"Təəssüf ki, açılışı stadionda izləyə bilmədim" - Ayaz Mütəllibov

"Təəssüf ki, açılışı stadionda izləyə bilmədim" -

"I Avropa Oyunlarının Azərbaycanda keçirilməsini yüksək qiymətləndirirəm. Azərbaycan belə tədbirlərlə uğurlarını dünyaya nümayiş etdirir. Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyeva bu istiqamətdə çox böyük işlər görürlər".
Bunu "Report"a açıqlamasında Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov deyib.


Keçmiş prezident bildirib ki, Azərbaycanda böyük stadionların, sarayların tikilməsi iqtisadi qüdrətin göstəricisidir: "Avropa Oyunları ilə bağlı Azərbaycana gələn idmançılar, siyasətçilər, turistlər gördülər ki, ölkəmiz inkişaf edir, böyük işlər görülür. Hər şey göz qabağındadır, bunları inkar etmək olmaz".

A.Mütəllibov ilk Avropa Oyunları ərəfəsində Qərb dövlətlərinin Azərbaycanla bağlı sərgilədikləri mövqeyə də münasibət bildirib. O qeyd edib ki, Azərbaycanı istəməyən qüvvələr bütün qüvvələrini səfərbər ediblər, rəsmi Bakıya təzyiq göstəriblər: "Buna baxmayaraq, ölkəmiz şərəflə bu işin öhdəsindən gəldi. Dünyaya sübut etdik ki, inkişaf edən ölkələrdən biri də Azərbaycandır. Avropa dövlətlərinin təzyiqi təbii qəbul olunmalıdır. Bu təzyiq nə Leyla Yunusa, nə Xədicə İsmayıla görədir. Həmin şəxslərin kim olduğunu Azərbaycan xalqı yaxşı bilir. Bilirsiz ki, Azərbaycan xarici şirkətlərlə neft müqavilələri imzalayanda gücsüz bir dövlət idi. Ölkə gücləndikcə xarici siyasət iqtisadi siyasətə uyğunlaşdırıldı. Azərbaycanın da iqtisadi maraqları var. İndiki dövrdə Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət iqtisadi maraqlara uyğunlaşdırıldığına görə Qərbin təzyiqinə məruz qalırıq. Avropa dövlətlərinin Azərbaycanla bağlı mövqeyi qərəzlidir. Azərbaycanın iqtisadi, siyasi, hərbi qüdrətinin artması bu ölkələri qane etmir. Hər bir ölkə, o cümlədən Türkiyə də Azərbaycanda maraqlarını həyata keçirməyə çalışır. Yəni, hər biri öz maraqlarını, cibini düşünür. Belə şeylərə son qoymağın vaxtı çatıb. Biz kiminsə diktəsi ilə hərəkət edə bilmərik".

Sabiq prezident deyib ki, Azərbaycan cəmiyyəti ilk Avropa Oyunlarına yüksək dəyər verib: "Bilirsiz ki, ölkə ziyalılarından ibarət "Bakı 2015" I Avropa Oyunlarına Dəstək Hərəkatı yaradılıb. Bu kampaniya sosial şəbəkələrdə geniş təbliğ olundu. Bunun özü göstərir ki, cəmiyyətlər bu Oyunların Azərbaycanda keçirilməsinə müsbət qiymət veriblər. Amma bəzi ölkədaxili siyasi oyunbazlar bu işlərə kölgə salmağa çalışdılar. Həmin şəxslərin ətrafında toplanan 5-10 nəfər ilk Avropa Oyunları ilə bağlı mənfi fikirlər səsləndirirlər. Diqqət edin, Avropa Oyunlarını ermənilər də, ölkədaxili bəzi siyasətçilər də boykota çağırırdılar. Əslində, bu, tam əksinə olmalı idi. Bu Oyunların keçirilməsini xalq istəyirdi. Təsəvvür edin, ermənlərin dediyini Cəmil Həsənli və başqaları da söyləyir. Ona görə də xalq bu şəxslərin arxasınca getməz".


A.Mütəllibov bildirib ki, səhhətində olan problemlərə görə stadiona gedərək ilk Avropa Oyunlarının açılış mərasimini canlı izləyə bilməyib: "Təəssüf ki, açılışı stadionda izləyə bilmədim. Amma televiziyada baxdım. Çox möhtəşəm təşkil olunmuşdu".


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 282 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...