Təcavüzkara növbəti dərs vermək zərurəti yaranıb - düşmən təxribatları savaşa aparır
Hərbi və siyasi ekspertlər İrəvanın işğalçı siyasətinin qarşısında yeganə variantın olduğunu güman edirlər; Türkiyə-Azərbaycan birgə təlimləri Qarabağda davam etdirilə bilərmi?; Müdafiə Nazirliyindən sorğumuza cavab...
Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimləri uğurla davam edir. Mayın 5-də başa çatacaq təlimlərin artıq düşməni ciddi şəkildə narahat etdiyi aydın görünür, ilk günlərin müəmmalı sükutundan sonra işğalçı ölkədən verilən reaksiyalar da bunu təsdiqləyir. Ermənistanın ayrı-ayrı çevrələrində təşviş var ki, Azərbaycan və Türkiyə hərbi birləşmələri qəfildən Qarabağ torpaqlarının azad olunması əməliyyatına başlaya bilər.
Müdafiə Nazirliyinin məlumatına görə, təlimə cəlb edilən bölmələr növbəti mərhələdə qarşılıqlı uzlaşma şəraitində müxtəlif döyüş elementlərini yerinə yetiriblər. Təlim mərkəzində iki qardaş ölkənin bayraqları altında qarşıya qoyulan tapşırıqları yerinə yetirən hərbi texnika və döyüş helikopterlərini görəndə dost sevinir, düşmənin bağrı yarılır. Görünür, elə buna görədir ki, Ermənistan Müdafiə Nazirliyi son günlər bir-birinin ardınca Azərbaycan ordusunun Ermənistanın Tavuş vilayətindəki mövqeləri “atəşə tutduğu” barədə saxta məlumatları yaymaqda davam edir. Növbəti belə məlumat mayın 3-də yayılıb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan belə bir iddia ilə çıxış edib. Mayın 2-dən 3-nə keçən gecə Ermənistandakı mövqelərin “atəşə məruz qaldığı” barədə şivən qoparan Ovannisyan həmçinin bildirib ki, itki yoxdur.
Ancaq Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına diqqət yetirdikdə, məsələnin mahiyyəti üzə çıxır. Rəsmi açıqlamada deyilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 119 dəfə pozub. Düşmənin atəş açdığı mövqelərdən bir hissəsi Ovannisyanın dediyi Tavuş vilayətinin “payı”na düşür. Təbii olaraq Azərbaycan tərəfi düşməni cavab atəşi ilə susdurmağa məcbur olub. Deməli, düşmən məqsədli şəkildə Ermənistan-Azərbaycan sərhədində atəşkəsi pozur ki, Azərbaycan tərəfdən atılan güllələrin statistikasını aparsın və iddialarını ictimailəşdirsin. Sözsüz ki, Ermənistan tərəfi gərginliyi iki dövlət sərhədinə keçirməklə məsələyə Rusiyanın, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının diqqətini cəlb etmək istəyir. Dəfələrlə qeyd etdiyimiz kimi, İrəvan Qarabağ cəbhəsində uğursuzluğa düçar olduğu üçün savaşı iki ölkənin sərhədlərinə keçirmək, münaqişəyə üçüncü qüvvənin cəlb olunması üçün “əsas” hazırlamaq istəyir. Mayın 2-də Ermənistan nümayəndəsi Yuri Xaçaturovun KTMT-nin baş katibi vəzifəsinin icrasına başlaması da işğalçı ölkəni müəyyən qədər həvəsləndirib və bu “şans”dan maksimum yararlanıb Azərbaycana zərbə vurmaq istəyir.
Lakin düşmənin yolunu kəsən bir sıra məsələlər var. Bu sırada Rusiyanın tanınmış politoloqlarından biri Aleksandr Duqinin xəbərdarlıqları da işğalçını tərəddüd qarşısında qoyur. Rusiya hakimiyyətinin mətbəxinə yaxından bələd olan ekspertin “savaş başlasa, Rusiya Ermənistana kömək etməyəcək” deməsi erməniləri narahat etməyə bilməz. Düzdür, Duqin Rusiyanın Azərbaycanın da yanında olmayacağını deyib. Ancaq yetər ki, Moskva əlini işğalçı Ermənistanın kürəyindən götürsün və onu Azərbaycanla təkbətək buraxsın. A.Duqinin “əgər Ermənistan Rusiyanın bu ağır günlərində üzünü Qərbə doğru çevirsə, yer üzündən silinəcək” - xəbərdarlığı da unudulmayıb. Üstəlik, onun bugünlərdə Bakıda Ermənistanı 5 rayonu azad etməyə çağırması da işğalçı üçün xoş olmayan perspektivlərdən xəbər verir.
Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri də, qeyd etdiyimiz kimi, işğalçının rahatlığını pozur. Türkiyə birgə hərbi təlimləri bizə hansı üstünlüklər vəd edir?
Gələcəkdə iki ölkənin Rusiya-Ermənistan birgə hərbi birləşmə, yaxud hərbi bazasının yaradılması gündəmə gələ bilərmi? Qarabağın azad olunması əməliyyatında birgə iştirak necə, mümkündürmü? Bu suallarla Müdafiə Nazirliyinə (MN) müraciət etdik. Mətbuat xidmətindən “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirdilər ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi sahədə müqavilə və sazişlərə əsasən hər il iki ölkənin Silahlı Qüvvələri müxtəlif tədbirlərdə iştirak edir. Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında 2016-cı il ərzində Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Şahini 2016", ”TurAz Qartalı-2016" birgə uçuş-taktiki, “Anadolu Qartalı-2016" çoxmillətli, ”İŞIK-2016" beynəlxalq axtarış-xilasetmə və digər təlimlər keçirilib. Nazirlikdən bildirildi ki. mayın 1-dən başlanan taktiki təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirmək, əlaqələndirməni inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır. “Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlıq, eləcə də bu təlimlər bölgədə təhlükəsizliyin, sabitliyin və əmin-amanlığın qorunmasına yönəlib” - cavabda daha sonra qeyd olunub.
Üstəlik, Rusiya-Türkiyə münasibətlərinin getdikcə yaxşılaşması, Ankara və Moskva arasındakı neqativlərin aradan qaldırılmasını Ermənistan həzm edə bilmir. İrəvan çox istərdi ki, bu iki böyük dövlət arasında soyuqluq illərlə davam etsin və onlar Qarabağ məsələsində Ermənistanı hansısa güzəştə vadar etməklə bağlı anlaşmaya gələ bilməsinlər. Mayın 3-də Soçidə keçirilən Rusiya və Türkiyə prezidentlərinin görüşündə Qarabağ məsələsinin də müzakirə mövzusu olduğu şübhə doğurmur. Çünki bu münaqişənin davam etməsi bölgənin sabitliyini ciddi şəkildə təhdid edir.
May ayında düşmənin Şuşa və Laçının işğalının 25 illiyini qeyd etməyə hazırlaşmasına Azərbaycanın sərt reaksiya verə biləcəyi də ehtimal olunur. Aydın məsələdir ki, düşmən bu təxribatlara məqsədli şəkildə əl atır, gərginliyi artırmağa çalışır. Görünür, elə buna görə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 4-də Ağdam rayonu ərazisində, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, növbəti monitorinqin keçirilməsi planlaşdırılıb. Bu haqda Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndə səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər (Report.az). Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər.
Ermənistan prezidenti Serj Sərkisyan isə bu arada Silahlı Qüvvələrin Baş Qərargahı rəisinin müavini general-leytenant Enriko Apriamovu vəzifəsindən azad edib. Axar.az erməni mətbuatına istinadən xəbər verir ki, Sərkisyan bununla bağlı sərəncam imzalayıb. Enriko Apryamov hərbi xidmətdən də uzaqlaşdırılıb. Erməni tərəf generalın öz istəyi ilə uzaqlaşdığını desə də, digər mənbələr fərqli xəbərlər yayır. Düşmən ordusunda ötən ilin aprelində yaşanan gərginlik hələ də davam edir.
Image result for Üzeyir Cəfərov
Azərbaycan dövləti isə işğala son qoyulması istiqamətində növbəti addımlarını uğurla davam etdirir. Ordumuzun arsenalının müasir silahlarla zənginləşdirilməsi istiqamətində işlərlə bağlı açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov deyib ki həmin silahlar isə ən müasir yəni, beşinci nəsil silahlardır. “Bundan sonrakı illərdə də ermənilər üçün reytinq açıqlamaları o qədər də ürəkaçan olmayacaq” - hərbi ekspert deyib (axar.az). Ekspert bildirib ki, Ermənistan tərəfi də Azərbaycanın hərbi gücünün artmasının fərqindədir. Həm rəsmilər, həm də bəzi ekspertlərin verdikləri açıqlamalar buna sübutdur. Aprelin 28-də Moskvada keçirilən Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edən erməni ekspert Riçard Kirakosyan Azərbaycanın hərbi güc dilində danışması və sürətlə silahlanmasının İrəvanda qorxu və narahatlıq doğurduğunu deyib.
Qeyd edək ki, “Global Firepower Index” (Hərbi Gücün Qlobal İndeksi) təşkilatı 2016-cı il üzrə dünya ölkələri ordularının reytinq siyahısını açıqlayıb. Hesabatda Azərbaycan hərbi gücünün reytinqinə görə 126 dövlət arasında 59-cu yerdə qərarlaşıb. Qardaş Türkiyə ötənilki mövqeyinə görə ilk onluqda yer alaraq 8-ci, Gürcüstan 80-ci, Ermənistan 95-ci olub.
Sülh danışıqlarının uğursuzluğu, üstəlik, Qarabağla bağlı “status-kvo”nun aradan qaldırılması istiqamətində cəhdlərin müşahidə olunmaması hərb variantını önə çıxarır. Milli Məclisin son iclasında da deputat Fərəc Quliyev torpaqları işğaldan azad etmək üçün Ermənistana uzağı 2 ay vaxt verməyi, təcavüzə son qoyulmadığı halda, əməliyyatlara başlamağı təklif etmişdi. Ərdoğan-Putin görüşünün də Qarabağ tənzimləməsinə gətirib çıxarmayacağını düşünənlər əksəriyyət təşkil edir.
Politoloq Hikmət Hacızadə “Yeni Müsavat”a dedi ki, hələ ki heç bir dəyişiklik gözləmir: “Moskva keçmiş SSRİ məkanını öz təsir sferası kimi görür və elə də davranır, istədiyini edir. Buna qarşı isə dünyada hələ ki heç bir ölkə heç nə qoya bilmir. O cümlədən Türkiyə də Qarabağ məsələsinə açıq və geniş şəkildə müdaxilə etmək istəmir və ya hələ ki bunu bacarmır”.
“Gözlənildiyi kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin aprelin 28-də Moskvada keçirilən görüşündə heç nə baş vermədi. Rusiya paytaxtında keçirilən bu görüşün təşəbbüskarı da rəsmi Moskva idi. Onların əsas qorxusu Azərbaycanın güclənməsi və Ermənistana müəyyən təhlükələr yaradacağı ilə bağlıdır. Bu, Ermənistanı və Rusiyanı çox narahat edir”.
Bunu isə teleqraf.com-a açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin həll istiqamətindəki son prosesləri şərh edən politoloq Fikrət Sadıxov deyib. Politoloq hərbi əməliyyatların yenidən başlayacağı, toqquşmaların olacağı ehtimalının heç vaxt gündəmdən çıxmadığını vurğulayıb: “Əlbəttə, bunun baş verməsi təkcə bizdən asılı deyil. Bizim strateji məqsədimiz yalnız və yalnız müxtəlif yollarla işğal olunmuş torpaqlarımızı azad etməkdir. Amma eyni zamanda dəfələrlə təkrar edirik ki, biz sülh yolunun tərəfdarıyıq. Bu sülh yolu isə hər halda, müəyyən nəticələrə gətirib çıxarmalıdır. Ermənistanla boş söhbətlər, danışıqlar xətrinə danışıqlar aparmaq Azərbaycanın əsas məqsədi deyil. Əgər Ermənistan təxribatları yenidən gücləndirsə, Azərbaycana qarşı hərbi sahədə ciddi addımlar atsa, ona 10 qat artıq cavab veriləcək. Ötən ilin aprel hadisələri bunu bir daha sübut etdi. Əgər onlar bu hadisələrin yenidən baş verməsini istəmirlərsə, özləri üçün nəticə çıxarmalıdırlar”.
Bütün müşahidələr proseslərin hərbi əməliyyatlara doğru apardığını təsdiqləyir. Moskvanın ev sahibliyi də danışıqları ölü nöqtədən tərpədə bilmədisə, üstəlik, Rusiya münaqişəni tərəflərin özlərinin həll etməli olduğuna dair mesajlar verdiyi halda, təcavüzkara dərs vermək zərurəti yaranır.
771 dəfə oxundu