Azay Quliyevin hazırladığı qətnamə yenidən qəbul olundu - ermənilər məğlub oldu

Azay Quliyevin hazırladığı qətnamə yenidən qəbul olundu -


ATƏT-in Parlament Assambleyasının iyulun 7-də Helsinkidə keçirilən yay sessiyasında Milli Məclisin deputatı, Assambleyanın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyevin hazırladığı “ATƏT regionunda dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə sadiqlik” adlı qətnamə qəbul edildikdən sonra bu gün iclasda Ermənistan nümayəndə heyəti aranı qatmağa cəhd edib. Trend-in əldə etdiyi məlumata görə, bu gün səhər saatlarında ATƏT PA-nın rəsmi saytı ilə yayımlanan iclasda yenidən azərbaycanlı millət vəkilinin hazırladığı qətnamə diqqətə gətirilib və bildirilib ki, dünənki iclasda qətnaməyə dəyişikliklə bağlı bir təklif yaddan çıxaraq səsləndirilməyib. Bu təklif Büro Katibliyi tərəfindən dəstəklənib və qətnamə yenidən müzakirəyə çıxarılıb. Qeyd edək ki, belə bir hal ATƏT PA tarixində ilk dəfə yaşanır.

A.Quliyev verilən təklifi çəkinmədən müzakirəyə çıxarıb və qətnamə bir daha səsə qoyulub, dünənki səsvermədən fərqli olaraq bu dəfə daha çox deputatın səsini qazanaraq qəbul edilib. Ən qəribəsi budur ki, Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan özü də qətnamənin lehinə səs verib. Qətnamənin qəbul olunacağından ciddi narahat olan A.Geqamyan qətnaməyə dəyişiklik edilməsi ilə bağlı yersiz təkliflərlə çıxış etsə də, bu təkliflərin heç biri iclasın ilk günündə avropalı deputatlar tərəfindən qəbul edilməmişdi. ATƏT PA-nın ötən sessiyasından sonra erməni mətbuatı A.Geqamyanı savadsızlıqda, diplomatik bacarıqsızlıqda, Azərbaycan tərəfinə daim məğlub olmaqda qınamışdı. İndi erməni deputatı Ermənistanda nələrin gözlədiyini anlamaq çətin deyil.

Xatırladaq ki, qətnamədə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada mövcud olan münaqişələrin yalnız beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də həmin dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi vurğulanır. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsinin, münaqişələr nəticəsində məcburi köçkün düşmüş insanların doğma yurdlarına qeyd-şərtsiz qaytarılmalarının zəruriliyi qeyd edilir. 19 maddədən ibarət qətnamədə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri dəstəklənir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 198 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...