ATƏT Bakıdakı ofisinin bağlanması ilə bağlı bəyanat yaydı
ATƏT-in Bakıdakı Layihələr Koordinatorluğuna dair qarşılıqlı anlaşma memorandumunun ləğv edilməsi ATƏT çərçivəsində Azərbaycanla əməkdaşlığa heç bir formada zərbə vurmur. Bu barədə APA-ya ATƏT-in mətbuat mərkəzindən bildirilib. Mərkəzdən bildiriblər ki, Layihələr Koordinatorluğunun fəaliyyətinin davam etdirilməsinin imkanları ilə bağlı gələcək addımlara dair dialoqun davam etdirilməsinə baxmayaraq, təşkilat fəaliyyətin dayandırılmasına dair texniki proseslərə başlayıb.
Qeyd olunub ki, ATƏT-in Bakıdakı Layihələr Koordinatorluğunun mandatı 31 dekabr 2015-ci il tarixinədək qüvvədədir. Bu qərar ATƏT-in Daimi Şurasının 27 noyabr 2014-cü il tarixli iclasında təşkilatın üzvləri ilə konsensus çərçivəsində qəbul edilib.
Xatırladaq ki, Azərbaycan hökuməti ATƏT-in Bakıdakı Layihələr Koordinatorunun fəaliyyətinin dayandırılması barədə qərar verib. Bu barədə müvafiq məktub bu il iyunun 3-də Azərbaycan Xarici İşlər Nazirliyindən ATƏT-in Vyanadakı baş ofisinə göndərilib.
Məktubda deyilir ki, Azərbaycan hökuməti artıq ATƏT-in Layihələr Koordinatorluğunun Bakıda fəaliyyəti üçün zərurət görmür. Buna görə Azərbaycan hökuməti 2015-ci il iyunun 4-dən etibarən Azərbaycan hökuməti və ATƏT arasında bağlanmış ”ATƏT-in Bakıda Layihələr Koordinatoru haqqında qarşılıqlı anlaşma Memorandumu"nu qüvvədən düşmüş hesab edir.
1 181 dəfə oxundu