Tramp Qarabağ problemini həll etsə, Nobel alacaq - "The Washington Times"

 Tramp Qarabağ problemini həll etsə, Nobel alacaq -


“The Washington Times” qəzetində "Caspian Group Holdings"in direktoru Rob Sobhaninin “Trampın Nobel mükafatı: Azərbaycan ilə Ermənistan arasında sülh bütün tərəflərin maraqlarına cavab verir” sərlövhəli məqaləsi dərc edilib.

Müəllim məqalədə vəzifələrinin icrasına ötən həftə başlamış ABŞ-ın 45-ci Prezidenti Donald Trampı Dağlıq Qarabağ münaqişəsini nizamlamaq və Ermənistan ilə Azərbaycan arasında sülh yaratmaq üçün səylər göstərməyə çağırır.

R.Sobhani yazır ki, saziş imzalamaq təcrübəsindən istifadə etmək və Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmək üçün Prezident Donald Trampa tarixi imkan yaranıb. 1991-ci ildə Ermənistan ilə Azərbaycan arasında irimiqyaslı müharibə başlayıb və 1994-cü ildə atəşkəs rejiminin bərqərar edilməsinə baxmayaraq, silahlı toqquşmalar hələ də davam edir. R.Sobhani vurğulayır ki, münaqişə zamanı bir milyondan çox azərbaycanlı doğma yurd-yuvasından didərgin salınıb və Azərbaycan ərazisinin 20 faizi Ermənistan qoşunlarının işğalı altındadır.

Ermənistan ilə Azərbaycan sülh şəraitində yaşamağa layiqdirlər və Prezident D. Tramp hər iki tərəf üçün məqbul diplomatik təşəbbüs vasitəsilə bu xalqlara sülhü bərqərar etmək imkanı bəxş edə bilər. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının uğuru bütün dünyaya onu da nümayiş etdirəcək ki, ABŞ qlobal sabitlik sahəsində tədbirləri dəstəkləməyə davam edir.

Qeyd etmək lazımdır ki, D.Tramp Böyük Yaxın Şərq regionunda Azərbaycan Prezidenti İlham Əliyev kimi etibarlı tərəfdaş tapa bilməz. İsrailin Baş naziri Binyamin Netanyahunun bu yaxınlarda Bakıya səfəri zamanı vurğuladığı kimi, Azərbaycan dünyada birmənalı şəkildə Vaşinqtonun diqqətinə layiq olan azsaylı müsəlman ölkələrindən biridir.

R.Sobhani daha sonra yazır ki, sülh yolu ilə nizamlanma planı çərçivəsində Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bunun müqabilində Azərbaycan Ermənistan ərazisindən keçməklə, Avropaya ixrac qaz kəməri çəkəcək və Azərbaycanın Dağlıq Qarabağ regionunun ermənilərinə ən yüksək muxtariyyət verəcək. Müəllif yazır ki, bu plana görə, birgə barışıq və yenidənqurma fondu iki ölkə arasında infrastruktur layihələrə, məsələn, Ermənistan ərazisindən keçməklə, Bakıdan Naxçıvana yüksək sürətli sərnişin qatarı layihəsinə, habelə Ermənistanda köhnəlmiş Metsamor atom elektrik stansiyasını əvəzləyəcək təhlükəsiz və etibarlı atom elektrik stansiyasının tikintisi üçün ABŞ, Fransa və Rusiya arasında tərəfdaşlığın yaradılmasına sərmayə yatıra bilərdi. R.Sobhani sonda yazır ki, Prezident D.Tramp azad dünya ölkələri birliyinin lideri rolunda Ermənistan və Azərbaycana sülh bəxş etməyə və bununla da, layiq olduğu Nobel Sülh mükafatını almağa qadirdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
859 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...