Erkən yetişən qarpızın orqanizmə hansı təsirləri var? - VİDEO
Bostanlarda qarpız hələ yetişməsə də, artıq yol kənarında bu məhsulların satışına rast gəlinir. Satıcılar etiraf edir ki, Aran rayonlarından gətirilən qarpızlar istixana şəraitində yetişdirilib. Açıq sahədə becərilən bostan bitkiləri isə gələn ay bazara çıxarılacaq.
Qarpızın kiloqramını 50-60 qəpiyə təklif edən satıcı Haqverdi Cəfərov satışın həcmindən razıdır.
Sabirabaddan Tovuza qarpız gətirən Rüfət Abbasov iddia edir ki, onun bazara çıxartdığı məhsul istixanada yetişsə də, orqanizm üçün heç bir təhlükəsi yoxdur.
Mütəxəssislər isə qarpızın dərmanla becərilən bostan bitkisi olduğu üçün alıcıları bu sahədə bir qədər diqqətli olmağa çağırır. Həkim-terapevt Rizvan Məmmədov deyir ki, başqa meyvə tərəvəz bitkilərinə nisbətən qarpızdan zəhərlənmə ehtimalı daha çoxdur. Həkimin sözlərinə görə, istixanada becərilən məhsulların tez yetişməsi azot gübrələrinin hesabına başa gəlir. Odur ki, mövsümün əvvəlində irihəcmli qarpızların alınması məsləhət deyil. Həkim deyir ki, qarpızdan zəhərlənənlərdə ümumi halsızlıq, zəiflik, tənginəfəslik, barmaq və dodaqlarda göyərmələr olur. Zəhərlənmə şübhəsi yarandığı halda isə ilkin yardım üçün mədə-bağırsaq sisteminin yuyulması vacibdir.
Bütün hallarda qarpızdan istifadə üçün iyulun ikinci öngünlüyünə qədər gözləmək daha məqsədəuyğundur.
1 207 dəfə oxundu