“Yaranan fürsəti əldən vermək olmaz...” - Tanınmış konfliktoloqdan Qarabağ çağırışı
“Azərbaycan Ermənistandakı xaosdan dərhal istifadə etməlidir”
Ermənistanda iyulun 17-də İrəvandakı polis binası silahlı qrup tərəfindən ələ keçiriləndən sonra yaranan kritik durum davam edir. Situasiyanı hakimiyyət üçün qəlizləşdirən ən mühüm amillərdən biri narazı əhalinin mühüm bir hissəsinin rejimə radikal mövqedə olan həmin silahlı qüvvələrlə həmrəylik nümayiş etdirməsi, ən radikal müxalifət kimi tanınan kəsimə dəstək verməsidir.
Bəs işğalçı ölkədə hadisələrin inkişafı, xaosun geniş miqyas alması Qarabağ məsələsinə hansı təsirini göstərə bilər?
Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev bildirdi ki, Ermənistanda baş verən qiyam hakimiyyətlə müxalifət arasında iqtidar uğrunda qarşıdurmadır və hələ ki, dərin xaos, hakimiyyət böhranı yaratmayıb: “Səfilyanın tutulmasından sonra onun tələbləri üzə çıxdı və polis məntəqəsini ələ keçirdilər. Bundan sonra isə Serj Sərkisyandan narazı olan qüvvələr hərəkətə gəldilər. Baş verənlər sosial-iqtisadi vəziyyətdən, qanunsuzluqlardan doğan Ermənistandaxili ziddiyyətlərin təzahürüdür. İnsanlar bir yerə toplaşdıqca Sərkisyanın apardığı siyasətin bütün tərəfləri, o cümlədən Qarabağ siyasəti, ordunun durumu ilə bağlı vəziyyət müzakirə edilir, real vəziyyətə münasibət ifadə olunur. Bu müzakirələrin gedişində ”Sərkisyan Qarabağı türklərə verir, Sərkisyan satılıb, hakimiyyətdən getməlidir" kimi şüarlar səslənir. Hadisələrin gedişatı Qarabağ məsələsinə təsir edə bilər. Qarşıdurma davam edəcəksə, dərinləşəksə Qarabağ məsələsinə təsir göstərməsi şübhəsizdir. Ermənistan hakimiyyətinin başı daxili problemlərə qarışıb, bunun ardınca da daha qanlı toqquşmalar olsa, belə bir durumda Ermənistanın Qarabağda müharibə aparmaq imkanları zəifləyəcək. Üsyançılar Ermənistanda qalib gəlsə, Qarabağ məsələsi ilə bağlı proseslər tamamilə başqa istiqamətə yönələ bilər. Hakimiyyət dəyişsə və üsyançılar hakimiyyətə gəlsə, Qarabağla bağlı sülh danışıqları da tamamilə dəyişəcək".
1993-cü ildə Azərbaycanda qiyam baş verdi. Surət Hüseynov qoşun birliklərini Qarabağdan çıxararaq hakimiyyətə qarşı qiyam planını həyata keçirmək istədi. Surət Hüseynov prezident Əbülfəz Elçibəyi devirmək üçün Rusiya ilə razılaşmışdı. Ermənistan hakimiyyəti Azərbaycandakı bu qiyamdan öz məqsədləri üçün istifadə etdi. Bakıda hakimiyyət uğrunda mübarizə gedərkən Ermənistan ordusu Azərbaycan torpaqlarının işğalını genişləndirdi. İndi oxşar situasiya Ermənistanda yaranıb. Azərbaycan bu vəziyyətdən istifadə etməlidirmi?
E.Mehdiyev qeyd etdi ki, Ermənistanda hakimiyyət zorakı yolla dəyişsə, xaos yaransa bu, Azərbaycanın xeyrinə ola bilər: “Ancaq bu vəziyyətdən Azərbaycanın nə qədər istifadə edəcəyi məsələsi bəlli deyil. Əsas məsələlərdən biri də budur ki, Azərbaycan Ermənistanın düşdüyü durumdan çevik yararlanmağa çalışacaqmı? Ermənistanda yaşanan qarşıdurmanın cəbhə xəttinə təsir etməməsi mümkün deyil. Vaxtilə Azərbaycanın torpaqları Azərbaycanda yaşanan siyasi xaos, hakimiyyətsizlik nəticəsində işğal edilmişdi. Hələlik Ermənistan o nöqtəyə çatmayıb. Əgər Ermənistanda vəziyyət daha da gərginləşsə, hakimiyyət boşluğu yaransa, ardınca hakimiyyət dəyişikliyi olsa Qarabağın azad olunması üçün Azərbaycanın əlinə imkan düşə bilər. Azərbaycan xalqı 22 ildir məhz bu məqamı gözləyir. Ermənistanda xaos, hakimiyyət boşluğu yaranarsa Azərbaycan dövlətinin dərhal istifadə etməsi bir nömrəli borcudur. Yaranan fürsəti əldən buraxmaq olmaz”.
785 dəfə oxundu