Həkimləri “Semaşko”da elə günə saldılar ki...
Bəzən elə əcaib hadisələrlə, ünsürlərlə üzləşirsən ki, dözə bilmirsən, qisas almaq istəyirsən. Uşaqlıqdakı kimi, xəyalından keçir əlinə bir avtomat alasan, bunların hamısını qırasan… Amma mən uşaq deyiləm, avtomatım da yoxdur. Yeganə silahım qələmdir, jurnalistəm, qələm əhliyəm. Odur ki, “qisasımı” qələmlə almaq istəyirəm.
Deməli, yaxın günlərin bir bazar günü mənim mamam (bizlərdə bibiyə “mama” deyirlər) xəstələndi, təcili getdim. Mamam yaşlı adamdır, yetmişi keçib, ixtisasca həkimdir. Mən gəlib çatanda günorta saat birdi, mamamın huşu özündə idi, hətta gülümsəyirdi. Soruşdum necəsən, dedi yaxşıyam, nə əcəb gəlmisən? Məni zəng eləyib çağıran mamam qızına baxdım (o da həkimdir), başını buladı.
Bir azdan bacım yoldaşı ilə gəlib çıxdı, onlar da həkimdirlər, Təcili Yardım stansiyasında işləyilər. Mamam qızı mənə çox həyəcanlı zəng etmişdi, odur ki, evdən çıxanda bacımgili də dəvət etmişdim, ailəvi həkim briqadası kimi. Biz üç həkimin və bir jurnalistin iştirakı ilə təcili bir “konsilium” (mamam tədbirdə iştirak etmirdi, artıq huşu özündə deyildi) keçirdik, xəstəyə ilkin olaraq “bağırsaq keçməzliyi” diaqnozu verdik. Mən 103-ə zəng edib, təcili yardım çağırmağı təklif etdim. Bacımgil razılaşmadı ki, təcili yardım gəlsə, xəstəni 5 nömrəli xəstəxanaya aparacaq, bu da evdən (yeri gəlmişkən, mamamgil Tibb Universitetinin arxasında yaşayılar) çox uzaqdır.
Qərəz, mamamı çətinliklə olsa da (ayağı hələ yer tuturdu), köməkləşib öz maşınımıza mindirdik, yaxınlıqdakı “Semaşko” xəstəxanasının qəbul şöbəsinə gətirdik.
Burda bizim ailəvi həkim briqadası xəstəni ilk növbədə cərraha göstərməyi təklif etdi. Onların fikrincə, cərrah xəstəyə ilkin diaqnoz qoymalı və ilkin prosedurları təyin etməli idi. Bacımgil təcili yardım həkimi kimi (bura dəfələrlə xəstə gətirmişdilər) təşəbbüsü öz əllərinə aldılar və Rauf adlı növbətçi cərrahı tapdılar. Cərrah hökmlü adama oxşayırdı, təcili təkərli xərək çağırtdırdı və xəstəni öz otağına çatdırdı. Sonra bizi rentgen otağına göndərdilər. Problərimiz də bundan sonra başladı, xəstəxananın “analiz xidməti” qarğa-quzgun kimi üstümüzü aldı.
Rentgenə 20 manat (mən on verdim), qan analizlərinə 30 manat (mən 20 verdim), imaləyə 30 manat (mən 10 verdim), təkərli xərəyə 5 manat, təkərli kresloya 5 manat və sair və ilaxır... Axırda mavi xalatlı, orta yaşlı bir arvad (xanım deməyə dilim gəlmir) yaxınlaşıb qəbula görə 20 manat istəyir, “filankəsin, beşmankəsin pulu çatıbmı” soruşur. Dözmürəm, deyirəm siz soyğunçusuz, dilənçisiz, nəsiz, axı, Azərbaycanda dövlət xəstəxanalarında xidmət pulsuzdur, məgər bura Azərbaycan deyil?!
Deyəsən, səsim bərk çıxmışdı, qorxdular, təkərli xərəyin və təkərli kreslonun pulunu qaytardılar. Sakitcə 10 manatımı alıb cibimə qoydum.
Bu arada Rauf doxdur bizim ailəvi həkim briqadasını otağına çağırdı, mən də onlarla birlikdə içəri keçdim. Cərrah tünd mavi kostyumda olsa da, sözün əsl mənasında, qara cəllad paltarı geyinmişdi. Dedi, xəstənizin diaqnozu kəskin bağırsaq keçməzliyidir və hesab edirəm ki, bu, bağırsaqda olan onkoloji problemlə bağlıdır. Sonra isə bizi mümkün perspektivlərlə tanış etdi: “Xəstənin qanında zəhərin miqdarı (deyəsən, kreotin deyirlər - Q.A) sürətlə artır, qan təzyiqi oynayır, nəbzi düşür. Tədbir görmək, maye yeritmək mümkün deyil, çünki böyrəkləri də imtina edir, bir qram da sidik vermir. Xəstə gərək təcili əməliyyat olunsun, əməliyyatın uğurlu alınmasına da 0,01 faiz ümid yoxdur. Xəstənin narkozluq halı da yoxdur, deməli, yerli keyitmə (novakainlə?! - Q.A) olunmalıdır. Bu əməliyyatı bu xəstəxənada yalnız mən, Rauf cərrah edə bilərəm, mən də sabah səhərdən məzuniyyətdəyəm, Antalyaya gedirəm”.
Burda bayaqdan susmağa üstünlük verən bacımın yoldaşı müdaxilə edir (yeri gəlmişkən, təcrübəli terapevtdir, 20 ilə yaxın Rusiyada işləyib), deyir, siz bağırsaqda onkoloji problemin - şişin olduğunu bu tezlikdə necə təyin etdiz, bəlkə nəcis möhtəviyyatıdır, bağırsaq dolaşmasıdır, ya ayrı problemdir? Rauf doxdur deyir ki, rentgenin cavabına baxmışam. Yeznəm başını bulayır, amma dilini saxlayır. Mən deyirəm ki, heç olmasa, 5-10 faiz ümid olsaydı, əməliyyata getmək olardı. Cərrah deyir, sizin riyaziyyat müəlliminiz zəif olub, mən heç bir faiz də demədim, 0,01 faiz dedim.
Mən kobud söz deməmək üçün üzümü çevirirəm, mamam qızına baxıram, ondakı təpərə heyrət edirəm. Ağlamır, sızlamır, sarsılmır… Rauf doxdur heyrətamiz bir həyasızlıqla onun anasına ölüm hökmü oxuyur, faktiki olaraq, “gedin yasa hazırlaşın” deyir, o isə heyrətamiz bir təmkinlə mənzərəni seyr edir, bir övlad kimi etiraz etmir, hətta bir həkim kimi söhbətə müdaxilə etmir. Doxdur isə deyir ki, xəstəni yuxarı, 4-sü mərtəbəyə - reanimasiyaya qaldırmaq lazımdır. Sabaha kimi salamat qalsa, əməliyyat barədə fikirləşərik.
Yenidən təkərli xərək, təkərli kreslo işə düşür, bu dəfə orta yaşlı arvad yoxdur, mənə “taska” qoymur, odur ki, hərəsinə 5 manat verirəm. Mamam qızı da dözmür, anasını reanimasiyaya qaldıran kimi “evə getmək istəyirəm” deyir. Onu mamamgilə qoyub qayıdıram. Sonra pampers və salfetka dalınca qonşu aptekə gedirəm, ele bil, müasir xəstəxanada yox, Ağcaqum çölündəyik.
Artıq axşam saat səkkizdir. Bacımgil təcili yardımda axşam növbəsindədirlər, getmək istəyirlər. Onları yola salıram, mamam qızının ərini qarşılayıram. Yeznəmiz peşəkar hərbçidir (polkovnikdir), işdən birbaşa bura gəlib. Reanimasiya həkimi pampersin dalınca düşür, yeznəmlə məni otağa dəvət edir.
Mamed doxdurla tanış oluruq. Rauf doxdurdan fərqli olaraq, bu hökmlü, acıdilli adam deyil, sakit, mehriban kişidir. Sual dolu nəzərlərimizi ona zilləyirik. Doxdur bizi gözlətmir, deyir ki, xəstəniz yaxşıdır, yatır, pulsu, təzyiqi normaldır, bircə kreotini bir az yuxarıdır: “Siz Allah, Rauf doxdur bunları bilməsin, bağırsaq keçməzliyi problem də artıq həll olunur, qazlar çıxır, sidiyi də açılır”.
Yeznəm Rauf doxdurun qəbulunda olmadığından sakitcə qulaq asır. Mən isə dəhşətə gəlirəm, vəziyyəti anlaya bilmirəm. Məntiqin 1-ci qanununa görə, eyni şey, eyni proses haqqında bir-birini təkzib edən iki fikir eyni zamanda doğru ola bilməz. Deməli, həkimlərin hansısa yalan danışır, bizi aldadır. Bəs, hansı?
Boynuma alıram ki, bütün varlığımla Rauf doxdurun yalançı olmasını istəyirəm. Deyəsən, yeznəm də belə fikirləşir, Mamed doxdura 50 manat təklif edir. Doxdur “lazım deyil” deyir, amma əllərini cibindən çıxarır. Yeznəm dünyagörmüş adamdır, əlliliyi onun cibinə basır. Doxdur deyəsən, həvəsə gəlir, 10 manat da tibb bacılarına lazımdır deyir. İstədiyini alıb xeyli yüngülləşir, sonra “saat onun yarısında düşüb sizə bir də məlumat verərəm” deyir.
Doxduru liftə kimi ötürürük, bizi axtaran mamam qızını görürük. Yazıq qız evdə qərar tutmayıb, piyada xəstəxanaya qayıdıb. Birlikdə xəstəxananın həyətinə çıxırıq. Artıq gün batmaq üzrədir, sərindir…
Daha dözə bilmirəm, fikirlərimi qohumlarımla bölüşürəm. Deyirəm, bu həkimlər, deyəsən, bir ələ işləyirlər, amma pul qazanmaq üsulları başqadır. Rauf doxdur xəstəni öldürməklə, Mamed doxdur isə diriltməklə pul qazanır... Ümumilikdə isə xəstənin taleyi onları maraqlandırmır… Yeznəm gülümsəyir, deyir, ona görə də Mamedə hörmət düşür, Raufa isə düşmür. Mamed heç olmasa, biz düşünəni deyir. Sonra isə qayıdır ki, nə bildin bir ələ işləyirlər? Deyirəm, bayaq Rauf doxdur xəstəni «öldürəndə» Mamed doxdur orada yox idi, amma indi xəstəni «dirildəndə» deyir ki, mənim dediklərimi Rauf bilməsin. Mamam qızı təəccüblə mənə baxır, yeznəm isə başını tərpədib razılaşır. Nahaq yerə polkovnik deyil ki…
Mamed doxdur bizi bir az gözlədir, saat onda aşağı enir, bizi sözün əsil mənasında sevindirir. Deyir, xəstənizin bacırsaq keçməzliyi artıq açılır, qazlar sürətlə çıxır. Böyrəkləri də işləyir, sidiyi artıq açılıb, vurulan mayelər çıxır, vəziyyəti normallaşır. Sonda qeyd edir ki, bir onluq da verin, “axrana” verim, sizi gecə içəri buraxsın. Mən onluğu verirəm, amma fürsətdən istifadə edirəm. Mamed doxdura deyirəm ki, siz həkimi (mamam qızını nəzərdə tuturam) qaldırın reanimasiyada anasına baxsın, ürəyi sakit olsun. Əslində isə doxduru yoxlamaq, onun doğru danışdığına əmin olmaq istəyirəm. Doxdur etiraz edə bilmir, «axranın» pulu cibindədir. Mamam qızını da götürüb liftə girir. Biz aşağıda gözləyirik. Bir azdan mamam qızı gəlir və doxdurun sözlərini təsdiq edir. Ürəyimiz sakitləşir, üçlükdə xəstəxananı tərk edirik…
Rauf doxdur səhər doqquzda işə gələn kimi mamam qızına zəng çalır, bir hay-küy salır ki, gəl görəsən. “Xəstənizi burda atıb getmisiz, bu nə biabırçılıqdır”; “Mən bu gündən məzuniyyətdəyəm, günortadan sonra Antalyaya getməliyəm, sizə görə tərəddüd edirəm. Çıxıb getsəm nə edəcəksiz, kimə müraciət edəcəksiz”; “Axı, sizə dedim ki, bu əməliyyatı bu xəstəxanada ancaq mən edə bilərəm” və sair və ilaxır.
Doxdurların bir ələ işlədiyinə bir daha əmin oluram. Rauf doxdur deyəsən tərəf müqabilinə 50 manat verdiyimizi bilib, ona görə belə hay-həşir salıb. Nə isə, saat 10-da xəstəxanada, Rauf doxdurun otağında toplaşırıq. Artıq peşəkar hərbçi (polkovnikdir) olan mamam oğlu da Gəncədən gəlib çatıb, burdadır. Mamam oğlu Rauf doxduru diqqətlə dinləyir, sonra deyir ki, əgər siz bir faiz də zəmanət verə bilmirsinizsə, mən əməliyyatdan imtina edirəm. Doxdur nokaut almış kimi, bir anlıq sarsılır, amma tez özünü ələ alır. Başa düşürəm ki, möhkəm adamdır, uduzmağı bacarır. Tez ayağa qalxır, mamam oğluna yaxınlaşır, onun əlini sıxır. “Sağ olun, siz məni ölüm riskindən qurtardız. Doxdur (mamamı nəzərdə tutur) əlimdə ölsəydi, mən nə edərdim, burdan Antalyaya necə gedərdim?!” Mamam oğlu ona daha bir zərbə endirir, deyir əgər anamın onkoloji problemi varsa, mən onu Onkoloji Mərkəzə köçürəcəyəm.
Saat 12-dir, mamam artıq Onkoloji Mərkəzdə, şöbə müdüiri Niyazi doxdurun nəzarətindədir. Heyrətə, daha doğrusu, dəhşətə gəlirəm. Eyni ölkədə, eyni şəhərdə iki xəstəxananın, iki personalın yerlə göy qədər fərqinə mat qalıram. Burda bizə hücum edən, pul tələb edən yoxdur, söhbət yalnız kassaya müəyyən ödənişlərdən gedir. Niyazi doxdurun rəhbərliyi ilə iki saatın içində bağırsaq keçməməzliyi də, böyrək çatışmazlığı da aradan qaldırılır. Doxdur birmənalı olaraq deyir ki, xəstənin onkoloji problemi yoxdur. Sonra “Semaşko”da diaqnozun rentgen vasitəsilə qoyulduğunu eşidib başını bulayır… Qan təzyiqi də normaya düşür, yeganə problem ürəyin aritmiyasıdır. 70 yaşına qədər ürək çatışmazlığından əziyyət çəkməyən mamamın “Semaşko”da atasını yandırıblar, ürəyi nə istəyir, onu da edir. Pulsu gah yüzə, yüz əlliyə qalxır, gah da az qala dayanır, tutmaq olmur. Qərəz, xəstəni yenidən reanimasiyaya qaldırırlar…
Ertəsi gün əhər saat 10-da mamam oğlu zəng edir, mənə şad xəbər verir. Mamamın huşu özündə, nitqi yerindədir, hətta yemək istəyir…
Mamam oğlu deyir ki, bunu belə qoymaq olmaz, bu yaramaz həkimlərin dərsini vermək lazımdır…
Mən onunla razılaşıram…
897 dəfə oxundu