Mülkiyyət hüququnda inqilabi dəyişiklik - YENİ BİNALARDA MƏNZİL ALANLARA ŞAD XƏBƏR
İqtisadçı-ekspert Əkrəm Həsənov Mülki Məcəlləyə edilmiş son dəyişiklikləri şərh edib.
BakuPost xəbər verir ki, ekspert məcəllədəki yenilikləri mülkiyyət hüququndakı inqilab kimi dəyərləndirib. O bildirib ki, Azərbaycanda mənzil mülkiyyətçilərinin hüququ bundan sonra tam təmin olunacaq: "Dünən Mülki Məcəlləyə böyük əhəmiyyətə malik olan dəyişikliklər dərc edildi. Tikintisi başa çatmayan binalar, yəni tikintisinə icazə alınmış, lakin istismarına icazə verilməmiş binalardakı mənzillərə və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququna dair. Məlum olduğu kimi bu sahədə 2 əsas problem mövcuddur. Birincisi, tikinti şirkətləri mənzilləri eyni zamanda bir neçə nəfərə satırdı, İkincisi isə tikinti şirkətləri mənzillərə görə ödənişi alır, amma tikintini başa çatdırmır, yaxud proses çox uzanırdı. Məcəlləyə edilən dəyişikliklər bu problemlərə son qoyacaq”.
Əkrəm Həsənov qanundakı dəyişikliklərin aşağıdakı məsələlərə müsbət təsir edəcəyini sadalayıb:
1. Belə ki, əvvəla, tikintisi başa çatdırılmayan mənzillərə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qabaqcadan dövlət qeydiyyatına alınacaq ("kupça”, yəni çıxarış veriləcək). Özü də yalnız mənzilə yox. Binanın altındakı torpaq sahəsi də mənzil mülkiyyətçilərinin ümumi paylı mülkiyyəti hesab olunacaq. Beləliklə də bir mənzili bir neçə şəxsə satmaq artıq mümkün olmayacaq. Torpaq da mənzil mülkiyyətçilərinə məxsus olduğu üçün tikinti şirkəti işini görməsə, onu başqası ilə əvəz etmək mümkün olacaq.
2. Tikinti şirkəti mənzil mülkiyyətçilərinin podratçısı (işçisi) hesab olunacaq. Yəni onun işi sırf binanı tikib, təhvil verməkdən ibarət olacaq. Özü də pulunu da qabaqcadan tam ala bilməyəcək, hissə-hissə almalıdır. Qanuna əsasən müqavilədə ayrı mərhələ və hissələr nəzərdə tutulmayıbsa, alış qiymətinin (muzdun) ödənilməsi tikintinin mərhələləri üzrə hissələrlə aşağıda göstərilən faizlərdən çox olmamaq şərti ilə aparıla bilər:
- torpaq-qazma işlərinin başlanılmasından sonra - müqavilə məbləğinin 30 faizi;
- tikilinin yan və daxili divarları, dam örtüyü hazır olduqdan sonra - müqavilə məbləğinin 10 faizi;
- dam səthlərinin və navalçaların (novların) qurulması işləri başa çatdıqdan sonra - müqavilə məbləğinin 8 faizi;
- istilik təchizatı sistemlərinin quraşdırılması başa çatdıqdan sonra - müqavilə məbləğinin 3 faizi;
- su xətlərinin çəkilməsi başa çatdıqdan sonra - müqavilə məbləğinin 3 faizi;
- elektrik xətlərinin çəkilməsi başa çatdıqdan sonra - müqavilə məbləğinin 3 faizi;
- pəncərələrin quraşdırılması (şüşələrin taxılması da daxil olmaqla) başa çatdıqdan sonra - müqavilə məbləğinin 10 faizi;
- daxili suvaq (malalama) işləri başa çatdıqdan sonra - müqavilə məbləğinin 6 faizi;
- birdən artıq tərkib hissəsi olan binada birdən artıq tərkib hissəyə xidmət edən sahələrin döşəmələri hazır olduqdan sonra - müqavilə məbləğinin 3 faizi;
- fasad işləri başa çatdıqdan sonra - müqavilə məbləğinin 10 faizi;
- su anbarı da daxil olmaqla, binaya xidmət edən və binadan ayrıca inşa edilən obyektlərin tikintisi başa çatdıqdan sonra - müqavilə məbləğinin 9 faizi;
- bina tam hazır olduqdan və onun istismarına icazə verildikdən sonra – müqavilə məbləğinin 5 faizi.
Ekspert deyib ki, bundan sonra tikinti şirkəti sahibləri əhalidən pulu yığıb yoxa çıxa bilməyəcək: "Dəyişikliklər əsasən bu il iyulun 1-dən qüvvəyə minəcək. Beləliklə də Azərbaycanda nəhayət ki, bu problemlər həll olunacaq və insanlarımız əminliklə yeni binalarda mənzil ala biləcək. Eyni zamanda bütün inkişaf etmiş ölkələrdə olduğu kimi bizdə də yavaş-yavaş "vahid daşınmaz əmlak” institutu formalaşacaq. Yəni daşınmaz əmlak ilk növbədə torpaqdır, üstündəki isə onun tərkib hissəsidir".
1 006 dəfə oxundu