Azərbaycanlı ekspertlər üçtərəfli Tehran görüşünü yüksək qiymətləndirir - SORĞU
“Azərbaycan, Rusiya və İran prezidentlərinin noyabrın 1-də Tehranda keçirilən üçtərəfli görüşü regionun gələcək inkişafı və təhlükəsizlik məsələlərinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır”.
Bunu APA-ya açıqlamasında millət vəkili, Yeni Azərbaycan qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
H. Babaoğlu bildirib ki, diplomatiyada üçtərəfli format kimi qiymətləndirilən yeni format ideyası Azərbaycana məxsusdur və Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatından sonra Azərbaycan-Rusiya-İran formatı ikinci belə əməkdaşlıq və tərəfdaşlıq formatıdır: “Bu format çərçivəsində İranda baş tutan zirvə görüşü də Bakı zirvəsindən sonra ikinci belə görüş idi. Artıq biz bilirik ki, tərəflərin razılığına əsasən üçüncü belə görüş Rusiya prezidentinin təşəbbüsü ilə gələn il Rusiyada baş tutacaq. Tərəflər arasında belə görüşləri vacib edən çoxsaylı səbəblər var. Bunlardan birincisi bu tipli görüşlərdə hər üç ölkənin milli maraqlarına uyğun olan məsələlərin müzakirə və eyni zamanda koordinasiya edilməsidir ki, bu, olduqca vacib məqamdır. İkincisi, hazırda beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb siyasi - iqtisadi proseslər regionumuza ciddi şəkildə təsir göstərir ki, belə təsirlərdən qorunmağın ən effektiv yolu birgə fəaliyyət nəticəsində mümkündür. Çünki qlobal təsirlərdən və təhdidlərdən bir ölkənin təkbaşına qorunması indiki şəraitdə olduqca çətindir”.
Millət vəkili üç ölkənin prezidentlərinin görüşlərində qarşılıqlı inteqrasiya, yeni nəqliyyat dəhlizinin yaradılması, Xəzər akvatoriyasında təhlükəsizlik, regionun enerji təhlükəsizliyi kimi məsələlərlə yanaşı, bütövlükdə regional təhlükəsizlik məsələlərinin də müzakirə predmeti olduğunu nəzərə çatdırıb: “Azərbaycan üçün ən önəmli məsələlərdən biri, ya də elə birincisi görüşdə Qarabağ probleminin həlli ilə bağlı fikir mübadiləsinin aparılması və ən əsası isə bu məsələnin yekun bəyannamədə öz əksini tapması idi. Bəyanatda deyilir ki, Dağlıq Qarabağ probleminin həll edilməmiş qalması regional inteqrasiyaya maneədir. Bəyanatda həm də problemin bu günə qədər qəbul edilmiş qərarlar əsasında həll edilməsinin vacibliyi vurğulanır. Bu, olduqca əhəmiyyətli detaldır. Çünki qərar deyəndə ilk növbədə BMT Təhlükəsizlik Şurasının problemin həlli ilə bağlı qəbul etdiyi qətnamələr nəzərdə tutulur ki, bu da erməni işğalçı qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını nəzərdə tutur. Bundan başqa, görüşdə çoxsaylı iqtisadi, nəqliyyat, kommunikasiya, ticarət, terrorizmlə mübarizə, Xəzər dənizində narkotik vasitələrin daşınmasının qarşısının alınması, hər üç ölkənin enerji xətlərinin birləşdirilməsi və paralel fəaliyyəti kim olduqca mühüm məsələlər müzakirə edilib. Bütün bunlar tərəflərə böyük iqtisadi və siyasi dividentlər vəd edir”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu APA-ya açıqlamasında bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından iki gün sonra Azərbaycan, Rusiya və İran prezidentləri Tehranda bir araya gəliblər: “Azərbaycan prezidenti İlham Əliyev zirvə toplantısında Ermənistanın Azərbaycana qarşı ərazi iddiasından və işğaldan danışdı, Azərbaycanın status-kvo ilə barışmayacağını bildirdi. Dövlət başçısı iranlı həmkarı Həsən Ruhani ilə görüşdə də işğala diqqəti çəkdi. Bu fikirlərin hər dəfə Tehranın və Moskvanın diqqətinə çatdırılmasına ehtiyac var. Çünki Rusiya və İran Ermənistanla əməkdaşlıq edir və bu ölkənin də regional layihələrdə iştirakının tərəfdarıdırlar. Ancaq rəsmi Bakı hər zaman Moskvaya və Tehrana xatırlatmaq məcburiyyətindədir ki, Azərbaycan torpaqları boşaldılmayana qədər Bakı Ermənistanın regional layihələrdə iştirakına icazə verməyək. Maraqlıdır ki, Tehran və Moskva Bakının bu arqumentinin əleyhinə çıxmır. Elə prezidentlərin Tehranda toplaşmalarının əsas məqsədi də o idi ki, Azərbaycandan keçən şimal-cənub dəmir yolunun tikintisinin mövcud vəziyyətini müzakirə etsinlər”.
E. Şahinoğlu Rusiya və Azərbaycan ərazisində dəmir yollarının işlək vəziyyətdə olduğunu xatırladıb: “Azərbaycanla İranı birləşdirən dəmiryolu da inşa edilib. İndi əsas məsələ İran daxilində dəmiryolunun tikintisini sürətləndirməkdir. Azərbaycan İran ərazisindəki Astara-Rəşt dəmiryolunun tikintisi üçün qonşu dövlətə 500 milyon dollar kredit ayırıb. Bundan başqa, 3 ölkəni başqa layihələr də birləşdirir. Bu, Rusiya, Azərbaycan və İran arasında enerji xətlərinin birləşdirilməsi və avtomobil yolunun inşasının tamamlanmasıdır. Bakı-Tbilisi-Qars və şimal-cənub layihələri Azərbaycanın bölgədəki iqtisadi və siyasi çəkisini artıracaq. Bu layihələr işğalçı Ermənistanın təcridini daha da gücləndirəcək. Bu faktor da Azərbaycan üçün az əhəmiyyətli deyil. Ermənistan çox çalışdı ki, mehriban münasibətlərdə olduğu Tehran və Moskva dəmir yolunu Ermənistandan uzatsınlar. Alınmadı. Çünki Ermənistan ərazisindəki dağ yollarında dəmir yolu çəkmək üçün milyardlar lazım idi. Rusiyanın və İranın nə qədər Ermənistanla münasibətləri yaxşı olsa da, hər iki dövlət reallıqdan çıxış edərək Azərbaycan marşrutuna üstünlük verdilər. Ermənistandan fərqli olaraq Azərbaycan tikinti üçün heç kimdən maliyyə istəmədi, tam tərsinə, Gürcüstana və İrana kreditlər verdi ki, dəmir yollarının tikintisi sürətləndirilsin. Əlbəttə, ilkin illərdə bu layihələrdən gəlir gözlənildiyi qədər böyük olmayacaq. Ancaq hər iki layihənin geosiyasi əhəmiyyəti böyükdür. Zamanla dəmiryolları tam gücüylə işlədikdə bunun geosiyasi təsiri daha çox hiss ediləcək. Erməni şərhçilərin əksəriyyəti Bakı-Tbilisi-Qars dəmir yolunun işə başlamasını və Tehranda 3 dövlət başçısının şimal-cənub xəttinin işə salınmasının müzakirəsiylə bağlı görüşünü faktiki Ermənistanın məğlubiyyəti kimi dəyərləndirdilər. Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması qonşu ölkə ətrafındakı mühasirəni gücləndirir və İrəvanı bütün qazanclardan məhrum edir. Bir erməni müəllif yazıb ki, müharibə əbədi deyil və bir gün Ermənistan da regional layihələrə qoşulacaq. Yaxşı istəkdir, ancaq bunun reallaşması üçün əsas şərt Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarını boşaltmasıdır. İrəvan hələ ki, bunu yerinə yetirməyə hazır deyil. Deməli, Ermənistan regional layihələrə qoşula bilməyəcək və getdikcə kasıblaşacaq”.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə APA-ya açıqlamasında deyib ki, üçtərəfli görüşdə ölkələr arasında iqtisadi əməkdaşlıq, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı məsələlər geniş müzakirə olunub: “Eyni zamanda Azərbaycan prezidenti görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıb. Qarabağ probleminin görüşün yekun bəyannaməsində öz əksini tapması da önəmlidir. Azərbaycan prezidenti iranlı həmkarı ilə görüşdə də Dağlıq Qarabağ münaqişəsinə diqqət ayırıb”.
V. Rəhimzadə bu üçtərəfli formatın qonşu ölkələr arasında iqtisadi əlaqələrin inkişafı, qarşılıqlı sərmayə qoyuluşlarının artmasında, ölkəmizdə yeni müəssisələrin açılmasında mühüm rol oynayacağını qeyd edib: “Azərbaycan, Rusiya və İran prezidentlərinin yekun bəyanatlarında bu üç ölkənin neft-qaz sektorunda əməkdaşlığı, enerji şəbəkələrinin birləşdirilməsi və digər məsələlər də əksini tapıb. Bu, çox uğurlu bir formatdır. Tehran görüşü də bir daha bu formatın uğurlu olduğunu təsdiqlədi”.
921 dəfə oxundu