Ermənilərdən növbəti Şuşa təxribatı: Evlərimizi…
Şuşanın “meri” Artsvik Sərkisyan deyib ki, ildən ilə Şuşanın əhalisi artır. Onun sözlərinə görə, Şuşaya köçmək istəyənlərin sayı çoxalıb.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ermənilərin Xocalı hava limanından istifadə edilməsi və Şuşada azərbaycanlıların evində məskunlaşma siyasəti haqda xəbərləri şərh edərkən qeyd edib. E.Şahinoğlu bildirib ki, “mer” Şuşada “sahibsiz evlərdən” danışıb:
“Sərkisyan deyib ki, Şuşada sahibləri olmayan evlər var və bu evləri Şuşaya köçmək istəyənlərə təqdim edə bilərik. Hətta o, Şuşada yeni evlərin tikilməsinə də diqqət ayırdıqlarından danışıb. Bu da separatçıların növbəti təxribatıdır. Əlbəttə, şişirtmə çoxdur, çünki elə bugünlərdə internetdə Şuşa şəhərinin görüntüləri yayılmışdı, küçələr boş idi, insan gözə dəymirdi. Ancaq bu bizi rahatlatmamalıdır. Ermənistan hakimiyyəti Şuşanı özününküləşdirməyə və ora köçü təşviq etməyə çalışır. “Merin” “sahibsiz” dediyi evlər isə azərbaycanlılara məxsusdur, ermənilərə pulsuz paylamaq istəyirlər. Xocalı hava limanını işə salırlar, Şuşa və Kəlbəcəri məskunlaşdırırlar, ardı nə olacaq?”
Qeyd edək ki, ermənilər qadağan olunmuş zona sayılan Xocalı aeroportundan “tur səyahət” həyata keçirmək niyyətlərini ortaya qoyublar. Azərbaycan isə buna kəskin reaksiya verib.
1 176 dəfə oxundu