Məmurlarımız niyə xaricdə müalicəyə üstünlük verir?

Məmurlarımız niyə xaricdə müalicəyə üstünlük verir?


Adil Qeybulla: “Bu, Azərbaycan üçün bir qürur məsələsidir...”

Bu günlərdə İsrail mətbuatında baş nazirin müavini Abid Şərifovun İsrail xəstəxanasında müalicə olunduğu barədə məlumat yayıldı. Məlumata görə, baş nazirin 77 yaşlı müavininin ürəyində hələ keçən həftə problemlər yaranıb və o, Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib. Lakin onu müayinə edən yerli mütəxəssislər həyatına təhlükə yarandığını və müalicə üçün İsrail kardioloqlarına müraciət etməsini məsləhət görüblər.

Qeyd edək ki, bundan əvvəl də digər nazir və məmurların xaricdə müalicə aldığı məlumdur. Məsələn, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun 2015-ci ildə İsveçrədə, bir neçə il qabaq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Türkiyədə müalicə olunduğu barədə məlumatlar yayılmışdı. Bu siyahını bir qədər də genişləndirmək olar. Müşahidələr onu göstərir ki, azərbaycanlı məmurlar müalicə almaq üçün daha çox Türkiyə, Almaniya, Rusiya, İsrail, Amerikaya üz tutur. Hətta bir çox məmurlar dərmanları belə Azərbaycandan deyil, xaricdən alırlar.

Maraqlıdır, bəs niyə dövlət məmurlarımız öz sağlamlıqlarını yerli səhiyyəyə etibar etmirlər?


Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzuya bu cür şərh bildirdi: “Mətbuatda yayılan xəbərlərdən belə məlum olur ki, Abid Şərifovun İsraildə keçirdiyi əməliyyat əslində Azərbaycanda mümkün olan əməliyyatdır. Ola bilər ki, hansısa ciddi məqamlar olsun. Amma əgər o əməliyyatın icrası ölkədə mümkündürsə onun İsraildə keçirilməsi suallar doğurur. Belə fikir formalaşır ki, niyə məmurlar özlərinin qurduğu səhiyyəyə özləri etibar etmir? Buna həm səhiyyə, həm də həmin məmurlar cavabdehdirlər. Düşünürəm ki, ilk növbədə bu məsələ həm səhiyyəyə etimad, həm də Azərbaycan üçün bir qürur məsələsidir. Doğrudan da bir çox əməliyyatlar və ya müalicələr Azərbaycanda yaxşı aparılır. Avropada, Türkiyədə təcrübə keçmiş şəxslər bu gün uğurla müalicə edir, əməliyyatlar aparırlar. Bəs niyə məmurlar bundan yararlanmasın? Necə olur ki, Azərbaycan prezidentinin qızı ölkədə müalicə ala bilir, amma hansısa icra başçısı və ya digər məmur cüzi bir müalicə üçün xaricə gedir? Yəni bu məsələlər aydınlaşdırılmalıdır. Bəli, bizdə nümunələr var ki, bəzi məmurlar ən ağır əməliyyatlarını belə Azərbaycanda keçirirlər. Lakin təəssüf ki, belə nümunələr çox azdır, hamıya aid deyil”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova qeyd etdi ki, məmurların müalicə üçün xaricə üz tutması ölkə səhiyyəsinin keyfiyyəti ilə bağlı deyil. Onun sözlərinə görə, son illərdə xarici ölkədə müalicə almaq istəyən insanların sayı bir neçə dəfə azalıb: “Xarici ölkələrə gedib, xətalarla özümüzə qayıdan, beləliklə yenidən ölkədə müalicə almaq istəyənlər artıq çoxalıb. O ki qaldı kiminsə xarici ölkədə müalicə almaq istəyinə, demokratik ölkədə yaşayırıq, insanlar hazırda xarici ölkələrə tez-tez gedirlər, yollar açıqdır və əgər kimsə getdiyi xarici ölkədə müalicə alırsa, bu onun şəxsi işi, istəyidir. Şükür ki, imkanı var, gedib xaricdə müalicə alır. Heç kim, heç kəsi nəyəsə məcbur edə bilməz. Bizim səhiyyəmizə təkcə ölkəmiz deyil, artıq bütün dünya qiymət verir. Xəstəxanalardakı vəziyyəti, avadanlıqları hər kəs görür. Deyə bilmərik ki, qüsurumuz yoxdur, hər bir yerdə qüsur var. Həkimlərimiz xaricə təkmilləşmə kursları keçir, eyni zamanda xarici mütəxəssislər gəlib burada kurslar təşkil edirlər. Yəni demək olmaz ki, məmurlarımızın müalicə üçün xarici ölkəyə üz tutması səhiyyəmizin keyfiyyəti ilə bağlıdır. O demək deyil ki, həmin şəxs Azərbaycanda müalicə almır. Həm ölkədə, həm də xaricdə müayinələrdən keçir. Bu, bütün dünyada belədir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
748 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...