Tramp indi də BMT-yə ilişir: “Problem həll etmir, problem yaradır”

Tramp indi də BMT-yə ilişir:

Yeni seçilmiş ABŞ prezidenti Donald Tramp yenə Birləşmiş Millətlər Təşkilatını (BMT) tənqid edib. Ötən gün – dekabrın 28-də jurnalistlərlə söhbətində D.Tramp BMT-nin problemləri həll etmədiyini, əksinə, problem yaratdığını söyləyib. Qurumun öz potensialına uyğun fəaliyyət göstərmədiyini, vaxt və pul itkisindən başqa bir şeyə yaramadığını deyib.

Əvvəlki çıxışlarından birində də D.Tramp BMT-ni bir yığın adamın vaxtını yaxşı keçirməsinə xidmət edən klub adlandırmışdı. «The Washington Post» qəzeti yazır ki, D.Tramp BMT haqda keçən həftədən – təşkilat İsraili qınayan qətnamə layihəsini qəbul edəndən sonra belə sərt çıxışlar etməyə başlayıb. BMT Təhlükəsizlik Şurasının qətnaməsində İsrailin işğal olunmuş Fələstin ərazilərində qanunsuz yaşayış məskənlərinin inşasına son qoyması tələb edilir.

D.Tramp qətnaməyə veto qoyulmasına tərəfdar olsa da, indiki ABŞ prezidenti Barak Obama ölkəsinin veto hüququndan imtina etməsini istəyib. ABŞ-ın bu yanaşması İsraillə münasibətləri gərginləşdirib.

Amma Birləşmiş Ştatların yeni prezidenti D.Tramp İsrail hökumətini möhkəm dayanmağa çağırıb, o, Ağ Evə keçəndən sonra çox şeyin dəyişəcəyini söyləyib. Twitter hesabında D.Tramp İsrailin ABŞ-ın böyük dostu olduğunu, ölkəsinin İsrailə hörmətsizliyə imkan verməyəcəyini yazıb.

Dünən jurnalistlərlə söhbətində isə D.Tramp ABŞ-ın BMT-yə ayırdığı maliyyə vasitələrindən yararlanaraq, təşkilatda ciddi dəyişikliklər edəcəyinə eyham vurub.

Nyu-York Universitetində Beynəlxalq Əməkdaşlıq Mərkəzinin direktoru Riçard Qovan «Politico» jurnalında çıxan məqaləsində D.Trampın bu mövqeyinin ABŞ-ın xeyrinə olmayacağını yazıb. Onun fikrincə, BMT-yə dəstəkdən imtina etməklə ABŞ Rusiya və Çinə böyük fürsət verər, onların qlobal siyasətdə nüfuzunu artırmasına şərait yaradar. Politoloq D.Trampın iş başına keçəndən sonra reallığı dərk edəcəyinə, Suriya kimi problemlərin öhdəsindən gəlməkdə BMT-yə ehtiyac olduğunu anlayacağına ümid edir.

Elə dünən BMT-nin yeni baş katibi Antonio Guterres D.Trampla danışmaq, onunla konstruktiv dialoqa nail olmaq istədiyini bildirib. «Onunla mümkün qədər tez görüşmək istəyirəm», – deyən A. Guterres Birləşmiş Ştatların BMT-dən ötrü sadəcə əsas donor olmadığını, həm də təşkilatın fəaliyyətinin «fundamental elementi» sayıldığını söyləyib.

A.Guterres fəaliyyətinə yanvarın 1-dən başlayacaq. D.Tramp isə Ağ Evə yanvarın 20-də, inauqurasiya mərasimindən sonra köçəcək. (“Azadlıq” radiosunun xülasəsi)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
952 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...