Poroşenko Davosdan Qarabağ mesajı verdi - ŞƏRH
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan prezidenti İlham Əliyev Davos səfəri çərçivəsində Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşüb. Görüşdə prezidentlər Dağlıq Qarabağ məsələni müzakirə ediblər. Poroşenko bəyan edib ki, Ukrayna Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda yaradılan separatçı rejimi heç vaxt tanımayacaq. "Mən dəqiq vurğulamaq istəyirəm ki, Ukrayna Dağlıq Qarabağın sənədlərinin müvafiq sertifikatlaşdırılmasını qəbul etmir və etməyəcək və biz Azərbaycanın Krım ilə bağlı tutduğu analoji mövqeyi alqışlayırıq", -deyə Poroşenko vurğulayıb.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Poroşenkonun Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə Dağlıq Qarabağ məsələsində ölkəmizi dəstəkləməsini söyləməsi olduqca vacib məqamdır.
“Adətən dövlət başçıları Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ümumi fikirlər söyləyirlər. Çox az lider var ki, “Dağlıq Qarabağdakı separatimizi qəbul etmirik” fikrini dilə gətirir. Poroşenko məhz bunu açıq deyən liderlərdəndir. Bunun başlıca səbəbi odur ki, Poroşenkonun da dediyi kimi Azərbaycan Kırmla bağlı anoloji mövqeyi tutur. Məsələn, Gürcüstanla əlaqələrimiz Ukrayna ilə əlaqələrdən daha sıxdır, ancaq xatırlamıram ki, hər hansı gürcü rəsmi Dağlıq Qarabağdakı separatizmi pisləsin və bunun yolverilməz olduğunu vurğulasın. Poroşenko Cənubi Qafqaz ölkələrindən də yalnız Azərbaycana səfər edib”.
E.Şahinoğlu təəssüflə qeyd edib ki, Qərb ölkələri, Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı Krımın ilhaqını birmənalı pislədiyi halda, eyni yanaşmanı Qarabağ məsələsində ortaya qoymurlar: “Onlar işğalçıya qarşı sanksiyalar həyata keçirmir, tam əksinə onunla əməkdaşlıq edirlər. Bu, ikilistandartlardır. Qərb ölkələri Rusiyanı haqlı olaraq cəzalandırdıqları halda Ermənistanla nəvazişlə davranır. Halbuki, Dağlıq Qarabağ və ətraf rayonları işğal edən Ermənistanla Krımı işğal edən Rusiya arasında fərq yoxdur.
Buna baxmayaraq, Poroşenkonun Davosda Azərbaycana birmənalı dəstək ifadə etməsi o baxımdan bizim üçün vacibdir ki, Ukrayna Qərbin bölgədə təhlükəsizliyinə önəm verdiyi ölkədir. Poroşenkonun Davosdakı açıqlaması Ermənistanla yanaşı Qərbə də mesajdır ki, Azərbaycanın ərazi bütövlüyünə həssas yanaşılmalıdır.
Digər tərəfdən Rusiyanın xarici işlər naziri Sergey Lavrov son mətbuat konfransında Ermənistanın mövqeyini dəstəklədi və bu hal Azərbaycan cəmiyyəti ilə yanaşı rəsmi Bakının da ciddi narahatlığına səbəb oldu. Ümumiyyətlə aydın oldu ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı deyil. Belə olan halda biz Rusiyaya mesaj yollamalıyıq ki, Azərbaycanın kifayət qədər strateji tərəfdaşı var. Onlardan biri də Ukraynadır”.
934 dəfə oxundu