Evini sənədləşdirə bilməyənlərə şad xəbər
Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əsasnaməsinin təsdiq olunmasından sonra mülkiyyət hüquqlarının tənzimlənməsində vahid mərkəzdən idarəçilik - “bir pəncərə” prinsipi tətbiq edilir.
Bunu jurnalistlərə açıqlamasında komitənin sədr müavini Rafiq Cəlilov deyib.
O bildirib ki, artıq vətəndaşlar yalnız bir ünvana müraciət etməklə onlara məxsus daşınmaz əmlakları dövlət reyestrində qeydiyyata aldıra bilirlər. Bu da qeydiyyat üçün tələb olunan sənədləşdirmə prosesində rahatlığın, operativliyin və şəffaflığın kifayət qədər artması deməkdir.
R.Cəlilov diqqətə çatdırıb ki, komitənin son illərdə fəaliyyətində mütərəqqi addımlardan biri də sosial amillərin gücləndirilməsi və sosial tədbirlərin genişləndirilməsidir. Belə ki, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı yerlərdə mobil ofis xidmətləri və “Kütləvi çıxarış” kampaniyası həyata keçirilir. Bununla bağlı hər ay komitənin rəsmi internet səhifəsində mobil xidmət cədvəli də yerləşdirilir.
Mobil ofis xidmətinin təşkilində məqsəd qeydiyyat xidmətlərini vətəndaşlara daha rahat və əlverişli üsullarla çatdırmaqdır. İndiyədək “Kütləvi çıxarış” kampaniyası çərçivəsində ümumilikdə 3800-ə yaxın vətəndaşa dövlət reyestrindən çıxarış təqdim olunub. Bundan əlavə, kampaniyadan da əvvəl başlamış mobil ofis xidmətləri vasitəsilə isə 2015-ci ildə respublika üzrə vətəndaşlardan 45500 müraciət qəbul edilib.
1 130 dəfə oxundu