Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə yeni namizəd Bakıda kimləri tutmuşdu...

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə yeni namizəd Bakıda kimləri tutmuşdu...

Ötən gün ABŞ Senatında Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə namizəd irəli sürülmüş Cin Haspelin namizədliyinə dair gərgin dinləmələr keçirilib. Virtualaz.org xəbər verir ki, senatorlar Cin Haspeli əvvəllər Mərkəzi Kəşfiyyat İdarəsinin gizli həbsxanalarında “Əl-Qaidə” terrorçularının dindirilməsi zamanı suda boğma üsulundan istifadə etdiyinə görə bərk sıxışdırıblar. Habelə onu həmin dindirmələrin videoyazılarını məhv etməkdə günahlandırıblar.

Cin Haspel dinləmələr zamanı dəfələrlə bildirib ki, Mərkəzi Kəşfiyyat İdarəsini direktoru vəzifəsinə təsdiqlənərsə heç vaxt bu cür sərt dindirmə praktikasından istifadə etməyəcək. Hətta buna formal olaraq qanunla icazə verilsə belə.

Cin Haspel işgəncə kimi qiymətləndirilən sudaboğma imitasiyasından 2001-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin Tailanddakı rezidenti işləyərkən istifadə edib. 2004-cü ildə Mərkəzi Kəşfiyyat İdarəsinin”Əl-Qaidə”çilərə qarşı işgəncə taktikasından istifadə etdiyi haqda faktlar üzə çıxanda Cin Haspel və onun bossu Xose Rodriqes də qalmaqalın mərkəzində yer alırdı. Bu qalmaqal bir neçə il davam edib, nəhayət Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini onun hərəkətlərinə haqq qazandırıb və Haspel idarədə işləməkdə davam edib.

Prezident Donald Tramp Haspelin namizədliyini irəli sürəndə məhz bu fakt onun yolunda əsas maneə hesab edilirdi. Haspel MKİ-nin imicinə zərbə vurmamaq üçün namizədliyinin Senata təqdim edilməsinə razı olmayıb. Tramp və müşavirləri onu iki gün dilə tutub, nəhayət Haspel MKİ direktoru olmağa razılaşıb.

Senatda dinləmələr zamanı Haspelin bioqrafiyasından indiyədək məxfi olan detallar da açıqlanıb. Hərçənd həmin məxfi detalların bir qismi, o cümlədən Haspelin Bakıda Mərkəzi Kəşfiyyat İdarəsinin rezidenti olması daha əvvəl mətbuatda yayılmışdı.

Cin Haspel rus və türk dillərini əla bilir. O, təsdiqlənərsə MKİ-nin rus dilini mükəmməl bilən ilk direktoru olacaq.

Haspel Rusiyada başqa ad altında işləyib. Bakıda isə 90-cı illərin ortalarından MKİ-nin rezidenturasına başçılıq edib. O, 1998-ci ildə ABŞ-ın Keniya və Tanzaniyadakı səfirliklərinə terror hücumu həyata keçirən yüksək rütbəli “Əl-Qaidə” terrorçularının Bakıda yaxalanması əməliyyatında iştirak edənlərdən biridir.

2001-ci ildə Haspel MKİ-nin baş qərargahında işə keçib, onun yeni vəzifədə işə çıxdığı gün dəhşətli 11 sentyabr terror hücumları baş vermişdi.

MKİ-nin İsrailin kəşfiyyat xidməti “Mossad”la birlikdə Bakıda 20 il əvvəl keçirdiyi uğurlu əməliyyat barədə indiyədək Qərb mənbələrində dəfələrlə yazılmışdı. Lakin həmin əməliyyata MKİ-dən kimin rəhbərlik etdiyi təbii ki, açıqlanmırdı.

Virtualaz.org xatırladır ki, 1998-ci ildə “Mossad” “Əl-Qaidə”nin o vaxt ikinci adamı olan Ayman əs-Zəvahirinin (hazırda bu terror təşkilatının rəhbəridir) yüksək rütbəli üç adamının Əfqanıstan üzərindən Bakıya gəldiyi haqda kəşfiyyat məlumatı əldə edib. Onların arasında əs-Zəvahirinin sağ əli hesab olunan misirli Ahmed Salam Mabruk da yer alırdı. “Mossad”ın o vaxt Bakıda rezidenturası olmadığından İsrail kəşfiyyatı kömək üçün MKİ-yə müraciət edib. Nəticədə əməliyyat qrupu formalaşdırılıb, İsrail agentləri Amerika agentləri adı altında həmin qrupa daxil olub və Azərbaycana yollanıb. Burada Azərbaycan xüsusi xidmət orqanları ilə birlikdə terrorçular “Apşeron” otelində yatdıqları yerdə yaxalanıblar.

Həmin əməliyyatın iştirakçılarından biri, “Mossad”ın xaricdə məxfi əməliyyatlar üzrə keçmiş zabiti Maykl Ross iki il əvvəl bunları demişdi: “Bəli, mən bu iş üzərində (ABŞ-ın Keniya və Tanzaniyadakı səfirliklərinə hücum) Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları ilə birlikdə işləmişəm. Biz bu terror aktında iştirak edənlərdən üçünü müəyyən edə bildik. Bizim təsbit etdiyimiz həmin üç şəxs Misirin o vaxt yeni baş qaldıran cihad hərəkatının liderləri idi. Biz informasiya aldıq ki, həmin şəxslər Azərbaycanda gizlənir və onların Bakıda yaxalanması üçün Mərkəzi Kəşfiyyat İdarəsindən olan uşaqlarla birlikdə Bakıya yollandıq...”

Cin Haspelin iştirak etdiyi əməliyyatla Bakıda tutulan Ahmed Salam Mabruk Misirə ekstradisiya edilmişdi və orada terrorçuluğa görə məhkum olunmuşdu. 2011-ci ildə Hüsnü Mübarəkin devrilməsi zamanı o həbsxanadan buraxılıb və cihadı davam etdirməyə başlayıb. İki il əvvəl isə Suriyada “Əl-Nüsra” cəbhəsinin ideoloji liderlərindən biri kimi üzə çıxmışdı...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 022 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...