Allah mənə və bacıma qarşı rəhmlidir - Yarımfinala çıxan boksçumuz

Allah mənə və bacıma qarşı rəhmlidir -

Bu günkü döyüşümü ilk döyüşümlə müqayisə etsək, o, hər şeyi ağılla etmək üzərində qurulmuşdu.
Trend xəbər verir ki, bunu bu gün Avropa Oyunlarında boks yarışlarında yarımfinala vəsiqə qazanmış yüngül (57-60 kq) çəkidəki təmsilçimiz Yana Alekseyevna deyib.

1/4 finaldakı döyüşdə Rusiya boksçusu Zinaida Dobrıninaya qalib gələn Y.Alekseyevna rəqibinə düzgün qurulmuş ağıllı taktika hesabına qalib gəldiyini deyib: “Çünki Rusiya idmançısı çox adlı-sanlı boksçudur. Dünya və Avropa çempionudur. O da çox layiqli rəqibdir. Ona görə də döyüşdə bir az daha hiyləgər tərpənmək lazım gəldi. Əlbəttə ki, hazırlıq da öz sözünü dedi. Bundan əlavə, azarkeşlər tərəfindən böyük dəstək var idi. Onların hamısına dəstəyə görə təşəkkür edirəm”.

Boksçumuz qeyd edib ki, indi ilk növbədə yarımfinal döyüşü haqqında fikirləşmək lazımdır: “İnşallah qızıl medalı qazanmaq üçün də çalışacağıq. Məşqçim olan atamla yarımfinaldakı rəqibimi təhlil edib ona uyğun taktikanı seçəcəyik. Məsələn, ilk döyüşdə fiziki cəhətdən dözümlü olmaq lazım idisə, ikincidə isə daha çox cəldlik, ayaqların cəld və aldadıcı hərəkəti tələb olunurdu. Mən heç kimi qiymətləndirməyə bilmərəm. Hətta məşqlər zamanı rəqibimə yuxarıdan aşağı baxmıram. Hər zaman axıra kimi diqqətli olmaq lazımdır. Bir an da belə arxayınlaşmaq olmaz. Bu, boksçuların qaydasıdır. Elə məşq etmişik ki, gücümüz çempion olmağa da çatmalıdır”.

O, Azərbaycanı təmsil edən və Avropa Oyunlarından bir gün əvvəl boks yarışlarında yarımfinala vəsiqə əldə etmiş bacısı Annanın uğurundan və onunla birgə necə hazırlaşmalarıından da danışıb: “Sparrinq zamanı başqa kimsə yoxdursa, bacımla da döyüşürəm. Biz buna görə bir-birimizdən küsmürük, hər dəfə də döyüşdən sonra bir-birimizi qucaqlayırıq. Artıq bacım da yarımfinaldadır. Görünür, Allah mənə və bacıma qarşı rəhmlidir”.

Xatırladaq ki, Yananın bacısı Anna Əlimərdanova da Azərbaycan yığma komandasının tərkibində döyüşür və o da, dünən yarışların yarımfinalına vəsiqə əldə edib.

Qeyd edək ki, Y.Alekseyevnanın yarımfinaldakı rəqibi onun özünə kumir hesab etdiyi İrlandıyalı adlı-sanlı bokçsu Keti Teylor olacaq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 313 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...