyi necə olacaq. İqtisadiyyatdan isə heç danışmağa dəyməz...skandallardan başqa..”,- deyə Muradyan öz yazısını bu bədbin notlarla yekunlaşdırır.
Başqa bir yazar Naira Ayrumyanın da yazısında bənzər fikrirlər diqqəti cəlb edir. Ayrumyanın öz yazısında Dağlıq Qarabağdakı işğalçı rejimi Ermənistanın siyasi rəhbərliyindən ayrı şəkildə qiymətləndirməsi də maraqlı görünməlidir. Çünki hər kəsə məlumdur ki, Ermənistanın hakim siyasi elitası elə Dağlıq Qarabağdan gələn ermənilərdən təşkil olunub. Ermənilərin “Dağlıq Qarabağ ordusu” adı verdiyi isə Ermənistan Silahlı qüvvələrinin hərbi birləşmələrindən başqa bir şey deyil.
“Demarş Qarabağa sərf edir”- məqalə belə adlanır:
“Respublika partiyasının deputatı Artak Davtyan bu gün jurnalistlərə verdiyi brifinqdə Qarabağ nizamlanmasının sürətləndirilməsi barədə şayiələrə inanmadığını söyləyib. Lakin o, Qarabağın (separatçı rəhbərliyin-red.) mövqelərini qətiləşdirməsini və status naminə nəyi güzəştə getməyə hazır olduqlarını söyləməyin vaxtının gəlib çatıdğını deyib. Belə çıxır ki, indiki Ermənistan rəhbərliyi ərazi güzəştləri ilə bağlı bütün məsuliyyəti Qarabağ rəhbərliyinin üzərinə yıxır”,- deyə yazar qeyd edir.
Xatırladaq ki, hakim Respublika partiyasının sözcüsü Eduard Şarmazanov “Serj Sarksiyanın onun özü tərəfindən irəli sürülən 3 şərtin yerinə yetirilmədən Sankt-Peterburq görüşünə niyə razılıq verməsi barədə” sualına cavab olaraq bildirib ki, bu demarş (üstünə getmək-red.) kimi qəbul oluna bilər.
Ermənistan deyəsən Rusiya əleyhinə demarş etmək istəmir. Lakin bu demarşı Qarabağ üzərində həyata keçirməyə heç də mane olmur. Burada isə hər şeyi Xankəndinin üzərinə atmaq kimi hiyləgər niyyət dayanır”.
“Məsuliyyət yıxmaq hakim rejimin əsas cəhətinə çevrilib” deyərək yazar daha sonra əlavə edir: “Məsələn müdafiə naziri Seyran Ohanyan aprel döyüşlərində bütün günahı səhra komandirlərinin üzərinə qoymuşdu”.
“Lakin hər kəs bilir ki, məhz onlar aprel döyüşlərində yuxarıdan əmr gözləmədən hərəkət etdikləri üçün xilas ola biliblər”, deyə Ayrumyan əlavə edir:
“Bu mənzərə Erməsnistanda yuxarıdan aşağı idarəetmənin mövcud olmadığını ifşa etsə də bunun gələcəkdə mənfi deyil, müsbət rol oyanamayacağına kimsə qarantiya verə bilməz.
Əgər Qarabağın (işğalçı-separatçı rejimin) ərazi bütövlüyü barədə qərarlar orta səviyyəli komandirlər, güzəştlərin hüdudları barədə qərarlar isə Qarabağın siyasi rəhbərliyi tərəfindən qəbul olunacaqsa Ermənistan prezidentinin danışıqlarda nə işi var? deyə yazar müəmmalı sual ünvanlayır...
705 dəfə oxundu