Ramazan münasibətilə əfv olacaqmı? - AÇIQLAMA
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun Ramazan bayramı münasibətilə 1000-dən çox məhbusun əfv olunması haqqında fərman imzalaması Azərbaycanda da bu mövzunu gündəmə gətirib.
Azərbaycanda da daha öncəki illərdə Ramazan ayı ərəfəsində prezident tərəfindən əfv fərmanı imzalanıb. Bəs, bu il necə, əfv olacaqmı?
Gundeminfo.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev mətbuata açıqlamasında əvf fərmanının gözlənilmədiyini açıqlayıb: “Əfv birbaşa cənab prezidentin səlahiyyətində olan məsələdir. Azərbaycanda hər zaman yubiley günlərində, milli bayramlarda, xalqımız üçün əhəmiyyətli olan günlərdə bir qayda olaraq əfv sərəncamları imzalanıb.
Əvvəlki illərə nəzər salsaq görərik ki, Ramazan bayramı münasibətilə də bu cür sərəncam olub. Ancaq bu, o zaman baş verib ki, əvvəlki aylarda əfv sərəncamı olmayıb. Bilirik ki, mart ayında cənab prezident tərəfindən əfv sərəncamı imzalanıb və 423 şəxs cəzadan azad edilib. Onların da 412 nəfəri azadlıqdan məhrumetmə cəzasından azad olanlar idi. Əfvlə bağlı komissiyanın bu günlərdə iclası olmayıb. Ona görə də düşünmürəm ki, yaxın günlərdə əfv sərəncamı ola bilər. Əlbəttə ki, bu, qeyd etdiyim kimi, cənab prezidentin konstitusion səlahiyyətidir”.
979 dəfə oxundu