"Ailə üzvlərimi öldürəcəyini dedi"- müğənnilərə vəsiqə verən baş redaktorun işi

"Ailə üzvlərimi öldürəcəyini dedi"-

Dələduzluqda və rüşvət verməkdə ittiham olunan “Zaman-Press” qəzetinin baş redaktoru Gündüz Hüseynov hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində G.Hüseynovun cinayət işi üzrə məhkəmə iclasına hakim Eldar İsmayılov sədrlik edib.

Məhkəmədə Gündüz Hüseynov vəsatətlə çıxış edib. O, əlavə şahidlərin məhkəməyə gətirilməsini istəyib. G.Hüseynov vəsatətində göstərib ki, Aslan Ağayev və Emin Poladov məhkəməyə çağırılaraq dindirilməlidir. O söyləyib ki, zərərçəkmişlərdən aldığı pulları Aslan Ağayevə verib. Amma Aslan Ağayev onu silahla hədələyərək bu barədə kiməsə məlumat verməməsini tələb edib.

"Mənim ailə üzvlərimi öldürəcəyini dedi. Polisə məlumat verməməyimi bildirdi. Mən də bundan qorxdum. Məhkəmə Aslan Ağayevi gətirib dindirməlidir və o, cinayət məsuliyyətinə cəlb edilməlidir",- deyə G.Hüseynov vəsatətində göstərib. Hakim bildirib ki, adı çəkilənlərdən Emin Poladov məhkəmədə şahid qismində dindirilib.

G.Hüseynova sual verilib ki, niyə istintaq zamanı Aslan Ağayev barəsində danışmayıb, pulları ona verdiyini deməyib.

Təqsirləndirilən şəxs söyləyib ki, istintaq zamanı müstəntiqin tələb etdiyi bütün sənədlərə imza çəkib. O, iddia edib ki, ailəsinə kömək edilməsi qarşılığında buna razılıq verib. Hakim bildirib ki, şahid Aslan Ağayev barəsində məlumatlar natamamdır. Çünki G.Hüdeynov məhkəməyə yalnız Aslan Ağayevin mobil telefonunu təqdim edib. Bununla şahidin tapılması mümkün olmaya bilər. Məhkəmə G.Hüseynova son dəfə vaxt verib ki, əlavə şahid kimi dindirilmsini istədiyi Aslan Ağayev barəsində məhkəməyə tam məlumat versin.

Məhkəmə prosesi aprelin 10-da davam edəcək. İttihama görə, Gündüz Hüseynov öz işçilərinə qarşı dələduzluq edib. O, 200 min manatdan artıq pulu dələduzluqla almaqda ittiham olunur.

Gündüz Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək), 32.4, 312.2-ci (iştirakçılıq, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham edilir. Bildirək ki, “Zaman-Press” qəzeti Mətbuat Şurasının reket qəzetlər siyahısına salınıb.

Gündüz Hüseynov ayrı-ayrı şəxslərə qəzetin vəsiqəsini verib. Həmin şəxslərə jurnalistlər üçün tikilən binadan ev almasına kömək edəcəyini deyib. O, zərərçəkmişlərə vəsiqələr verərək adlarından qəzetdə yazılar çap etdirirmiş. Onun jurnalist vəsiqəsi vetdiyi şəxslər arasında taksi sürücüsü, maşın ustası və toy məclislərində müğənni kimi iştirak edən şəxslər də var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
805 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...