İlham Əliyev və xanımı "Formula 1"in qaliblərini mükafatlandırdılar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisinin qaliblərini mükafatlandırıblar.
Gundeminfo-nun Trend-ə istinadən məlumatına görə, həmçinin mükafatlandırma mərasimində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Avtomobil Federasiyasının rəhbəri Anar Ələkbərov iştirak ediblər.
Bakı trasında birinci yeri Lyuis Hemilton ("Mercedes") tutub. "Ferrari" pilotu Kimi Raykonnen ikinci, "Force İndia" komandasının təmsilçisi Serxio Peres isə üçüncü olub.
Qeyd edək ki, Bakı trekinin uzunluğu 6 kilometr, ümumi məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə aprelin 27-də start verilib. Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib.
Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən Formula 1 Avropa Qran Prisinin qalibi "Mercedes"in almaniyalı pilotu Niko Rosberq olub. Ötən il isə Formula 1 Azərbaycan Qran-Prisi "Red Bull Racing" komandasının avstraliyalı sürücüsü Daniel Rikkiardonun qələbəsi ilə başa çatıb.
857 dəfə oxundu