Tottiyə Bakıda tort kəsməyə imkan verməyək - “Qarabağ" “Roma”nı udmazsa...

Tottiyə Bakıda tort kəsməyə imkan verməyək -


İstəyirik ki, heç kim “Qarabağ”a asan qalib gəlməsin, qoy rəqib udsun, amma tər töksünlər, canları çıxsın...

Sabah “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda Bakıda “Roma” ilə qarşılaşacaq. Oyunun start fiti saat 20:00-da veriləcək.

Oyuna hansı maraq olduğunu satışa çıxarılan 67 min 500 biletin hamısının satıldığı da təsdiq edir. İddia etmək olmaz ki, bu gün Bakı Olimpiya Stadionuna gələcək tamaşaçılar hamısı “Qarabağ”a azarkeşlik etməyə gəlir. “Roma”nın da Bakıda azarkeşləri var və onlar da dünya şöhrətli futbolçuları meydanda görmək istəyirlər. Oyun haqda nə demək olar? Hələ püşkatmadan sonra yazmışdım ki, “Qarabağ” “Roma”dan 4 xal ala bilər. Öz meydanında qalib gəlmək, rəqib meydanında isə heç-heçə. “Çelsi” ilə oyunu unutmağa çalışsam da, oyun ərəfəsi yeni “Qarabağ”ın məğlubiyyəti göz önünə gəlir.

“Qarabağ” Çempionlar Liqasında sürətli futbol oynaya bilməsə, heç bir xal da qazana bilməyəcəyik. Avropa Liqasını biz səviyyəli turnir hesab edirdik, amma Çempionlar Liqasında ilk oyun göstərdi ki, sən demə, Avroliqa ilə Çempionlar Liqası arasında “ceyran”la “dəvə” qədər fərq varmış. Bizim Çempionlar Liqasındakı ilk oyunumuz “ceyran” kimi alınmadı. Burda nə Qurban Qurbanovun, nə klubun günahı var. “Qarabağ”a sürətli futbolçular lazımdır, hər xəttə. “Çelsi”yə qarşı bir hücumçu ilə oynamağa başlarsan, hesab elə ağır olar. Gərək “Qarabağ” hücumlarda kəsərli olsun, müdafiədə də inamlı. Futbolun biz azarkeşlərin bildiyi sadə formul budur. Amma təəssüf ki, “Qarabağ”da hələ ki bunlar alınmır. “Roma” ilə oyunda da “Çelsi” kimi taktika seçilərsə, meydana 65 yox, lap 165 min adam yığılsa da, xeyri olmayacaq. İnanaq ki, Qurban Qurbanov bu dəfə “Roma”nın güclü heyətinə qarşı taktiki seçimdə düzgün variantı tapacaq. “Çelsi” ilə oyundan sonra bizim qrupda belə təəssürat yaranıb ki, “Qarabağ” asan rəqibdir və 3 xal rəqibin “cibindədir”.

Yenə təkrar etməkdə fayda var ki, uduzmaq da olar, lap öz meydanında da rəqiblə bacarmamaq mümkündür. Bu futboldur. Amma istəyirik ki, heç kim “Qarabağ”a asan qalib gəlməsin, qoy udsunlar, amma tər töksünlər, canları çıxsın... Sentyabrın 27-də mənim də ən çox simpatiyam olan Françesko Tottinin 41 yaşı tamam olur. Totti İtaliya millisində əvəzsiz oyunçu kimi həmişə hörmətə layiqdir, ancaq “Qarabağ”la görüşdə biz gərək ona və klubuna göstərək ki, bura asan qələbə və “rojdeniya”sında top vurmaq uçun meydan deyil. Totti və klubu buradan qələbə ilə dönərsə, yadından tez çıxacaq, amma məğlub olsalar, ömürlük yadında qalacaq. Qurban qardaşımızın oyundan bir neçə gün öncəki açıqlamasını yada salmaqda fayda var. “Heç vaxt istəmirəm ki, azarkeşlərimiz məyus olsun. ”Roma" ilə oyunu səbrsizliklə gözləyirik. Azarkeşlərimizin dəstəyi bizə əlavə güc verəcək. “Roma” yaxşı komandadır. Qarşılarına çıxana 3-4 dənə vura-vura gedirlər" deyə, baş məşqçi bildirib. Sonuncu sözü deyəndə gülüb, yəni yarızarafat deyib. Təki burda “Roma” qola həsrət qalsın, sonda gülən yenə biz olaq.

***

“Qarabağ”ın bir azarkeşi var: Sədi Fətəlizadə. Şamaxı balasıdır və şairdir. Üzügülər bir adam... “Roma”ilə oyun öncəsi yolunun redaksiyamızdan salmışdı. Dedi “Qarabağ”la bağlı yazılarımı oxuyur. Onu da dedi ki, “Qarabağ” bu gün “Roma”ya 2: 1 qalib gələcək. Sonra qara papkasından bir şeir çıxartdı. Xahiş etdi ki, heç olmasa bir bəndini oyunöncəsi dərc edək.

Sırada birincisən, futbolda bir incisən,

Nur çilədin yoluna, çıxdın dünya futboluna,

Tərif çoxdur tənqiddən, “Qarabağ”, ay “Qarabağ”,

Meydanda şimşək ol, çax!

Başqa bir misrada şair deyir:

Möhkəm dayan, a Qurban,

Sənə nənəmiz qurban...

***

“Roma”nın baş məşqçisi Eysebio Di Françesko insaflı danışıb. O, Bakıdakı oyunun çətin keçəcəyini və Ağdam klubunun futbolçularını tanıdığını söyləyib: “Bizi səfərdə ”Qarabağ"la asan oyun gözləmir. Rəqib meydanında xüsusi atmosfer olacaq. Mən “Qarabağ”ın futbolçularını tanıyıram, onlar haqda məlumat toplamışam. “Qarabağ”ın yaxşı hücum xətti var. Rəqib fiziki cəhətdən ideal vəziyyətdə olmaya bilər, ancaq biz oyuna mütləq yaxşı formada çıxmalıyıq. Belə matçlarda asanlıqla və böyük fərqlə qələbə qazanmaq tələbi bir mentalitetdir".

“Qarabağ”la oyun bizim üçün çox önəmlidir. Rəqib xüsusi komandadır. Avropa Liqası təcrübələri var. Onlar “İnter”lə heç-heçə ediblər. Qrupun digə görüşündə “Atletiko” ilə “Çelsi” üz-üzə gələcək. Buna görə Bakıda qələbə qazanmaq bizim üçün çox vacibdir". Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Roma”nın baş icraçı direktoru Umberto Qandini deyib. O, C qrupunu 3-cü pillədə başa vuraraq Avroliqaya yollanacaqlarını istisna etməyib: “Yer aldığımız qrupda iki önəmli komandanın olması normaldır. Əgər Avropa Liqasına yollansaq, orda da sona qədər mübarizəmizi aparacağıq. Favorit komandaların bir-birilərinə qarşı keçirəcəkləri oyunlardan çox şey asılıdır. Bu səbəbdən də ”Qarabağ"la matçlarda maksimum nəticə əldə etməliyik".

Qarşılaşmanı Portuqaliya Futbol Federasiyasından Artur Dias idarə edəcək. Ona Rui Tavares və Paulo Soares köməklik edəcək. Əlavə hakimlər qismində Tyaqo Martins və Joao Pinyeiro təyin olunublar. Dördüncü hakim funksiyasını isə Bruan Rodriges yerinə yetirəcək.

Uğurlar, “Qarabağ”!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
902 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...