Yasamalda bir qrup sakinin etirazı: “Binamızın həyətini satıblar, obyekt tikilir...”

Yasamalda bir qrup sakinin etirazı:

Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, vaxtilə AzTV-nin işçiləri üçün inşa edilmiş 1 saylı yaşayış binasının həyətində yerləşən, sakinlər tərəfindən təxminən 20 il əvvəl salınan yaşıllıq sahəsi məhv edilib. Sakinlərin illərdir əkib becərdiyi 30-a yaxın ağacı kəsərək yerində hansısa kommersiya daşınmaz obyekti tikirlər. Hələlik yalnız 3 mərtəbəsi inşa olunan tikili binanın sakinlərini narazı salıb. Onlar deyirlər ki, yaşıllıq sahəsinin məhv edilməsi bir yana, yeni tikili həyətdə tərpənməyə yer qoymayacaq. Çünki əvvəllər də binanın həyəti ayrı-ayrı şəxslərə satılıb, orada iaşə obyektləri tikilib və sakinlərin rahatlığını pozub.

Bu şikayətlə virtualaz.org-a həmin ünvanda yaşayan sakinlər müraciət ediblər. Onların sözlərinə görə, 127 mənzilli, 500 nəfərin yaşadığı binanın həyəti mərhələlərlə satılaraq kababxana, pivəxana, kafe tikilib. Təxminən 20 gün öncə isə sakinlər qəfildən həyəti qazmağa başlayan traktor və buldozerləri görüblər.

Yasamalda bir qrup sakinin etirazı:


“Bizim yaşadığımız bina 1990-cı ildə təhvil verilib. Layihə üzrə 30 metrlik ərzaq mağazası və binanın yola tərəf hissəsində yaşıllıq massivi nəzərdə tutulmuşdu. Lakin İTV-nin keçmiş prezidenti İsmayıl Ömərovun qohumları olduqları deyilən şəxslər layihəni bizim razılığımız olmadan öz xeyirlərinə dəyişiblər. Burada kababxana, pivəxana, kafe və digər obyektlər tikib icarəyə veriblər. Bu azmış kimi, 20 gün əvvəl illərdir sakinlərin birləşərək əkdikləri çoxillik meyvə ağaclarını qırıb məhv ediblər. Həyətimizdə, düz pəncərəmizin qabağında restoran tikirlər. Nəfəs ala bilmirik, evimizə hava, işıq gələn yer tutulub. Binada astma xəstəliyi, ürək xəstəliyi olanlar var, onların işi necə olacaq?”- deyə şikayətçi Sabir Kərimov sual edir.

Şikayətçilər bildirirlər ki, hazırda həmin ərazidə tikinti işlərini aparan Arif Mustafayev adlı şəxsdir. Lakin indiyə qədər onu həmin ərazidə görən olmayıb. Sakinlər narazılıqlarını tikintiyə rəhbərlik edən iş icraçısına bildiriblər. O isə, tikinti ilə bağlı bütün sənədlərin qaydasında olduğunu, BŞİH tərəfindən burada obyekt tikintisinə icazə verildiyini desə də, heç bir sənəd göstərməyib.

Yasamalda bir qrup sakinin etirazı:
Yasamalda bir qrup sakinin etirazı:


Sakinlərin sözlərinə görə, dəfələrlə Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, orada da sakinlərə tikintinin qanuni olduğunu, Bakı .əhər İcra Hakimiyyətinin sərəncamı əsasında aparıldığını bildiriblər. Bakı şəhər İcra Hakimiyyətində də sakinlərə obyekt tikintisinə icazə verildiyini deyiblər. “Bizə açıq dedilər ki, adam pulunu verib sənədini alıb, nə istəyirsiniz?”-şikayətçi deyir.

“Xahiş edirik, bizə kömək edin, bu tikinti dayandırılsın. Heç olmasa, qalan ağacları qırmasınlar. Axı binanın həyətində, 100-150 kv metr ərazi obyekt yeri deyil. Bizim konstitusion hüquqlarımız pozulur. Astma, ürək-damar xəstəliyindən əziyyət çəkən insanlar var, onlara bir şey olsa, bütün məsuliyyəti bu işə rəvac verən məmurların boynunda qalacaq”, - deyə sakinlər bildirirlər.

Şikayətlə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə zəng etsək də, bütün şöbələr sualımızı cavablandırmaq üçün bir-birinə ötürdü. Məlum oldu ki, bu şikayəti nə ictimaiyyətlə əlaqələr şöbəsi, nə ictimai-siyasi və humanitar məsələlər şöbəsi, nə də təsərrüfat şöbəsi araşdırır. Sonuncudan bizə memarlıq şöbəsi ilə əlaqə saxlamağı məsləhət gördülər. Amma oradan da cavab ala bilmədik.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə həmin ünvanda hər hansı ağac kəsmə faktının olmadığını bildirdilər. Nazirliyin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, nazirlik əməkdaşlarının apardığı araşdırma nəticəsində göstərilən ünvanda 1 söyüd ağacının tikintiyə mane olan budağının qanunsuz kəsildiyi məlum olub. Və buna görə də obyektin sahibi cərimələnib.

“Həmin tikinti aparılan ərazidə heç bir ağac kəsilməyib. Nazirliyin əməkdaşlarının apardığı araşdırma nəticəsində məlum olub ki, orada ağac olmayıb və avtodayanacaq kimi istifadə olunub. Sonradan BŞİH sərəncamı ilə obyekt tikintisinə icazə verilib. Tikintiyə mane olduğuna görə bir söyüd ağacının budağı kəsilib ki, ona görə sahibkar cərimələnib”, - deyə məlumatda bildirilir.

Gülnar Əliyeva



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 292 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...