Müsavat “mühacir qalmaqalı“na dair açıqlama yaydı

Müsavat “mühacir qalmaqalı“na dair açıqlama yaydı

"Müsavata böhtan atanlar məhkəmə qarşısında cavab verəcəklər"

Müsavat Partiyası "mühacir qalmaqalı" ilə bağlı açıqlama yayaraq, partiyanın adı, reputasiyası ətrafında gedən söz-söhbətələr dair mövqeyini bildirib. Partiyanın mətbuat xidmətindən GUNDEMİNFO.AZ saytına daxil olan açıqlamada bildirilir: "Müsavat Partiyası nizamnamə tələblərinə daim əməl edərək fəaliyyət göstərən bir təşkilatdır. Müsavata partiyanın özəklərindən birində, rayon təşkilatının şurasında, idarə heyətinin iclasında və ya Divanda qəbul olunmaq mümkündür.

Qərargahın yanına gəlməklə, kiminləsə telefonla danışmaqla, şəxsi yazışmalarla Müsavat Partiyasının üzvü olmaq mümkün deyil. Partiyaya qəbul olunmaq istəyən hər kəs yuxarıda qeyd edilən qurumlardan birinin adına müəyyən olunmuş formada ərizə yazmalı, tərcümeyi-halını təqdim etməli, partiyanın Nizamnamə və Proqramını öyrənməli və müraciət etdiyi qurumun iclasında iştirak edərək suallara cavab verməlidir. Yalnız bundan sonra səsvermə yolu ilə partiyaya üzv qəbul edilə bilər.

Bizə məlumdur ki, Elnur Mirzəyev 2 il ərzində partiyanın üzvü olduğunu bildirərək müxtəlif partiya funksionerlərinə müraciət edib. Bəzi dostların ona yardım etməsinin xahişini təşkil edib. Əlimizdə olan yazışma sənədləri də göstərir ki, partiyanın müvafiq strukturlarında çalışan partiya funksionerləri ona yardım etməyə çalışıblar.

Elnur Mirzəyevin üzvü olduğunu iddia etdiyi bütün rayon təşkilatlarında bu barədə araşdırma aparılaraq, onun partiya üzvü olmadığı aşkarlanıb. Bu səbəbdən ona partiyada üzv olduğu haqda arayışın verilməsinin mümkünsüzlüyü bildirilib. Bütün bu prosesin özü əslində Müsavatdan partiya üzvü olmadan bu barədə sənəd almağın mümkün olmadığını bir daha təsdiq edir.

Müsavat Partiyası adından saxta sənədlər hazırlanaraq miqrasiya idarəsinə təqdim olunub. Bu saxtakarlıq faktı Müsavat Partiyası tərəfindən aşkarlanıb ictimailəşdirildikdən sonra isə saxtakarlar törətdikləri əmələ görə peşmançılıq hissi keçirmək, xəcalət çəkmək, üzr istəmək əvəzinə Müsavat Partiyasına qarşı saxtakarlıq ittihamı ilə böhtan kampaniyası təşkil edərək, ictimai fikri törətdikləri əməldən yayındırmağa cəhd etdilər.

Müsavat Partiyasında sistemli kərgüzarlıq işi təşkil olunub. Partiyadan çıxan və daxil olan bütün sənədlər qeydə alınır, reyester kitabına daxil edilir, bütün belə sənədlərin surəti arxivdə saxlanılır. Son Qurultaydan sonra 483 nəfərə xaricə getmək üçün arayış verilməsi ittihamına qarşı bircə o faktı demək kifayətdir ki, 27 sentyabr (Qurultayın keçirilmə tarixi) 2014-cü il tarixdən sonra Müsavatdan, məhkəmələrə, müvafiq hakimiyyət strukturlarına, təşkilatlara partiyadaxili fəaliyyətlə və s. bağlı çıxan bütün sənədlərin ümumi sayı 51-dir.

Biz ünvanımıza səslənən tənqidlərə həmişə dözümlü yanaşmışıq. Şəxsən bizə yönələn, hətta cinayət tərkibi yaradan təhqir və böhtanlara görə məhkəmə davası açmamışıq. Lakin Müsavatın şərəfi bizim üçün müqəddəsdir. Müsavata böhtan atanlar, onun şərəfli adını ləkələməyə çalışanlar Azərbaycan və Avropa ölkələri məhkəmələri qarşısında cavab verəcəklər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 234 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...