Telman İsmayılovun oğlu arvadını öldürmək istəyib: “Məni boğmağa başladı...”
Son günlər azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılov və ailə üzvləri ətrafında bir-birinin ardınca qalmaqalı məlumatlar yayılır
Xəbər verildiyi kimi Rusiya İstintaq Komitəsi T.İsmayılovun barəsində beynəlxalq axtarış elan etməyə hazırlaşır.
Onun adı “Koptevsk” və “Lobanovsk” kriminal qruplaşmalarının liderlərinin sifarişli qətllərində, digər ağır cinayət əməllərində keçir. Rusiya mətbuatı hətta T.İsmayılovun oğlanlarının da adlarının bu cinayət işində keçdiyini bildirir.
Qalmaqallı oliqarxın oğlanlarından birinin vətəndaş nigahında yaşadığı arvadını iki uşaqla küçəyə atdığı haqda yazmışdıq. Virtualaz.org xatırladır ki, Yekatrina Romanova adlı bu gənc qadın hazırda T.İsmayılovun oğlu Sərxandan olan iki uşağı ilə Moskva ətrafındakı monastırlardan birində məskunlaşıb. 360tv.ru kanalı həmin qadınla bağlı yeni reportaj yayıb. Yekatrina azərbaycanlı “Çerkizon kralı”nın oğlu ilə saraylardakı qayğısız həyatından və Sərxanın onları atıb getməsindən sonra baş verənlərdən danışıb.
“Sifətini örtən yaylıqlı, başını monastır yeməkxanasında sup boşqabına tərəf əymiş bu qız qalanlardan seçilir. Cəmi dörd il əvvəl o, dəbdəbə içərisində üzürdü, elit qəsəbədə möhtəşəm villada yaşayırdı, ən bahalı kurortlarda dincəlirdi, rəfiqələrinə brilyant üzüklər bağışlayırdı. Onun mülki nigahda yaşadığı əri “Çerkizon kralı”nın oğlu Sərxan İsmayılov idi”-reportajda deyilir.
İndi isə qız vaxtilə yaşadıqları malikanəni, hazırda üzərinə “Satılır” elanı vurulmuş beşmərtəbəli mülkü almaq istəyir. Çünki mülk birgə yaşadıqları dövrdə onun adına rəsmiləşdirilib. Lakin İsmayılovlar mülki Yekatrinadan soruşmadan satışa çıxarıblar. Nəinki bu malikanə, onunla yanaşı tikilmiş iki ev (biri qonaqlar, o biri nökər-naiblər üçün) də Yekatrinanın adınadır. Həmin evdə onun iki uşağı-13 yaşlı qızı Ruslana və 7 yaşlı oğlu David qeydiyyatdadır. Evlərin onun mülkiyyəti olduğu haqda sənəd isə Yekatrinada yoxdur.
“Mühafizəçidən öyrəndim ki, qulluqçular üçün tikilmiş evi artıq satıblar, orada hakim yaşayır. Evi böyüdüblər, hasarlayıblar. Onu mənim icazəm olmadan necə satıblar, anlamıram”-Yekatrina deyir.
Yekatrina Sərxanla hər ikisinin cəmi 18 yaşı olanda tanış olublar. Sərxan sevgilisini ailəsinə Fransada, Lacivərdi sahillərdə təqdim edib. Deyir ki, Sərxanın anası onu xoşlamırdı, çünki istəmirdi ki, oğlu rus qızla evlənsin. Qadın Sərxanla yaşadığı illərdən bir neçə foto göstərir. Belə fotolardan birində o, İsmayılovların dəbdəbəli malikanəsindədir. Pəncərələri italyan dizaynerlərinin şəxsi sifarişlə tikdiyi 200 min dollarlıq pərdələr bəzəyir. Qədim fransız mebeli, qızıl suyuna çəkilmiş mərmər sütunlar...
“Biz öz rahatlığımızı yaratmışdıq. Fikirləşirdik ki, bu evdə uzun müddət yaşayacağıq. Və əlbətdə, uşaqlarla birlikdə evi tərk edəndə inanmırdıq ki, bu həmişəlik olacaq”-qadın kədərlə bildirir.
Yekatrina indi uşaqlarının yaşaması üçün həmin evi geri almağa çalışır. Lakin Sərxanla əlaqə saxlaya bilmir. Onun əvvəlki nömrəsi işləmir, dostları ilə əlaqəsi də yoxdur. “Dörd ildə bir dəfə də olsun zəng vurub maraqlanmayıb ki, uşaqları necədir. Bir dəfə də onları ad günlərində təbrik etməyib...Hansı ki, uşaqları onu necə sevirdi...Mən başa düşmürəm niyə belə oldu...”-Yekatrina danışır.
Yekatrina İsmayılovların malikanəsində üç il yaşayıb. Sərxan onunla mülki nigahda yaşadığı müddətdə rəsmən evlənib, boşanıb, üstəlik yeni münasibət də yaradıb. Həmin münasibətdən daha bir oğlu dünyaya gəlib. Lakin Yekatrina deyir ki, o, Sərxanın əsl sevgisi və həyatındakı əsas qadın idi.
“Biz Sərxanla həm də dost idik. Hətta onu azərbaycanlı qızla evlənməyə məcbur edəndə toy günü mənə dedi: “Sən həmişə mənimlə olacaqsan”. Dörd il əvvəl isə hər şey bitdi. Atasının problemləri başladı. Bundan sonra Sərxan tez-tez məni döyürdü. Bir dəfə o, az qala məni maşında boğub öldürəcəkdi, təsadüfən yoldan keçənlər xilas etdi”-qadın danışır.
Problemlər başlayandan sonra Sərxan Yekatrinanı uşaqları ilə birlikdə kirayə mənzildə yerləşdirib. Sonra uşaqları ondan icazəsiz qaçırıb və bir neçə ay hansısa mənzildə dayənin himayəsinə verib. Daha sonra uşaqları anasına qaytarmağı qərara alıb.
Sərxan bir müddət sonra Yekatrina ilə əlaqəni tamam kəsib, qadın kirayə qaldığı mənzili tərk edib rəfiqələrinin köməyi ilə monastıra yerləşib. İndi monastırın bufetində ayda 15 min rubl maaşa işləyir...
996 dəfə oxundu