“Müsavata ateistlər rəhbərlik edir, dini ələ salırlar” – Tural Abbaslıdan şok ittihamlar
"Müsavatçılığa indi ən sadiq bizik, təki geridəqalmışlığımız Osmanlıya söykənsin”
Aprelin 16-da Türkiyədə keçiriləcək referenduma "hə” deyən siyasi qüvvələrdən biri də Azərbaycandadır.
Söhbət son illərdə neoosmançı ideoloji baxışlarla meydana çıxan və ətrafına türk-islam xəttini dəstəkləyən gəncləri toplayan AĞ partiyadan gedir. Ancaq sosial şəbəkələrdə onlara ünvanlanan tənqidlər də az deyil.
AĞ partiyanı kimisi mollalılığı, kimisi geridəqalmışlığı təbliğ etməkdə, kimisi də Ərdoğanın teokratik diktatura dövləti qurmasına dəstək verməkdə ittiham edir.
Ona görə də referenduma sayılı günlər qalmış AĞ partiya başqanı Tural Abbaslı ilə bu suallara aydınlıq gətirməyə çalışmışıq.
T.Abbaslı BakiPost.az-a müsahibəsində Feysbukda partiyaya yönəlik fikirlərlə bağlı hər şeydən danışıb:
- Tural bəy, AĞ partiyada işlər necə gedir?
- Bizim partiyanın fəaliyyəti ölkədəki ümumi siyasi proseslərdən kənarda qalmayıb və hər bir əhəmiyyətli məsələdə partiya öz mövqeyini bildirir. Eyni zamanda ideoloji kursumuzun təbliği istiqamətində işlərimizi gücləndirmişik.
Həm sosial şəbəkələrdə, həm mediada, həm də görüşlərimizdə bu ideologiyanın milli maraqlara xidmət etdiyini təbliğ edirik və yad ideologiyaların Azərbaycana faydası olmayacağını başa salmağa çalışırıq.
Bu təbliğatın da müsbət nəticələri var: partiyaya yeni-yeni gənclər üzvlük üçün müraciət edir, təşkilatlanırıq, strukturlaşma gedir, yəni artıq bir siyasi qüvvəyə çevrilməkdəyik.
Hesab edirəm ki, ümumi tendensiyada inkişaf var və cəmiyyət əvvəlki dövrlə müqayisədə bizi daha çox tanımağa başlayır, fikirlərimizi qəbul edir, bölüşür.
- Ağ partiya Müsavatın qurultayından sonra istefa verən bir qrup gəncin çiyinləri üzərində qurulub. Bu mənada Ağ partiyanı Müsavat və Rəsulzadənin varisi hesab etmək olarmı?
- Nəinki Ağ partiyanı, özünü bu yolun fədaisi sayan hər kəsi Rəsulzadənin davamçısı hesab edirəm.
Bəlkə də müsavatçılıq ideologiyasının indi ən sadiq partiya bizik. Müsavat hümmətçi, sonra millətçi, yekunda sağ-mərkəzçi partiya olub.
Müsavatçılıq türkçülük-islamçılıqdır. Amma indi Müsavat rəhbərliyi ateistdirlər, ateizmi reklam edirlər, dini ələ salırlar, özlərini müsavatçı sayırlar. Mən ateist olmaqda qəbahət görmürəm, amma özlərinə müsavatçı deməsinlər. Hətta partiyanın qapalı iclaslarından birində deyilib ki, anti-din çıxışlarınızı dayandırın, dini düşmən etməyin bizə.
- Yəni ateist müsavatçı ola bilməz?
- Yenə deyirəm ki, qəbahət bir iş yoxdur. Amma gəlin baxaq, avroskeptiklər var və Avropa tərəfdarları var.
Onların bir təşkilatda fəaliyyəti nə dərəcədə mümkündür? Yəni, olduğunuz kimi görünün, qeyri-səmimiliklə hara qədər gedəcəksiz?
Xalq çörəyi "qulağına yemir” axı?! Yenə də özləri bilər, bugünkü Müsavat partiyası mənə maraqlı deyil. Partiyanın fəaliyyəti də hansısa siyasi arenaya təsir etmir.
- Mən bu sualı ona görə verdim ki, niyə özünü Rəsulzadənin varisi sayan Ağ partiya neoosmançı ideologiyanı təbliğ edir?
- Biz ideoloji baxışlarımızı açıqlamışıq və izah etmişik. Əgər türkçülük və islamçılıq müsavatçılıqdırsa, adların dəyişməsində problem görmürəm.
Hətta Azərbaycanın Osmanlının tərkibində olması haqda tezislər olub. Düzdür, biz indi bunun tərəfdarı deyilik. Ancaq müsavatçılıq da, neoosmanizm də islama və türkçülüyə söykənir.
Bu ideoloji kursu milli görüş hesab edirik. AKP-nin bütün seçkilərdə qalib edən bir baxışdır və türk-islam birliyinin ideoloji xəttidir.
Məsələn, sosial şəbəkələrdə müxalif elitanın danışdıqları əyalətlərdə qəbul olunmur. Əgər sən xalqa söykənmirsənsə və yad ideologiyanı təbliğ edirsənsə, onda insanlar səninlə bir yerdə olmayacaqlar. Sən xalqın ayağına getməlisən, xalq sənin ayağına yox.
Baxın, Elçibəy hakimiyyəti türkçülüyə və islama söykənirdi, idarəçiliyə də bu ideoloji baxışı olanlar gətirilmişdi. Çünki xalqa yad ideologiya deyildi.
- Amma Tural bəy, gənc bir partiyanın imperiya dövlətinin baxışını ideoloji təmayül kimi götürməsini geridəqalmışlıq kimi qəbul edənlər var və Feysbukda tez-tez bu haqda yazırlar...
- Təki köhnəliyimiz Osmanlı imperiyasına söykəsin. Nəinki kapitalist, istismar üzərində qurulmuş imperiyalara. Belçika, Hollandiya, Norveçdə monarxiya deyilmi?
İngiltərə krallıq deyilmi? Bizi dünya birliyi ittiham edə bilməz. Çünki keçmişimizə söykənirik və şərəf duyduğumuz babalarımızın yolu ilə gedirik.
Onda Avropa dövlətləri krallıqlardan imtina eləsin. Niyə İspaniya, Norveç krallıqdan imtina etmir, keçmişinə sədaqət göstərir? Onlarda keçmişə sədaqət gerilik sayılmır, amma bizdə sayılır?
Yaponiyada imperatorluqdur. Amma dünyada ən inkişaf etmiş ölkələrdən biridir. Sadəcə, bəzi adamlar məlumat kasadlığından əziyyət çəkir və bizə mənasız replikalar atırlar. Əminəm ki, öz siyasi xəttimizi tapsaq, onda inkişaf yolumuzu müəyyən edəcəyik. Bu da türk-islam birliyidir.
- Sizə ən çox ünvanlanan tənqidlərdən biri budur ki, Azərbaycandakı referenduma "yox” deyən partiya Türkiyədəki referenduma "hə” deyir. Bunu necə izah edərdiz?
- Bizi tənqid edənlər fərqi anlamırlar ki, Türkiyədəki referendum hər hansı şəxsin ömürlük prezident seçilməsi deyil, əksinə, millət vəkillərinin sayı 50 nəfər də artırılır.
Kılıçdaroğlu güclü olsun, gəlsin prezident seçilib ölkəni idarə eləsin. Kim nə deyir ki? Türkiyədə seçkilərin saxtakarlıqla keçirilməsi haqda heç bir partiya bu günə kimi bəyanat səsləndirməyib.
Bunu bizə deyənlərin Azərbaycan siyasətindəki riyakarlığıdır. Hər dövlətin daxili strukturu, siyasi quruluşu var.
Əgər Azərbaycandakı referendum siyasi hakimiyyətin ömrünü uzadırsa, onda Fransa prezident idarəçilikdən imtina etməlidir? Bir güvəyə görə yorğanı yandırmazlar.
Əgər Türkiyədəki bu dəyişiklik monarxiyaya xidmət edirsə, niyə bizdə müxalifət qüvvələri monarxik dövlətlərlə əməkdaşlığı fəxr hesab edirlər? Onlarla görüşən krallıq nümayəndəsi deyilmi?
Onlara gələn dəvətnaməyə baxsınlar, Böyük Britaniya krallığı, Norveç krallığı yazıb. Onlar bu məsələdə malı mala qatıblar.
Biz Azərbaycanda konstitusiyaya edilən dəyişikliyə etiraz etmişik. Türkiyədə isə bu dəyişikliyi müsbət sayırıq. Çünki ölkələrin siyasi şəraitləri fərqlidir.
- Hər halda parlament üsul-idarəsindən prezident idarəçiliyinə keçid anti-demokratik dəyişiklik deyilmi?
- Demokratiya abstrakt anlayış deyil. Türkiyədə mərkəzləşmiş hakimiyyət lazımdır. Orda bizi kimi 10 milyon əhali yoxdur.
Türkiyədə milli və dini azlıqlar var, hərənin baxış bucağı və dünyadakı müxtəlif dairələrin, 5-ci kolonların bu ölkə ilə bağlı öz maraqları var. Bu halda Türkiyədə güclü hökumət lazımdır.
II Dünya Müharibəsinə ən güclü girib ən zəif çıxmış dövlət Türkiyə olub. Niyə? Çünki zəif hakimiyyəti var idi.
Türkiyə siyasi stabilliyə doğru getməlidir. Bunun üçün mərkəzləşmiş dövlət strukturu qurulmalıdır. Bir mərkəzdən idarə olunan siyasi sistem lazımdır.
- Ancaq AKP hökumətinin siyasətinin hər addımında din faktorları hiss olunurmu?
- Türkiyə telekanallarına gəlin baxaq, ifrat Qərbləşmiş TV-lər var. Dünənə kimi saqqalısansa işə buraxılmırdın, namaz qılırdınsa, hicablıydınsa işsiz qalırdın. Bu gün onlar yoxdur. Bu o demək deyil ki, ölkəni molla dövləti ediblər.
İnsanlar azaddır və hicablı da, başıaçıq da sərbəstdir. Osmanlı dövründə də belə olub. Ona görə də Türkiyənin iranlaşdırılması haqda fikirlər illuziyadır. Xalqın ibadətə, imana qayıtmasından qorxmaq lazım deyil.
Onda Tramp anasının bağışladığı Bibliyanı protokoldan kənara çıxaraq konstitusiyanın altına gətirdi. Hər həftə xristianlar kilsəyə gedirlər. Onda həmin dövlətlərdə idarəçilikdə xristian fanatlığı var deməkdir?
Ən varlı ailələr belə nikahını kilsədə kəsdirir. Nikah aktını kilsə bağlayır, dövlət yox. Amma bizdə hansısa alçaq qardaşı qızını qaçırır, məsələ kənarda qalır, mollanın kəbin kəsməsinin müzakirə edib dinin üstünə yıxırlar.
- Ümumiyyətlə, Ağ partiyanın Türkiyədəki referendumla bağlı Feysbukda apardığı kampaniyanın Türkiyə cəmiyyətinə və AKP-yə nə kimi təsiri var? Sizin səs vermək hüququnuz olmadığı halda...
- ABŞ-da seçki marafonu ərəfəsində Feysbukda azərbaycanlılar Tramp, yoxsa Hillari seçilsin diskussiyası aparırdı, bu müzakirə dünyanın hər yerində gedirdi, eləcə də bizdə. Həmin müzakirələrin bizə nə qədər təsiri varsa, bizim də Türkiyədəki referendum barədə polemikamızın o qədər təsiri var.
Əslində, Türkiyədəki prosesləri təkcə onların daxili işi deyil. Türkiyənin güclənməsi AKP-ni İraqda, Suriyada, regionda söz sahibi edir, Türkiyə məzlum və əzilmiş türk-islam kimliyi olanlara sahib çıxan dövlət qismində çıxış edir. Azərbaycan, Rusiya, Fransa kommunist partiyaları var.
Onların ideoloji görüşləri budur, eləcə də liberalların ittifaqları var. Biz də hesab edirik ki, türk-islam xəttinin sərhədi olmamalıdır və bu ideologiyanın inkişafına dəstək verilməlidir.
Rusiyada, İranda və Türkiyədə baş verən proseslərin bizə aidiyyəti və təsiri var. Bu və ya digər formada siyasətimizə təsir edir və üstəlik ideoloji baxışlarımız eynidirsə, bu müzakirələrdən kənarda qala bilmərik. Ancaq daxildəki siyasətimizi də unutmamalıyıq və yürütməliyik.
- Daxili siyasət demişkən, Milli Şuranın bugünkü mitinqinə qoşulursuzmu?
- Mitinqlərin ümummüxalifət olmasını istərdik. Düşünürük ki, siyasi arenada bir partiyanın öz diktəsi ilə aksiya keçirməsi prosesə təsir edir.
Uzaqbaşı müxalifətdaxili yarışda birinci etmir. Ona görə də bugünkü mitinqdə iştirak etməyəcəm.
Hesab edirəm ki, bu mitinq xalqın maraqları üçündürsə, onda digər parityaları kənarda saxlamaq olmazdı. Dünənə kimi birlikdən danışanlar bu gün özləri ayrılıqda mitinq edirlər.
831 dəfə oxundu