Lerik səhiyyəsində “yaponski” korrupsiya - ŞOK ARAŞDIRMA
Lerik səhiyyəsi yalnız bölgənin iqliminə borclu ola bilər. Çünki uzunömürlülər diyarı olan bu regionda təbiətin gözəlliyi insanların nisbətən sağlam yaşamasına rəvac verir. Digər rayonların camaatı ilə müqayisədə dağ bölgəsi insanlarının səhhəti daha qənaətbəxş olur.
Ancaq bu o demək deyil ki, leriklilər xəstələnmir, yaxud onlar həkimə müraciət etmir. Reallıqdır ki, hər gün onlarla həm uşaq, həm böyük Lerik səhiyyəsinin bərbadlığı ucbatından Lənkəran rayon Mərkəzi Xəstəxanasına üz tutmalı olur.
TİA.AZ-a daxil olan məlumatlar və şikayət məktubları da bunu deməyə əsas verir. Lənkəran RMX-da müalicə alan leriklilər heç də burdakı şəraitdən razı qalmırlar. Sadəcə, biçarə və əlacsızlıqdan Lerikdənsə Lənkəranı seçməli olurlar.
Hazırda Lerikin səhiyyə şəraiti qaraciyəri metastaz vermiş insan orqanizmini xatırladır. Redaksiyamız edilən şikayətlərdə qeyd olunur ki, Lerik səhiyyəsi can üstündədir. Amma bu problem nə Səhiyyə Nazirliyini, nə də Lerik rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayevi narahat edir. M.Ağayev nazirlikdə olan kuratoruna arxayın olaraq Lerik səhiyyəsini ölümcül hala salıb. Gəlin, faktlar nəzər yetirək:
Ondan başlayaq ki, Lerikin rayon Mərkəzi xəstəxanası dövlət hesabına əsaslı təmir olunub, istismara verilib. Ancaq tibb personalının səhlənkarlığı, qeyri-peşəkarlığı və tibbi ləvazimatların çatışmazlığı binanın təmir olunmasını arxa plana keçirir.
Hətta bir müddət qabaq Əliabad kəndində bir uşaq əlini yandırıb və təcili Mərkəzi xəstəxanaya aparıblar. Amma orada dərman tapmayıblar ki, uşağın yarasına vursunlar. Axırda məcbur olub uşaq paytaxt xəstəxanalarından birinə aparılsın. Bu da yeni xəstəxananın vəziyyəti...
Digər bir məsələ - Mübariz Ağayevin həkimlərdən yığdığı xəracdır ki, öz biznes imkanlarını artırmağa hesablanıb.
İnsafən, baş həkim özünə gün-güzəran qurub, rayondakı apteklər onun nəzarətindədir. Rayonda əczaxanaya gedənlər bilirlər ki, bu məntəqələrin sahibi baş həkimdir.
Ümumiyyətlə, məlumatlarda baş tezis kimi keçən xətt baş həkimin Lerik rayon Mərkəzi Xəstəxanasını şəxsi əmlakına çevirməsi iddialarıdır.
Artıq burada çalışan həkimlər də dözülməz vəziyyətdən şikayətlənirlər. Baş həkim bütün həkimlərdən aylıq “haqq” alır. Həkimlər xəstələrə açıq şəkildə baş həkimin onlara üzərinə qoyduğu “xərac”dan danışırlar. Ona görə də həkimlər də məcburi şəkildə xəstələri müayinə etmək üçün aldıqları pulun miqdarını artırmalı olurlar.
Və ən nəhayət, Lerik səhiyyəsində sensasion bir saxtakarlıq və maxinasiya həyata keçirilib. Belə ki, 2013-cü ildə Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində “Lerik Rayon Mərkəzi Xəstəxanasının uşaq xəstəlikləri şöbəsinin təmiri” layihəsi üzrə qrant müqaviləsi imzalanıb.
Rəsmilərin iştirak etdiyi mərasimdə ümumi məbləği 123 min 246 dollar olan layihəyə dair müqavilə imzalanıb. Layihənin əsas məqsədi Lerik MRX-nın pediatriya şöbəsinin təmir edilməsi ilə rayon mərkəzində və kəndlərdə yaşayan müalicəyə ehtiyacı olan uşaqlar üçün tibbi xidmətin səviyyəsini yaxşılaşdırmaqdan ibarətdir.
Layihənin həyata keçirilməsindən 22 min uşaq faydalanmalıdır. Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Lerik rayonunda 3 layihə üzrə qrant müqaviləsi imzalanıb. Qrant yardımı proqramı çərçivəsində 2003-cü ildə Lerik rayonunda ümumi məbləği 80 min 813 dolları təşkil edən orta məktəb binasının inşası, 2012-ci ildə ümumi məbləği 102 min 696 dollar təşkil edən Şingədulan kənd tibb məntəqəsinin tikintisi həyata keçirilib.
Lerik Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi ilə pediatriya şöbəsinin əsaslı təmir edilməsi barədə razılığa gəlinib. Mənbə iddia edir ki, bu qrantların xərclənməsində külli-miqdarda yeyintiyə yol verilib. Hətta Maliyyə Nazirliyi və Vergilər Nazirliyi tərəfindən baş həkimin “yaponski” korrupsiyası təftiş olunub. İddialara görə, sonra bu yoxlamalar müəyyən razılaşmalar əsasında yekunlaşdırılıb. Yazıda adı keçən və ittiham olunan tərəflərin mövqeyini dərc etməyə hazırıq.
1 816 dəfə oxundu