“Rusiyaya sığınmaq çox qorxulu siyasətdir” - deputatdan ilginc açıqlamalar

“Rusiyaya sığınmaq çox qorxulu siyasətdir” -


GUNDEMİNFO.AZ Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsinin ikinci hissəsini təqdim edir:

-Prezident müşavirədə bir çox aktual mövzualara toxunsa da Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyü ilə bağlı Putinin bir neçə gün öncəki bəyanatının üstündən sükutla keçdi...

-Əvvəla, Birinci Avropa oyunları ərəfəsində Azərbaycana qarşı çox ədalətsiz, namərdcəsinə davrandılar. Avropalılar çox gözəl başa düşürlər ki, əgər doğrudan da bir problemin həllini istəyirsənsə bunu bağlı qapılar arxasında oturub müzakirə etmək lazımdır. Amma onlar problemin həllini deyil, Azərbayc anın adının hallanmasını istədiklərindən çirkin yol seçildi və nümayişkaranə şəkildə Azərbaycana qarşı təzyiqlər körükləndi. Avropa liderləri Birinci Avropa Oyunlarının açılış - bağlanış mərasimini də boykot etdilər və Azərbaycanın ev sahibliyi etdiyi bu möhtəşəm idman yarışını sanki həzm edə bilmədilər. Ona görə də açıq - aydın görünürdü ki, əslində Avropanın həmin təsisatları Azərbaycanda insan haqlarının durumu, daha doğrusu, beynəlxalq insan haqları təşkilatları tərəfindən siyasi məhbus hesab edilən şəxslərlə bağlı problemin həllini deyil, Azərbaycanın daha çox dilə - dişə düşməsini istəyirlər və obrazlı desək bununla da Azərbaycanı sındırmaq niyyətlərini gizlətmirlər. Prezident də müşavirədə satılmış deputatları, senator və konqresmenləri erməni lobbisinin ələ aldığını bildirdi. Amma prezident yalnız erməni lobbisinin adını çəksə də onu da açıq etiraf etmək lazımdır ki, həmin anti - Azərbaycan kampaniyası aparanların içərisində məhz Rusiya tərəfindən də ələ alınmış deputatlar, siyasilər, jurnalistlər, QHT rəhbərləri var. Rusiya da bunu ona görə edir ki, Azərbaycanın Avropa ilə münasibətləri tamamilə korlansın və Azərbaycanın Rusiyaya sığınmaqdan başqa seçimi olmasın.

O şeyi ki, biz Qarabağın işğaldan azad olunması naminə güzəştə gedə bilərdik, bunun üçün təbii ki, Avrasiya İqtisadi Birliyinə daxil olmaq lazım gələcəkdi, indi isə Moskva bu cür çirkin oyun oynamaqla hesab edir ki, Azərbaycanı hətta Qarabağla bağlı tələblərini arxa plana keçirməklə də məhz Avropadan uzaqlaşdırmaqla bu birliyə gətirmək olar. Amma Rusiyanın bu çirkin oyunu keçən deyil və İlham Əliyev təcrübəli lider kimi anlayır ki, Rusiyaya sığınmaq çox qorxulu siyasətdir və Moskvaya heç vaxt etibar etmək olmaz. Digər tərəfdən, ötənlərin acı təcrübəsi də göstərdi ki, hər hansı böyük dövlətə sığınmaq sonda ona gətirib çıxarır ki, nə qədər vədlər verilsə də günlərin bir günü həmin nəhəng dövlətlər himayə etdiyi ölkəni aşağılamaqdan çəkinmir. Eyni zamanda həmin əlaltı ölkələrdə hakimiyyətdə elə rəhbərlərin olmasını istəyirlər ki, onların bütün tələblərinə tərəddüd etmədən “baş üstə” desin. Amma arada olan dostluq münasibətlərinə baxmayaraq Putin də gözəl başa düşür ki, İlham Əliyev sıradan bir dövlət başçısı deyil və onu idarə etmək mümkünsüzdür. Bunu anlayan Putin alternativ yol kimi Azərbaycanda öz adamlarını yerləşdirməklə məşğul ola və günlərin bir günü İlham Əliyevə deyə bilər ki, səninlə işləmək istəmirəm, tutaq ki, mənə sən yox, filankəs sərf edir.

Ona görə də mən arxayınam ki, Azərbaycan prezidenti oynanılan bu ikibaşlı oyunları bilir və onu vaxtındaca poza bilir. Şanxay Əməkdaşlıq Təşkilatına gəldikdə isə, bundan o qədər də əndişələnmək lazım deyil. Burada əsas söz sahibi Rusiya deyil, Çindir və üstəlik, istənilən iqtisadi əməkdaşlıq formatı nə qədər çox olacaqsa və əlaqələrin dairəsi nə qədər genişlənərsə, bu, iqtisadiyyatımıza da əlavə imkanlar yarada bilər. Yəni bu tip əməkdaşlıq formatı bizə daha geniş manevrlər imkanı verəcəksə burda qorxulu bir şey görmürəm.

Tutaq ki, Avrasiya İttifaqı Rusiyanın liderliyi ilə yaradılan bir qurumdur. Bu quruma daxil olmaq üçün Azərbaycan hökmən qarşılığında Rusiyadan Qarabağ məsələsində ədalətli mövqe tələb etməlidir və bu münaqişənin ədalətli həllinə nail olunmalıdır. Amma Şanxay Əməkdaşlıq Təşkilatında mən belə bir qorxunu görmürəm. Özü də bu quruma üzvlükdən yox, dialoq əməkdaşlığından söhbət gedir. İkincisi də hətta üzvlüyün özündə də mən bir təhlükə görmürəm. Mən hesab edirəm ki, Azərbaycan həm Ümumdünya Ticarət Təşkilatına üzv olmalıdır, həm də bu tip təşkilatlarla əməkdaşlıqdan qorxmamalıdır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 274 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...