Kapitan Xudinyanın ölümü: Ermənistan Müdafiə Nazirliyi öz yalanının üstünü açdı
Ermənistanda Müdafiə Nazirliyinin nəzdindəki hərbi qulluqçuların sığortalanması üzrə fondu idarə edən komissiya kapitan Qor Xudinyanın ailəsinə birdəfəlik 10 milyon dram (təqribən 20 min dollar) kompensasiyanın ödənilməsi, habelə onun ailəsinə 20 il ərzində ayda 300 min dram (təqribən 600 dollar) verilməsinə dair qərar çıxarıb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu, təmas xəttində ölən və yaralanan erməni hərbçilərinin ailələrinə kompensasiyanın verilməsi üçün işləyən hər vətəndaşdan ayda 1000 dram tutulmaqla yaradılan fondun çıxardığı növbəti belə qərardır. Məlumatda deyilir ki, kapitan Qor Xudinyan bu il fevralın 23-də Azərbaycan ordusunun “həmləsini dəf edərkən” döyüşdə həlak olub.
Lakin Ermənistan Müdafiə Nazirliyi bu ilin fevralında Qor Xudinyanın ölümü ilə bağlı tamam fərqli versiya açıqlamışdı. Məlumatda üstəlik o, kapitan kimi yox, “müddətdən artıq xidmət keçən hərbi qulluqçu” kimi təqdim edilmişdi. Müdafiə Nazirliyi əvvəlcə bildirirdi ki, 1991-ci ildə anadan olmuş hərbi qulluqçu Xudinyan naməlum şəraitdə ölüb. Daha sonra hərbçiin ona təhkim olunmuş xidməti silahda “nasazlığın yaranması”, yaxud “avtomatın lüləsində ilişib qalan patronun partlaması” nəticəsində aldığı qəlpə yarasından öldüyü açıqlandı.
Həmin vaxt Xudinyanın Azərbaycan ordusunun açdığı atəşlə öldürüldüyü gizlədilmişdi, çünki Ermənistan Müdafiə Nazirliyi döyüş itkilərini ya gizlədir, ya da bunların bir çoxunu “intihar”, “silahla ehtiyatsız davranma” kimi səbəblərlə rəsmiləşdirir. Üstəlik ölən hərbçilər zabitdirsə onların rütbələri göstərilmir, yaxud “müqavilə əsasında xidmət keçən hərbi qulluqçu” adı ilə təqdib olunur. Belə hallar əvvəllər dəfələrlə üzə çıxıb. Məsələn, ilin əvvəllərində Ağdərə istiqamətində erməni ordusunun mühəndis-istehkam qoşunlarının podpolkovniki Geqam Manukyan və baş leytenant rütbəli digər zabit Azərbaycan ordusunun endirdiyi zərbə nəticəsində öldürüləndə Ermənistan Müdafiə Nazirliyi onların “müddətdən artıq xidmət keçən hərbi qulluqçular” olduğunu açıqlamışdı. Daha sonra isə Manukyanın ailəsinə kompensasiya veriləndə onun podpolkovnik olduğu rəsmən təsdiqləndi.
916 dəfə oxundu