Nazirdən yeməklərimizlə bağlı zarafat - “Ya Azərbaycanda bitir, ya gəzir, ya da uçur.”
Bu gün Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” panelində çıxış edib. Nazir bu il keçirilən forumun digərləri ilə fərqləri və üstünlüklərinə toxunub: “Bu il keçirilən forum 2013-2015-ci illərdə baş tutan forumlardan bir neçə amilə görə fərqlənir. Bizim üzvü olduğumuz və görüşlər keçirdiyimiz “beyin mərkəzi” belə bir qərar qəbul edib ki, bu təşəbbüslər artıq daha geniş auditoriyanı əhatə etsin və bu təşəbbüs təsdiqlənib.
İlk dəfə olaraq beynəlxalq təşkilatların geniş toplantısı baş tutacaq. Ümidvarıq ki, Birinci vitse-prezident Mehriban Əliyeva da bu təşəbbüsə qoşulacaq.
Əgər 2011-ci ildə foruma 40 ölkədən nümayəndə heyəti qatılmışdısa, bu il 120 ölkədən təmsilçi iştirak edir. 50-yə qədər beynəlxalq qurum, elə o qədər də QHT nümayəndəsi qatılıb. Builki forumda ilk dəfə olaraq FAO təşkilatının iştirakını vurğulamaq istərdim. Sağlam qida, bizim mətbəximiz də mədəniyyətin ayrılmaz hissəsidir. Azərbaycan qidalarının nə qədər dadlı, ləzzətli və sağlam olduğunu özləri də əyani şəkildə dadıb görəcəklər. Mən həmişə zarafatla deyirəm. Bizim masanın üzərində olan nemət ya Azərbaycanda bitir, ya gəzir, ya da uçur”.
***
Forum çərçivəsində Ermənistan -Azərbaycan arasındakı münaqişəninin mədəniyyətlərarası dialoq yoluyla həllinin müzakirə edilib-edilməyəcəyinə gəldikdə isə nazir bildirib ki, Azərbaycan tərəfi birbaşa olmasa da, beynəlxalq təşkilatlar vasitəsilə Ermənistan tərəfinin də iştirakı nınəzərdən keçirib: “Lakin qarşı tərəf təəssüf ki, buna hazır deyil. Dünyada konfliktlərin həllində mədəniyyətlərarası dialoq mühüm rol oynayır. Lakin bir ölkə ki, BMT nin qəbul etdiyi qətnamələrə riayət etmir, bu, həmin ölkənin müəyyən qədər dialoqa hazır olmadığını göstərir”.
948 dəfə oxundu