Eldar Sabiroğlu: “Deputat seçilməyimi istəməyən şəxslər var”
“Vəzifələri, özlərinin, övladlarının villaları - hər şeyləri var, təhlükəli adamlardı..”
“Prezident Aparatının şöbə müdiri Yusif Hümbətov mənə zəng edirdi ki, “sən narahat olma”, sonra da icra başçısına tapşırıq verirdi ki, “ona əngəllər yarat””
Modern.az saytında “Pəncərə” layihəsinin qonağı Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğludur.
- Eldar müəllim, iki ilə yaxındır ki, heç bir vəzifədə təmsil olunmursunuz. Bu müddət ərzində gördüyünüz işlər nədən ibarət olub?
- Geniş mütaliəyə zaman ayırmışam. Yazılar üzərində çalışıram. Ümumiyyətlə, son 25 ildə siyasətlə məşğul olduğum zaman müşahidə etdiyim və iştirakçısı olduğum siyasi proseslər haqqında kitab yazıram. Demək olar ki, həmin kitabın böyük bir hissəsi bitib. Kitabın tezliklə oxuculara təqdim olunmasına çalışıram.
- Sirr deyil ki, vaxtilə indiki müxalifətə işləməkdə suçlanmısınız. Haqqınızda mətbuatda silsilə yazılar da yazılıb. Çox güman ki, oxuculara təqdim edəcəyiniz kitabda bu məsələlər öz əksini tapıb. Müxalifətə işləməyiniz barədə deyilənlərə cavabınız nədir?
- O qədər uydurmalar olub ki... Hansını deyim. İşləmək deyəndə bir az qəribə səslənir. Mən Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşam. 1992-ci ilin may ayının 29-dan isə bu təşkilatdan ayrıldım. Səbəb isə parlamentin sədri seçilərkən böyük ədalətsizliyə yol verməsi ilə əlaqədar idi. Onlar mərhum Heydər Əliyevin adını seçki bülleteninə salmadılar. Məğlub olacaqlarından qorxdular. Beləliklə, 9 dövlətlə razılığa gələn müxalifət antidemokratik yolla özünə parlament sədri təyin etdi. Bundan sonra mən və Xalq Cəbhəsinin 10-a yaxın üzvü istefa verib cəbhədən ayrıldıq.
Ancaq mənim Müsavat Partiyasına keçməyim üçün cəhdlər də olub. 2003- cü ilin prezident seçkiləri keçirilirdi. Evdə idim və telefonuma zəng gəldi. Telefonu götürərkən politoloq Qabil Hüseynlinin səsini tanıdım. O zamanlar Qabil Hüseynli Müsavat Partiyasında başqan müavini vəzifəsində çalışırdı. Onun zəng etməsi mənə çox maraqlı gəldi. O, “vəziyyəti bilirsiniz, artıq hər şey həll olunub” deyəndə məni təəccüb hissi bürüdü və fikirləşdim ki, görəsən, nə həll olunub? Maraqlısı o idi ki, artıq Müsavat Partiyasının içində seçkilər zamanı qələbəni əldə etdiklərinə arxayınlıq hissi yaranmışdı.
Mənə təklif olundu ki, İsa Qəmbər sizinlə görüşmək istəyir. Dedim “xeyir ola? Məsələ nədən ibarətdir?”.
Qabil Hüseynli cavab verdi ki, “biz sizi Müsavat Partiyasında görmək istəyirik. Bu, İsa Qəmbərin təşəbbüsüdür. O sizi partiyada yüksək vəzifə ilə təmin edəcək”.
Düzü, Qabil Hüseynliyə təşəkkür etdim. Təbiətimdə hər hansı bir insanı acılamaq xarakteri yoxdur. Dedim, “doğrudanmı elə düşünürsünüz ki, mən Heydər Əliyevi İsa Qəmbərlə dəyişə bilərəm?!”.
Qabil Hüseynli susdu. Mən isə cavabımda dedim. “İsa Qəmbərə söyləyin ki, mənim bir sifətim var. Heydər Əliyev siyasətinə bağlı olan adamam. Uzun illərdir YAP-ın üzvüyəm. Başqa siyasi təşkilata heç bir marağım yoxdur. Müsavat Partiyasına gəlincə, özümü adıçəkilən partiyada görmürəm. Lazım gəldiyi təqdirdə işimlə bu partiyaya xidmət edəcəm”. Görünür, onlar mənim işsizliyimi nəzərə alıb belə bir təşəbbüslə çıxış etmişdilər. Bu təcrübəni həyatımızda gördüklərindən elə zənn edirdilər ki, mən də o addımı ata bilərəm. Beləliklə, bu məsələ bitdi. Təbii ki, kitabımda da bu məsələlər yer alıb.
- Bildiyiniz kimi, bu il Milli Məclisə seçkilər keçiriləcək. Yenidən deputat olmaq istəyiniz varmı?
- Hakim Yeni Azərbaycan Partiyasının üzvüyəm. Onun mövqeyindən kənar hər hansı təşəbbüslə çıxış etmək fikrim yoxdur. Sözün doğrusu, deputat olmaq üçün o qədər də alışıb-yanmıram. Ona görə ki, bəzi adamlar deputat olmaq istəyini də qısqanclıqla qəbul edirlər. Bir fikir söylədiyim zaman onun zərbəsini alıram. KİV-də mənə aidiyyatı olmayan elə fikirləri, haqqımda elə açıqlamaları gündəmə gətirirlər ki, təəccüblənməmək qeyri-mümkündür. Bir hadisə danışım: Müdafiə Nazirliyinə yeni təyinat almışdım. 3-cü gün idi ki, işə çıxırdım.
Səhər mətbuata göz gəzdirəndə, əksər KİV-lərin məndən yazdığının şahidi oldum. “Eldar Sabiroğlunun heç vaxt partiya bileti olmayıb və YAP-ın üzvü deyil” başlıqlı yazını isə sifarişlə yazdıran adamlar dediklərində məntiq olub-olmadığını heç düşündülərmi?! Bu necə baş verə bilər ki... YAP-ın birinci qurultayında Siyasi Şuranın üzvü seçilmişəm. Ondan əvvəl, 1993-cü ildən 2000-ci ilə qədər partiyanın Aparatında YAP Analitik informasiya və proqnozlaşdırma mərkəzinin rəhbəri olmuşam. Partiyadan deputat seçilmişəm. 1998-ci ilin prezident seçkilərində prezidentliyə namizəd Heydər Əliyevin mətbuat katibi kimi çalışmışam.
Mənə bu cür böhtan atan şəxslər düşünüb elə söz və yaxud yarlıq tapmalı idilər ki, cəmiyyət buna inana bilsin. Təəssüf ki belə hallar baş verib. Nə danışdığımdan asılı olmayaraq dediklərimi başqa yerə yozurlar. Ajiotaj sisteminə gətirib çıxarmaq üçün hardasa bir səhv buraxmağımı gözləyirlər. Elə zənn edirlər ki, prezidentə sədaqətlə xidmət edən adını çəkmək istəmədiyim şəxslərdir. Guya, başqaları da sədaqəti onlardan öyrənməlidirlər.
Əslində, belə deyil. Prezidentimiz cəmiyyət tərəfindən qəbul edilən dövlət başçısıdır. Xalq onu dəstəkləyir. Mən də bir vətəndaş olaraq əvvəldən həm ulu öndərimizin, həm də İlham Əliyevin siyasətini dəstəkləmişəm. Əslində, mənim dəstəkləməyimə onun o qədər də ehtiyacı yoxdur. Bu sözü deyərkən özümdən müştəbehlik etmirəm. Onu müdafiə edən xalqımızdır.
- Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev Modern.az-a müsahibəsində eks-spiker Rəsul Quliyevin YAP-a ərizəsiz qəbul edilməsindən danışıb. Bildiyimizə görə, o zaman Rəsul Quliyevdən siz müsahibəni götürmüsünüz və mərhum Heydər Əliyev həmin müsahibədən narazı qalıb. Bu barədə nə deyə bilərsiniz?
- Doğrudur, Rəsul Quliyevdən müsahibə götürdüm. Amma bu müsahibə sonradan başıma bəla oldu. Guya, müsahibə mənim təşəbbüsümlə alınıb. Əsla, belə olmayıb. Əli Nağıyev o zaman YAP qərargahının rəhbəri idi. Bütün proseslərin necə baş verdiyini də çox yaxşı bilir. O, mənə dedi ki, prezident Heydər Əliyev Rəsul Quliyevdən müsahibə götürməyini istəyib.
Təbii ki, tərəddüdsüz qəbul etdim. Müsahibədən əvvəl YAP-ın İdarə Heyəti partiyanın qərargahında yox, Rəsul Quliyevin Milli Məclisdəki kabinetində yığışıb, onun partiyanın üzvü seçilməsi ilə bağlı çox böyük təmtəraqla iclas keçirdi. İndi o iclasda çıxış edən adamların adlarını çəkmək istəmirəm.
- Həmin adamları biz tanıyırıq? Bəlkə bir-ikisinin adını çəkəsiniz.
- Bəli, həmin adamların hamısını tanıyırsınız. Sadəcə, adlarını çəkib özümü narahat etmək istəmirəm. İndi doğru sözü deyəndə də qəbul etmirlər. Həmin fikirləri söylədiklərini inkar edirlər. Buna çox təəssüf edirəm. Həmin şəxslər bütün imkanlara malikdirlər. Vəzifədən tutmuş yaşayış tərzinə qədər hər şeyləri var. Təkcə özlərinin yox, övladlarının da adına ayrı-ayrılıqda villalar var. Təbii ki, zaman gələcək bu adamlar ifşa olunacaqlar. Cəsarətlə deyə bilərəm ki, həmin adını çəkmək istəmədiyim şəxslər Heydər Əliyevə sədaqətlə xidmət edən adamları vurub sıradan çıxarıblar.
Yanlış məlumatlarla, doğru olmayan məsələlərlə inandırmağa cəhd göstəriblər ki, bu şəxs sizin siyasətinizin əleyhinədir. Həmin insanları indiki prezidentin də gözündən salıblar. Məsələn, məni götürək. Bu siyasətin əleyhinə olub nə edə bilərəm. Konkret deyim ki, kiməm?
İkincisi, niyə və hansı səbəbə görə bu siyasətə qarşı çıxmalıyam?!. Ağır ürək böhranı keçirəndə məni İngiltərə və Londona göndərib müalicə almağıma köməklik göstərən, mənə qarşı bu cür yaxşılıqlar edən insanlara niyə dönük çıxmalıyam?! Halbuki, siyasi dönüklər o adamlardır ki, səmimi insanlar haqqında bu cür fikirlər yaymaqla məşğuldurlar.
-Mərhum Heydər Əliyevin Rəsul Quliyevin kabinetində baş verənlərdən xəbəri var idimi?
- Bu barədə dəqiq nəsə deyə bilmərəm. Amma mənə çatan məlumata görə, Heydər Əliyevin bu barədə sonradan məlumatı olub. Bir şeyi əminliklə deyə bilərəm ki, ulu öndər ölkədə və partiyada gedən proseslərdən tam təfsilatı ilə xəbərdar idi. İndi həmin adamlar Rəsul Quliyevə qarşı əks cəbhədə dayanıb. Həmin vaxt o insanlar Rəsul Quliyevin şəninə elə sözlər deyirdilər ki, indi onların mövqeyini görəndə xəcalət hissi keçirirəm. Bütün baş verənlər bir kənarda qaldı.
Nə isə iclas bitdi.
Hamı çıxıb getdi. Mən isə Rəsul Quliyevlə müsahibənin başlama vaxtını gözləyirdim. İclasda iştirak edən şəxslərdən biri, hal-hazırda çox böyük vəzifə tutan şəxs onun yanında qaldı. Həmin şəxs saat yarımdan sonra Rəsulun otağından gülə-gülə çıxdı və o zaman Rəsulla təyin olunan müsahibə baş tutdu. Eyni zamanda, bu müsahibədən ulu öndər narazı qaldı.
- Maraqlıdır ki, Rəsul Quliyevdən müsahibə götürməyiniz mərhum Heydər Əliyevin istəyi əsasında reallaşıb. O zaman müsahibədən narazı qalmasının səbəbi nə idi?
- Bu barədə heç nə deyə bilmərəm. Müsahibədən sonra ulu öndərlə görüşmədik. Sadəcə, narazı qalması barədə eşitdim. Amma bu narazılıq mənimlə bağlı deyildi. Suallara verilən cavab Heydər Əliyevi qane etməmişdi. Hətta o zaman belə fikirlər söyləyənlər də var idi ki, Rəsul Quliyevin partiyaya gəlişi partiyanın nüfuzunun artmasına səbəb olacaq. Həmin şəxslər təmtəraqla Milli Məclisdə Rəsul Quluyevin kabinetinə yığışıb onu YAP-a qəbul etdilər. Bu hadisələr 1995-ci ildə baş verib.
- Siz həmin adamların adını çəkmək istəmirsiniz. Amma Rəsul Quliyevin həmin məşhur adları çəkəcəyindən narahatlığınız yoxdur ki?
- Arif olan nə dediyimi başa düşür. Özümü qalmaqallar burulğanında görmək istəmirəm. Rəsul Quliyevə gəlincə, deyə bilərəm ki, həmin adamları çox gözəl tanıyır. Onların adını çəkməsindən qorxum yoxdur. Eyni zamanda, onları təhlükəli insanlar hesab etmək olar. Öz mənafeyi, maraqları çərçivəsində belələri istənilən adamı ayaqlarının altına atıb əzib keçə bilərlər.
- Ola bilərmi ki, indi də sizə qarşı aparılan kampaniyaların arxasında sabiq müdafiə naziri Səfər Əbiyevin kadrı olmağınız durur? Çünki son zamanlar mətbuatda da keçmiş müdafiə naziri haqqında xoş olmayan yazılar yazılır.
- O barədə bir söz deyə bilmərəm. Hal-hazırda nə Müdafiə Nazirliyində o, işləyir nə də mən onun sözçüsüyəm.
- Səfər Əbiyevlə əlaqələriniz varmı?
- Son zamanlar əlaqələrimiz səngiyib. Əvvəllər əlaqələrimiz olurdu. Hal-əhval tuturduq. İndi məndə olan telefonunu götürmür. Ona görə də əlaqə yarada bilmirəm.
- Deputatlığa namizəd məsələsinə yenidən qayıtmaq istəyirəm. Maraqlıdır ki, bir dəfə deputat seçilən adam indi nədən çəkinib millət vəkili olmaq istəmir? Təbii ki, söhbət sizdən gedir.
- Deputat seçilməyimi istəməyən şəxslər var. O cümlədən parlament seçkilərində iştirak etməyə o qədər də can atmıram. Dərk edirəm ki, ciddi maneələr qarşısında qala bilərəm. Özümü yorub narahat olmaq istəmirəm.
- Deməli içinizdə istək olsa da, maneələrdən çəkinirsiniz...
- İstək hər bir insanın içində var. Sadəcə istəmirəm ki 2000-ci il parlament seçkilərində başıma gətirilən biabrçılıqları bir də yaşayım. O zaman vəziyyətin nə yerdə olduğunu dərk etdim. Namizədliyim partiyadan irəli sürülsə də, deputat seçilməyəcəyimdən əmin idim. Mənimlə elə alternativ adamı vermişdilər ki, onu aşmaq çox çətin idi. Bu barədə Binəqədi seçki dairəsinə ərizə verib namizədliyimi geri götürmək haqqında fikirlərim də oldu.
Sual verə bilərsiniz ki, nə üçün bundan daşındınız? Səbəb, bunu elə qələmə verəcəkdilər ki, deyəcəkdilər, baxın, görün Eldar Sabiroğlunda necə bir iddia var.
- 2000-ci ildə sizə alternativ olan şəxs hazırda deputatdırmı?
- Düzünü eşitmək istəsəniz, deyə bilərəm ki, həmin adam heç istəməzdi mənim üzərimə gəlsin. Tələnin qurulduğu ortada idi. Bu işi də o zaman Prezident Aparatının ərazi idarəetmə orqanlarının müdiri vəzifəsində çalışan, “partiyada misilsiz xidmətləri olan” Yusif Hümbətov bacarıqla aparırdı. Mənə zəng edirdi ki, “sən narahat olma, gərginlik keçirmə”, sonra da icra başçısına tapşırıq verirdi ki, “ona əngəllər yarat”.
- Siyasi proseslərdəki iştirakınıza ailənizin münasibəti necə olub?
- Mənim siyasi fəaliyyətimə ailəm ilk gündən müdaxilə etməyib. Heç zaman ailəmə əziyyət vermək istəməmişəm. Qayğılarımla onları yükləməkdən uzaq olmuşam. Yoldaşım bu illər ərzində övladlarımın böyüməsi ilə məşğul olub.
İki övladım, iki nəvəm var. Özümü xoşbəxt hesab edirəm. Həm də xoşbəxtəm ki, müxtəlif sifətlərin sahibi deyiləm.
- Dost çətin gündə tanınır. Yaxşı dostlarınız varmı?
- Bəli var. Həyatda bir-iki dostum var ki, onlar mənə çox dayaq olublar. Buna görə onlara təşəkkür edirəm. Ən çətin vaxtlarımda mənə öz tövsiyə və məsləhətləri ilə yaxından köməklik göstəriblər. İndi belə dostları itirmək olmaz.
- Sualın səmtini dəyişmək istəyirəm. Prezident İlham Əliyevin fəaliyyətini necə qiymətləndirirsiniz?
-Sual kəşfiyyat xarakterli oldu. Məndən nəyi eşitmək istəyirsiniz. Bəlkə düşüncəmi dəyişdiyimi fikirləşirsiniz. Mənim mövqeyim dəyişməzdir. İlham Əliyev Azərbaycanın inkişafı naminə çox mükəmməl siyasət aparır. Onu əvəz edəcək şəxsi görmürəm. Olduqca güclüdür. Dostlarla səmimi, düşmənlə barışmazdır. Yerində çox möhkəmdir. Heç bir qüvvə onu sarsıdacaq gücdə deyil. Onun siyasi fəaliyyətini qiymətləndirməyimə gəlincə, deyə bilərəm ki, bir fərd olaraq mənim hər hansı sözüm əsas götürülə bilməz. Yeganə və başlıca səbəb xalqın onu dəstəkləməsidir.
Təsəvvür edin ki,yenidən prezident seçkiləri keçrilir. Əminliklə deyə bilərəm ki, yenə o, qalib gələcək. Çünki siyasətində dürüst və Azərbaycanın xeyrinə çalışan prezidentdir. Hər hansı müxalifət liderini böyük fərqlə məğlub edəcək. Bu imkanı ona verən hər şeydən əvvəl xalqın dəstəyidir. O böyük siyasətə tam hazır gəlib. 1997-ci ildə onun böyük siyasətə hazır gəlməsi barədə “Frans press” agentliyinə müsahibə verərkən qeyd etmişdim. Həmin müsahibə “Vaşinqton Post” qəzetində də çıxdı. Bunu böyütmürəm və bundan hər hansı əlavə divident də qazanmaq istəmirəm. Bu şəxsiyyət həqiqətən ulu öndər Heydər Əliyevin qoyduğu siyasəti ardıcıllıqla davam etdirməyə və Azərbaycanı təhlükələrdən sovuşdurmağa qadir olan yeganə siyasətçidir.
-Bu yaxınlarda, Roma papası I Fransisk bəyanat verdi, ardınca da Avropa Parlamenti qondarma “erməni soyqırımı”nı tanıyan qətnamə qəbul etdi. Məsələyə sizin də münasibətinizi bilmək istərdik.
-Burda təəcüblü heç nə görmürəm. Tarixdə 4 dəfə səlib yürüşü baş verib. Belə izah edərdim ki,bu, sanki 5-ci səlib yürüşüdür və türk dünyasına, müsəlman aləminə qarşı yönəlib.
Etiraf ediək ki məsələ o qədər də sadə deyil. Roma Papasının “erməni soyqırımı”nı tanıması, sonra Avropa Parlamentinin “soyqırımı” siyasətinə müsbət münasibəti Fransa prezidenti Ollandın uydurma “soyqırımı”nın 100 illiyində iştirak etmək üçün İrəvana gedəcəyi, ardınca Amerika prezidenti Barak Obamanın yüksək nümayəndə heyətini göndərmək barədə qərar qəbul etməsi diqqətə çatdırır ki bütövlükdə türk və müsəlman dünyası hazır olmalıdır. Bunun ardı da ola bilər.
Sadəcə içimizdə oturub kəskin bəyanatlar vermək işə yaramır. Biz Türkiyə ilə yanaşı, “erməni soyqırımı”nın qondarma olduğunu sübut etmək üçün konkret dəlillərə istinad etməliyik. Bunun birbaşa olmasa da, dolayısı yolla Dağlıq Qarabağa da təsiri var. Özünü dünyaya yazıq millət kimi göstərən Ermənistan bu prosesdən istifadə edib, Dağlıq Qarabağ məsələsi haqqında öz strategiyasını yeritməyə çalışacaq.
2 002 dəfə oxundu