Azərbaycanda benzin ucuzlaşa bilər - idxal edilən benzinə aksiz vergisi və gömrük rüsumu azaldıldı
Azərbaycan Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişiklik edib.
Nazirlər Kabinetindən “APA-Economics”ə verilən məlumata görə, dəyişikliyə əsasən, ölkəyə idxal olunan bəzi mallar üçün aksiz vergisi azaldılıb.
Dəyişikliyə əsasən, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinin hər 1 tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib. Qərar avqustun 16-dan etibarən qüvvəyə minib və 60 gün müddətində qüvvədədir.
Nazirlər Kabineti həmçinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında da dəyişiklik edib. Dəyişikliyə əsasən, 92 oktanlı benzin üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib. Bu qərar avqustun 16-dan etibarən qüvvəyə minib və 60 gün müddətində qüvvədədir.
754 dəfə oxundu