Tahir Kərimli: “İsa Qəmbər Etibar Məmmədov da ola bilmədi”
“Müsavat Partiyasında parçalanmalar, qopmalar bundan sonra da davam edəcək
Çünki vaxtilə Etibar Məmmədovun AMİP sədrliyindən gedib, partiya lideri elan olunmasına “Bu siyasi mədəniyyətsizlikdir” damğası vuran İsa Qəmbər hazırda özü Müsavatdan beşəlli yapışıb”
Bu sözləri Editor.az-a açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli söyləyib. Onun sözlərinə görə, Müsavatçılar İsa Qəmbər idarəçiliyindən bezib, yorulublar: “Hamı gözləyirdi ki, İsa Qəmbər sədrlikdən gedəndən sonra özündə siyasi cəsarət tapıb, partiyaya nəzarəti əldən verəcək. İmkan verəcək ki, partiyanın yeni rəhbərliyi Müsavatı müstəqil şəkildə idarə etsin. Amma qurultayda İsa Qəmbər öz adamını partiya rəhbərliyinə gətirdi. Seçkilərin nəticələrindən narazı olan qüvvələri isə partiyadan qovmağa başladı. Sonra məlum oldu ki, bu adamlar həm də siyasi mühacir alveri ilə məşğul imişlər. İsa Qəmbər nəzərə almalı idi ki, Arif Hacılı keçmiş komandada zəifləmiş insan idi. Eyni zamanda partiyada təmsil olunan önəmli fiqurlardan onu dəstəkləyən az idi. Ona görə də onun çağırışlarına məhəl qoyan olmayacaqdı. Eyni zamanda, siyasətdə özünü iradəsiz, nüfuzsuz duruma salmamalı idi. Onun sözünün arxasından qaçması onsuz da pis olan reputasiyasını biraz da zəiflədəcək”.
1 991 dəfə oxundu