İlham Əliyevin islahatları Xəzərdə yüklərin istiqamətini dəyişdi
Rusiyanın Xəzərdəki dəniz limanları üzərindən yükdaşımalar bu ilin yanvar-oktyabr ayları ərzində kəskin azalıb. Virtualaz.org xəbər verir ki, bu məlumatı Rusiyanın dəniz limanları Assosiasiyası açıqlayıb. Məlumata görə Rusiya dəniz limanları üzərindən yükdaşımaların ümumi artımına baxmayaraq Xəzər hövzəsindəki limanlardan yükdaşımalar cəmi 3.1 milyon ton təşkil edib.
Bu, ötən ilki yükdaşıma həcmindən 35.3 faiz azdır. Azalmanın 2.2 milyon tonu quru yüklərin payına düşüb. Ötən ilin həmin dövrü ilə müqayisədə Rusiyanın Xəzər hövzəsindəki limanlarından quru yüklərin daşınması 9.8 faiz azalıb. Maye yüklərdə azalma 0.9 milyon ton, yaxud 61.4 faiz təşkil edib. Ən çox azalma dinamikası Mahaçqala limanında qeydə alınıb-58.3 faiz. Həştərxanda isə azalma 9.1 faiz təşkil edib.
Ekspertlərə görə bu azalmanın əsas səbəbi yüklərin Rusiyanı Xəzərdəki limanlaından Azərbaycan limanlarına axınıdır. Bunu statistika da təsdiq edir. Dövlət Statistika Komitəsinin məlumatına görə bu ilin birinci yarısında Azərbaycanın dəniz nəqliyyatı ilə yükdaşımalar 50 faizə qədər artıb. Dəniz limanlarından daşınan yüklərin həcmi isə yanvar-iyul aylarında 38.3 faiz artaraq 6 milyon 88 min tona çatıb.
Bəs yüklərin Rusiya limanlarından Azərbaycan limanlarına meyllənməsinin səbəbi nədir? Virtualaz.org qeyd edir ki, bu, Azərbaycanda prezident İlham Əliyevin qeyri-neft iqtisadiyyatının inkişaf istiqamətlərdən biri kimi ölkənin tranzit potensialından istifadənin genişləndirilməsinə yönəlmiş islahatlarla birbaşa əlaqəlidir. Belə ki, 2016-cı ildən etibarən Azərbaycanın Xəzərdəki əsas yük limanı olan Ələt limanı üzərindən tranzit yüklərin daşınması xeyli liberallaşdırıldı. Limanda tranzit yüklərin gömrük və digər proseduralardan keçirilməsini sürətləndirmək üçün ən qabaqcıl metodlar tətbiq edildi. O cümlədən çevik tarif siyasəti tətbiq edildi, liman infrastrukturu modernləşdirildi. Nəticədə quru yüklərin Xəzərdən keçməklə Azərbaycan üzərindən daşınması asanlaşdı.
Habelə Qazaxıstan neftinin Bakı-Tiflis-Ceyhan kəməri ilə nəqli artıb, eləcə də Mahaçqala limanında baş alıb gedən neft oğurluğu, neftin su ilə qarışdırılaraq Mahaçqala-Novorossiysk kəmərinə vurulması praktikasının davam etməsi Rusiyanın Xəzərdə hasilatla məşğul olan şirkətlərini də neftin daşınması üçün Bakıya üz tutmağa məcbur edib.
Gözlənilir ki, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin tam başa çatdırılmasından sonra yükdaşımaların həcmi daha da artacaq. Buna yeni istifadəyə verilən Bakı-Tiflis-Qars dəmir yol dəhlizi də imkan yaradır. Beynəlxalq yüklərin hansı dəhlizlə daşınması məsələsində ciddi rəqabət var və belə görünür ki, Azərbaycanın həyata keçirdiyi islahatlar artıq Xəzərdə bu rəqabətdə irəli çıxmağa imkan verib. Yüklər Rusiya limanlarından üz döndərib Azərbaycan limanlarına doğru istiqamət alır...
888 dəfə oxundu