Azərbaycan neftin əvəzinə hansı məhsullardan gəlir əldə edə bilər? - ŞƏRH
Dünya bazarlarında neftin qiymətlərinin kəskin ucuzlaşmasından sonra Azərbaycan iqtisadiyyatının neftdən asılılığını azaltmaq üçün “qara qızıl”ı hansı məhsul əvəz ertməlidir, yaxud əvəz edə bilər?
Modern.az-ın bu qəbildən olan suallarını iqtisadçı Vüqar Bayramov cavablandırıb.
“Başqa bir məhsulun nefti əvəzləməsi doğru yanaşma deyil”
O deyib ki, neftdən asılılığı aradan qaldırmaq üçün hansısa bir məhsuldan asılılıq yaratmaq doğru deyil:
“Bu baxımdan rəqabət qabiliyyətli sektorların hamısının dəstəklənməsi, ixrac imkanlarının istehsalının artırılmasına ehtiyac var. Azərbaycanda aqrar sektor birmənalı şəkildə ixrac imkanlarına malik olan sektordur. Aqrar sektorun ixrac baxımından əsas çətinliyi ondan ibarətdir ki, daha çox ənənəvi bazarlara çıxış imkanlarımız var. Bu gün ixrac etdiyimiz kənd təsərrüfatı məhsullarının 90 faizi Rusiya bazarlarına daxil olur. Bu da yalnız bir bazardan asılılığın olduğunu göstərir.
Aqrar sektorda tərəvəzçilik və meyvəçilik konkret müqayisəli üstünlüyə malikdir. Yerli istehsalda rentabellik baxımından heyvandarlıq önə çıxır. Çünki ət və ət məhsullarına tələb qalmaqdadır”.
“İnkişaf üçün proseduraların sayı azaldılmalıdır”
İqtisadçı bildirib ki, ilk növbədə müqayisəli üstünülüyə malik sektorlar müəyyənləşdirilməlidir:
“Pambıqçılıq, baramaçılıq və tütünçülüyün məşğulluğun təmin edilməsində rolu böyükdür. Sənaye sektorunda kimya və yüngül sənayenin müqayisəli üstünlükləri müşahidə edilir.
Həm aqrar, həm də sənaye sektorunda müqayisəli üstünlüyə malik sektorların dəstəklənməsinə, proseduraların sadələşdirilməsinə, vergi güzəştlərinin dairəsinin genişləndirilməsinə, dövlət dəstəyinə ciddi ehtiyac var. Bütün bunlar Azərbaycanın ixrac potensialından tam istifadəyə gətirib çıxara bilər.
Bu baxımdan 2015-2016-cı illərdə ixrac yönümlü məhsulların artırılması və onun idxalla əvəzlənməsi istiqamətində addımlar atılıb. İnvestisiyanın təşviqi sənədi, subsidiyalaşamanın dairəsinin genişləndirilməsi, daha çox məhsula subsidiya verilməsi, mexanizmin təkmilləşməsi müsbət məqamlardır. İndiki məqamda əsas hədəf sahibkarların fəaliyyətinə müdaxilələrin tamamilə aradan qaldırılması olmalıdır. Eyni zamanda, Azərbaycanda idxal-ixrac günlərinin və proseduraların sayı həddindən çoxdur”.
Dayanıqlı iqtisadiyyat üçün lazım olan vaxt...
V.Bayramovun sözlərinə görə, dayanıqlı iqtisadiyyatın yaradılması üçün təxminən 7 il lazımdır:
“3 makroiqtisadi göstəricilərdə neftdən asılılığı aradan qaldırmaq vacibdir. Ümumi Daxili Məhsulda (ÜDM) neftdən asılılığa praktik olaraq nail olunub. Çünki ÜDM-nin 68 faizi qeyri-neft sektorunun payına düşür. Hazırda ixracatda neftdən asılılığın aradan qaldırılmasına ciddi ehtiyac var. I rübdə qeyri-neft ixracatının artmasına baxmayaraq, ixracatın 85 faizi neft məhsullarının payına düşür. Eyni zamanda büdcə gəlirlərinin yarısı neftin, digər yarısı qeyri-neft sektorundandır.
Bu istiqamətdə də ən azı ÜDM-dəki səviyyəyə nail olmaq lazımdır. Fəaliyyətlərin davam etdiriləcəyi, islahatların icra müddətindən asılı olaraq neftdən asılılıq aradan qalxacaq. Amma nəzərə almaq lazımdır ki, bu islahatlar strateji xarakter daşıyır və qısa müddətdə nəticə əldə olunması gözlənilən deyil. Bizim qiymətləndirmələrimiz göstərir ki, 2020-ci ildən başlayaraq neftdən asılılığı aradan qaldırmaq mümkün olacaq. Digər ölkələrin təcrübəsi göstərir ki, tamamilə neftin unudulması və iqtisadiyyatın dayanıqlı şəkildə qeyri-neft sektorunun üzərində qurulması üçün 7 ilə lazımdır”.
1 049 dəfə oxundu